Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın və Rumıniyanın xəbər agentlikləri arasında əməkdaşlıq müzakirə olunub
Tarix: 05-11-2025 | Saat: 16:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanın və Rumıniyanın xəbər agentlikləri arasında əməkdaşlıq müzakirə olunub

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın 5-də bu ölkənin AGERPRES xəbər agentliyinin baş direktoru Klaudiya Viktoriya Nikolae ilə görüşüb.

Bu barədə Qarabaginfo.az-a MEDİA-dan məlumat verilib.

Görüşdə Azərbaycanın və Rumıniyanın milli xəbər agentlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Klaudiya Viktoriya Nikolae AGERPRES agentliyinin beynəlxalq informasiya şəbəkələrində, o cümlədən Avropa Xəbər Agentlikləri Alyansında (EANA) və Avropa İttifaqı (Aİ) Media Forumu çərçivəsində gördüyü işlər haqqında məlumat verib. O, Azərbaycanla informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsinin, eləcə də qarşılıqlı xəbər və foto mübadiləsinin genişləndirilməsinin vacibliyini bildirib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, agentliklə AGERPRES arasında uzunmüddətli əməkdaşlıq mövcuddur və bu əlaqələrin daha da gücləndirilməsi regional, beynəlxalq informasiya məkanında etibarlı tərəfdaşlıq üçün əsas yaradır. O, qarşılıqlı təcrübə mübadiləsinin, jurnalistlər üçün təlim proqramlarının və birgə media məhsullarının hazırlanmasının gələcək əməkdaşlıq istiqamətləri kimi nəzərdə tutulduğunu söyləyib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində yeni kommunikasiya texnologiyalarının tətbiqindən və süni intellekt əsaslı xəbər istehsalında əməkdaşlığın perspektivlərindən danışıb. O vurğulayıb ki, bu sahədə təcrübənin və innovativ yanaşmaların paylaşılması iki ölkənin media sistemlərinin inkişafına töhfə verə bilər.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual və rəqəmsal media platformaları üzrə tənzimləmə, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində Rumıniya təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib.

Süni intellektin tətbiqi mövzusunun davamı olaraq tərəflər Aİ texnologiyalarının fotoarxivlərin rəqəmsallaşdırılması, arxivlərin bərpası və avtomatlaşdırılmış təsnifləşdirilməsi sahəsində istifadəsini geniş müzakirə ediblər. Bu istiqamətdə birgə pilot layihələrin hazırlanması və təcrübə mübadiləsi barədə ilkin razılıq əldə olunub.

Ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanovun da iştirak etdiyi görüşdə Azərbaycan nümayəndə heyətinə AGERPRES-in arxivi barədə məlumat verilib. Qonaqlara agentliyin zəngin tarixi foto və video fondları, o cümlədən Rumıniya ilə Azərbaycan arasında ötən əsrdən bu günədək baş tutmuş ikitərəfli səfərlər, dövlət başçılarının görüşləri və mədəni tədbirləri əks etdirən nadir materiallar nümayiş olunub.

Tərəflər bu materiallar əsasında ortaq fotosərgi təşkil etmək barədə razılığa gəliblər. Sərgidə sovet dövründən müasir dövrədək Rumıniya-Azərbaycan münasibətlərinin inkişafını və iki ölkə arasında dostluğun tarixi köklərini əks etdirən fotoların nümayişi nəzərdə tutulur.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər