Saytımızı qiymətləndirin


 
 

Aeroportlarda VİP salonlarından istifadə qaydaları açıqlanıb
Tarix: 02-11-2021 | Saat: 12:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aeroportlarda VİP salonlarından istifadə qaydaları açıqlanıb


Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydası müəyyənləşib.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydaya əsasən, VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin bu salonlarda qarşılanması və yola salınması üzrə yüksək səviyyədə xüsusi xidmətin göstərilməsinə dair işlərin təşkili və fasiləsiz fəaliyyəti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin ediləcək.
Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonunda bu Qaydada qeyd olunmuş xidmətlər Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin ediləcək.
VİP salonlarında təhlükəsizliyin təmin edilməsi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.
“Naxçıvan” Beynəlxalq Hava Limanının VİP salonunda təhlükəsizliyin təmin edilməsi “Naxçıvan” Beynəlxalq Hava Limanı, Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.
VİP salonlarında göstərilən xidmətlərin keyfiyyətinə və VİP salonlarından istifadə qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir. VİP salonlarında ödənişsiz əsaslarla xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ayrılmış vəsait hesabına həyata keçirilir.

VİP salonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda və “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nda nəzərdə tutulmuş şəxslərə, habelə bu Qaydalarda nəzərdə tutulmuş digər şəxslərə xidmət göstərilir. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin əl yükü və baqajı, həmçinin onları yola salan (qarşılayan) şəxslər ümumi qaydada baxışdan keçirilirlər. Siyahılara daxil olan şəxslərlə birlikdə səfər edən ailə üzvlərinə də VİP salonlarında xidmət göstərilir. “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”na daxil olan şəxslərə və onlarla birlikdə səfər edən ailə üzvlərinə VİP salonlarında xidmət ödənişsiz əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin, Azərbaycan Respublikası vitse-prezidentlərinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və onun müavinlərinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası xarici işlər nazirinin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin dəvəti ilə xarici dövlətlərdən Azərbaycan Respublikasına gələn nümayəndə heyətlərinin gediş-gəliş tarixi və reysin nömrəsi barədə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə dəvət edən tərəfindən məlumat verilir.

“Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”na daxil olan şəxslərə və onlarla birlikdə səfər edən ailə üzvlərinə VİP salonlarında xidmət qarşılıqlıq prinsipi əsasında ödənişsiz və ya ödənişli əsaslarla həyata keçirilir. Siyahılara daxil olmayan, habelə bu Qaydalarda nəzərdə tutulmamış şəxslərə VİP salonlarında xidmət Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan birdəfəlik yazılı sifarişlər əsasında həyata keçirilir. Təxirəsalınmaz hallarda (qeyri-iş günlərində (vaxtlarında) Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin şifahi tapşırıqları icra oluna bilər. Azərbaycan Respublikasının Prezidentini və onun ailə üzvlərini xarici ölkələrdə və ölkədaxili səfərlərdə müşayiət edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları (müvafiq mühafizə avadanlıqlarının və xüsusi vasitələrin VİP salonlarından daşınmasına icazə verilməklə) səfərdən əvvəl və səfərdən sonra VİP salonlarının xidmətlərindən ödənişsiz əsaslarla istifadə edirlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə edirlər. Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonuna münasibətdə bu Qaydaların 3.6-cı və 3.8-ci bəndlərində qeyd olunan şəxslərə xidmət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatı rəhbərinin gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildirişi əsasında həyata keçirilir. Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları istisna olmaqla, yuxarıda qeyd olunan şəxslərə VİP salonlarında göstərilən xidmət haqlarının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər