Saytımızı qiymətləndirin


 
 

Ermənistan silahlanır: Yeni müharibə başlayır? - “Bu, onların məhvinə…” - MÜSAHİBƏ
Tarix: 06-03-2024 | Saat: 17:32
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 

Ermənistan silahlanır: Yeni müharibə başlayır? - “Bu, onların məhvinə…” - MÜSAHİBƏ

Fransanın silahlandırdığı Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığı, “Azərbaycan Ermənistana hücum edəcək” iddialarının da mümkün eskalasiyadan öncə “alibi” qazanmaq məqsədi daşıdığı aydın görünür və burada İrəvanın öz, Parisin də öz planları var. Ümumilikdə geosiyasi mübarizədə Cənubi Qafqaz cəbhəsinin açılması gözləntiləri var.

Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana nə vaxt hücum edə bilər? Gürcüstan mediası bu suala cavab axtarmağa çalışıb.

Bakıvaxtı.az xəbər verir ki, gürcü jurnalist Qriqol Qiorqadzenin hazırladığı məqalədə Ermənistanın Azərbaycana Paris Yay Olimpiya Oyunları (26 iyul-11 avqust 2024-cü il) vaxtı hücum edə biləcəyi qeyd olunur.

Müəllif yazır ki, 2024-cü il Olimpiya Oyunları Parisdə keçirilsə də, şəhərdə hazırlıq birmənalı olaraq idman tədbirinin miqyasına uyğun gəlmir, daha doğrusu, olimpiadaya hazırlaşmaq üçün büdcədən ayrılan pulların “kəsilməsi”ndən başqa, praktiki olaraq heç bir iş görülmür:

“Parisin meri Ann İdalqo ötən il qondarma “artsax” separatçılarına yardım üçün “humanitar karvanın” hazırlanmasına daha çox diqqət yetirib. Separatçı “artsax” ləğv edildikdən sonra o, Parisin işlərindən daha çox, “erməni qaçqınları” ilə məşğuldur, baxmayaraq ki, heç kim bu insanları qovmayıb, onlara Azərbaycan vətəndaşlığını almaq təklif olunub və hələ də geri qayıtmaq imkanı yaradılıb”.

Belə görünür ki, 2008-ci il Pekin Olimpiadasında ermənilərin fransızların iştirakı ilə məşq edilmiş “informasiya super əməliyyatı” 2024-cü il Paris Olimpiadasında da təkrarlana bilər. Erməni lobbisi “təcavüzkar” və “soyqırımı” iddiaları ilə Azərbaycanı ittiham edəcək, ermənilər izə özlərini “soyqırımı qurbanı” kimi göstərəcək.

Əlbəttə, Fransa Olimpiadanı pozmaq üçün başqa səbəb tapa, misal üçün, fransız kəşfiyyat xidməti terror aktı, yaxud “miqrant iğtişaşları” təşkil edə bilər. Lakin Fransanın bu il Cənubi Qafqazda sabitliyi pozmaq və müharibəyə başlamaq ehtimalını istisna etmək mümkün deyil”, - məqalədə vurğulanır.

Vəziyyəti Bakıvaxtı.az-a şərh edən politoloq Ərəstun Oruclunun sözlərinə görə, Ermənistanın davranışından belə görünür ki, 44 günlük müharibə zamanı və ondan sonrakı dönəmdə onun heç bir real tərəfdaşı qalmayıb:

Hazırda rəsmi İrəvan sülh prosesini imitasiya etməyə çalışır və buna az-çox nail ola bilir. Ermənistan rəhbərliyi özünü Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmış kimi göstərməyə çalışır, amma paralel olaraq, alternativlər axtarır. Söhbət siyasi tərəfdaşlıqdan deyil, həm də hərbi müttəfiqlikdən gedir. Bu gün, rəsmi İrəvan Fransa, Hindistan, hətta Yunanıstanla əlaqələr qurur. Fransa və Yunanıstanla əlaqələrin qurulması fonunda Rusiya iki ildən artıqdır, Ermənistana vermədiyi silahları qəfildən göndərməyə məcbur oldu. Görünür ki, artıq Ermənistan seçimini edir.

- Yəni, Qərbə inteqrasiya edir?

- Bəli, Rusiya blokundan uzaqlaşır və o cümlədən KTMT-dəki fəaliyyətini dondurmağa qərar verib. Sərhədlərini öz nəzarətinə qaytarmağa çalışır. Bu göstərir ki, vaxtilə Azərbaycan və Türkiyə vasitəsilə Cənubi Qafqaza daxil ola bilməyən Qərb, NATO indi bunu Ermənistan vasitəsilə etməyə çalışır. Ən azı Yunanıstan və Fransa NATO ölkəsidir. Bunu unutmamalıyıq. Belə olan halda Fransa-Ermənistan, Hindistan-Ermənistan münasibətlərindəki əlaqələrin hərbi komponentinə diqqət etməliyik. Unutmayaq ki, Fransa texnoloji cəhətdən inkişaf etmiş 5-6 ölkədən biridir və kifayət qədər müasir hərbi sənaye kompleksinə malikdir. Düzdü, hərbi əməkdaşlıqla bağlı məlumatlar, yumşaq desək, dəqiqləşdirmə tələb edir. Bir sıra hallarda isə onlar məqsədyönlü şəkildə dezinformasiyalar da tirajlaya bilərlər. Hər halda görünən konturlar var.

- Nə kimi konturlar?

- Fransanın Ermənistanı silahlandırmaq istiqamətindəki addımları kifayət qədər ardıcıl və strateji xarakterlidir. Rəsmi Paris Ermənistanın hava məkanını qoruma üçün yardım edib, onlara hava hücumundan müdafiə sistemləri göndərib. Bundan sonra Fransa bəyan edib ki, Ermənistana yaxın, orta və uzaq mənzilli raketlər də verə bilər. Bununla belə, birmənalı iddia edə bilmərik ki, Fransa Ermənistanı müharibəyə hazırlaşdırır. Bu, birtərəfli yanaşma olardı. Hər halda Azərbaycan da silahlanır, hücum silahları alır. Bundan başqa, Pakistandan müasir tipli qırıcı təyyarələr alır. Bu o demək deyil ki, Azərbaycan müharibəyə hazırlaşır. Silahlanma bir sıra hallarda çəkindirici xarakter daşıya bilər və daşıyır. Amma dediyim kimi Ermənistanda həm müdafiə, həm də hücum silahları ilə təchiz olunma prosesi gedir. Yayılan xəbərlər gerçəkdirsə, Ermənistanın Hindistandan aldığı silahlar da hücum xarakterlidir. Rusiyanın Ermənistana verdiyi silahların da daxilində həm müdafiə, həm də hücum xarakterli olanlar var.

- Son aylar Fransanın Cənubi Qafqazla bağlı “iştahası” artıb…

- Hazırda Cənubi Qafqaz geosiyasi maraqların toqquşduğu nöqtələrdən biridir və xüsusilə Yaxın Şərqdə gərginliyin artması fonunda Cənubi Qafqazın əhəmiyyəti artıb. Əlbəttə, müharibə də mümkündür, amma hesab edirəm ki, tərəflər sülhə çalışarlarsa, sülh əldə etmək olar. Bunun üçün hərbi paritet yaratmaq da mane olmur. Hər tərəf sülhə hazırlaşmaqla yanaşı, öz silah-sürsat arsenalını zənginlədirir. Prosesin biri digərinə mane olmur. Belə olan halda, əlbəttə, sülh müqaviləsi və sülh danışıqlarının əhəmiyyəti artır. Amma burada da nəzərəçarpacaq irəliləyiş yoxdur.

- Fransanın Ermənistanla bağlı canfəşanlığını nə ilə izah edərdiniz?

- Fransa yaxşı başa düşür ki, Türkiyə və Azərbaycanın arasında yerləşən Ermənistanın növbəti dəfə müharibəyə başlaması ona uğur gətirməycək. Emənistan fiziki baxımından bütün NATO və Qərb ölkələrindən təcrid olunmuş vəziyyətdədir. Düzdür, Gürcüstan üzərindən dəhliz işləyir…

- Yəni?

- Yəni silahlar daşınır. Bilirsiniz ki, Gürcüstan da Avropa Birliyinin üzvlüyünə namizədlik vermək niyyətində idi, məhz bunun üçün düşərgəsini dəyişdi. Doğrudur, hazırkı Gürcüstan hökumətinin rəhbəri Bidzina İvanişvili əslində rus oliqarxıdır, amma hər şey nisbidir. Sanksiyalar altında olan Rusiyadan müttəfiqləri uzaqlaşmağa çalışır.

- Qeyd etdiniz ki, Ermənistan müharibə başlamayacaq, amma yekun sülhü indiyədək ertələyə bilib. Azərbaycan tərəfi Ermənistanın “nazı ilə oynayası deyil”. Silahlı qarşıdurma yenidən alovlansa, Ermənistanı hansı aqibət gözləyir?

- Ermənistan da, Fransa da, anlayır ki, bu yolla Cənubi Qafqazı Rusiyanın əlindən almaq xülyadır, çünki orada hələ Türkiyə də var. Digər tərəfdən isə belə bir addım Ermənistanın dövlət kimi məhvinə gətirib çıxara bilər. Ona görə də Ermənistanın müharibəyə hazırlaşdığını düşünmürəm, bu mənada yox ki, bu ölkə sülhsevərdir, o mənada ki, Ermənistan növbəti müharibə onlar üçün nə ilə nəticələnə biləcəyini bilir.



Xəbəri paylaş

1960 dəfə oxunub.

Digər xəbərlər