Tarix: 01-10-2026 | Saat: 21:45
Bölmə:Karusel / Manşet / Müsahibə | çapa göndər
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun APA-ya və Azad Azərbaycan Televiziyasına (ATV) müsahibəsi
Qarabaginfo.az müsahibəni təqdim edir.
ATV: İnam müəllim, bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də islahatların şahidi oluruq. Hakimlərin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər də daim diqqət mərkəzindədir. Bu istiqamətdə hansı əsas addımlar atılıb?
- Azərbaycanda məhkəmə-hüquq tarixi dövlətçiliyimizin tarixi ilə bağlıdır və onun qədər zəngindir. Bu gün haqqında danışdığımız müasir Azərbaycanın məhkəmə sistemi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə müasir Azərbaycanın məhkəmə sisteminin təməli qoyulub, 3 pilləli məhkəmə sistemi yaradılıb, hakimlərin, məhkəmələrin və Ali Məhkəmənin statusu müəyyən edilib. Əlbəttə ki, ötən dövrdə digər sahələrdə olduğu kimi, bu sahədə də islahatlar davamlı xarakter daşıyıb. Məhkəmələrin institusional strukturunun və qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə sisteminin beynəlxalq standartlara və tələblərə uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq mühüm islahatlar həyata keçirilib.
Cənab Prezidentin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı islahatların yeni mərhələsinə mühüm təkan verib. Fərmanda məhkəmələrin institusional baxımdan təkmilləşdirilməsi, yeni ixtisaslaşmış məhkəmələrin təsis edilməsi, hakimlərin fəaliyyətinin daha təkmil qurulması, vətəndaş məmnunluğunun artırılması, o cümlədən rəqəmsallaşma istiqamətində vacib tədbirlər müəyyən edilib.
Bu islahatlar 2023-cü ildə də davam etdirilmişdir. Məhkəmə-Hüquq Şurasının statusu və strukturu təkmilləşdirilib, Şurada hakim üzvlərin sayı artırılmış və Şuranın işi daha optimal şəkildə təşkil edilib. Ötən müddət ərzində əsas diqqət yetirilən məsələlərdən biri hakimlərimizin fəaliyyətinin təkmilləşdirilməsi olub. Burada əsas məqsəd hakimlik peşəsinə daha peşəkar və bilikli şəxslərin cəlb edilməsidir. Bu məqsədlə hakimlərin seçim prosedurları təkmilləşdirilib, hakimliyə qəbul prosesi 6 mərhələdən 3 mərhələyə endirilib.
Hakimlərin 40 faizdən çoxu yeni seçilmiş hakimlərdən ibarətdir
Qeyd etmək istəyirəm ki, son üç ildə yeni təyin edilmiş hakimlərin sayı artıq 210 nəfər təşkil edir. Beləliklə, birinci instansiya məhkəmələrində fəaliyyət göstərən hakimlərin 40 faizdən çoxu yeni seçilmiş hakimlərdən ibarətdir.
Ötən dövrdə həmçinin Hakimlərin Konfransı təsis olunmuşdur. Konfransda hakimləri maraqlandıran məsələlər müzakirə edilir və müvafiq qərarlar qəbul olunur.
Əlbəttə ki, əsas istiqamətlərdən biri də beynəlxalq əməkdaşlığın qurulmasıdır. Deyə bilərəm ki, yalnız son illərdə deyil, islahatların həyata keçirildiyi bütün dövrlərdə Azərbaycanın məhkəmə təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilib və bir sıra mükafatlara layiq görülmüşdür. Son əlamətdar tədbirlərdən biri də ötən il Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının keçirilməsi olub. 70 ölkədən 300-ə yaxın nümayəndənin iştirakı ilə həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə baş verən yeniliklər müzakirə edilib. Biz də öz növbəmizdə məhkəmə sahəsində təcrübəmizi bölüşmüşük.
İslahatların digər vacib istiqaməti məhkəmə sisteminin modernləşdirilməsi, texnoloji yeniliklərin məhkəmə sisteminə tətbiq edilməsidir. Yəqin ki, bu mövzuya ayrıca toxunacağıq.

APA: Məhkəmələrdə iş yükünün azaldılması və işlərə daha operativ baxılmasının təmin edilməsi üçün hakimlərin sayının mövcud tələbatı qarşıladığını düşünürsünüzmü? Yaxın dövrdə hakimlərin sayının artırılması nəzərdə tutulurmu?
– Bu, vacib məsələdir. Məhkəmələrin səmərəli fəaliyyəti hakimlərin peşəkarlığından və sayından asılıdır. Bildiyiniz kimi, hazırda Azərbaycanda 116 məhkəmədə 700-ə yaxın hakim fəaliyyət göstərir. Son 3 ildə hakimlərin sayı 560-dan 700-ə çatdırılıb. Bu da məhkəmələrin fəaliyyətinin daha optimal qurulmasına öz töhfəsini vermişdir. 2022–2025-ci illərin statistikasına baxsaq, məhkəmələrin icraatında olan işlərin sayı təqribən 494 mindən 640 minə qədər artıb. Gördüyünüz kimi, təxminən 30 faizə qədər artım baş verib.
Birinci instansiya məhkəmələrinin qərarlarından verilən şikayətlərin statistikasına baxsaq, bu göstərici 2022-ci ildə 11 faiz, 2025-ci ildə isə təxminən 8 faiz təşkil edir. Apellyasiya məhkəmələrinin qərarlarından verilən şikayətlərin göstəricisi isə 2022-ci ildə 31 faiz, 2025-ci ildə 28 faiz olmuşdur. Yəni şikayətlərin statistikasında da müsbət dinamika müşahidə edirik.
İş yükünün artmasına baxmayaraq, məhkəmələr onun öhdəsindən lazımınca gəlirlər
Göründüyü kimi, iş yükünün artmasına baxmayaraq, məhkəmələr onun öhdəsindən lazımınca gəlirlər. Əlbəttə ki, hakimlərin sayının optimallaşdırılması buna imkan yaradıb. Eyni zamanda, “Elektron məhkəmə” informasiya sisteminin imkanları daha da genişləndirilmiş, sənəd dövriyyəsi, müraciətlərin və vəsatətlərin qəbulu təkmilləşdirilib. Məhkəmə aparatı işçilərinin sayının və peşəkarlığının artırılması da bu istiqamətdə mühüm rol oynayıb. Bu sahədə Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan monitorinqlərin də rolu olub.
Əlbəttə ki, iş yükünün idarə edilməsində hakimlərin sayı və peşəkarlığı vacib amillərdəndir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda hər 100 min nəfərə təqribən 7 hakim düşür. Avropada isə orta göstərici 21-dir. Məsələn, Türkiyədə hər 100 min nəfərə 19 hakim düşür, İtaliya, Fransa və İspaniya kimi ölkələrdə isə bu göstərici 11–12 hakim arasında dəyişir. Qonşu Gürcüstanda hər 100 min nəfərə 10 hakim düşür.
Biz Azərbaycanda hakimlərin sayını qısa müddət ərzində nəzərdə tutulmuş ştat sayına — 800 nəfərə çatdırmaq niyyətindəyik. Hazırda məqsəd təkcə hakimlərin sayını artırmaq deyil, həm də müasir kommunikasiya imkanlarından və elektronlaşmadan istifadə edərək bu sahədə insan əməyinə olan ehtiyacı daha da optimallaşdırmaqdır.
ATV: Hakimlərin iş yükündən danışdınız. Vətəndaşların isə bu mövzuda ən çox verdiyi suallardan biri budur: “Məhkəmə prosesi niyə uzanır?” Bəzən vətəndaş özünü haqlı hesab edir, amma məhkəmənin qərarı onun gözləntisi ilə üst-üstə düşmür və bunu ədalətsizlik kimi qəbul edir. Bəs məhkəmə proseslərinin uzanmasının əsas səbəbləri nələrdir və niyə vətəndaşın gözləntisi ilə məhkəmə qərarı arasında belə fərq yaranır?
– Başa düşüləndir ki, hər bir vətəndaş tərəf olduğu məhkəmə işinə mümkün qədər tez və ədalətli baxılmasını istəyir. Ümumiyyətlə, bu gün sürət anlayışı cəmiyyətin həyatında vacib yer tutur. Bütün sahələrdə, istər dövlət və ictimai xidmətlərin göstərilməsində, istərsə də məhkəmələrin fəaliyyətində proseslərin sürətli olmasını istəyirik. Amma burada iki vacib amil var: proseslərin sürəti və ədalətin təmin edilməsi. Bilirsiniz ki, məhkəmə prosesində qanunvericilik tərəflərə bərabər hüquqlar verir. Burada əsas məqsəd hər iki tərəfin hüquqlarını qanunvericilik çərçivəsində təmin etmək və balansı qorumaqdır. Bəzi hallarda tərəflər məhkəmə prosesini süni şəkildə uzadırlar. Ancaq son dəyişikliklərlə bu cür sui-istifadə hallarının qarşısının alınması üçün qanunvericilikdə müvafiq müddəalar nəzərdə tutulub.
Əsas məsələlərdən biri tərəflərin sübutları məhkəməyə düzgün və vaxtında təqdim etməsidir
Qeyd etdiniz ki, vətəndaş bəzən özünü haqlı hesab edir, ancaq məhkəmənin qərarı onun gözləntisindən fərqli olur. Burada əsas məsələlərdən biri tərəflərin sübutları məhkəməyə düzgün və vaxtında təqdim etməsidir. Məsələn, borc verilmiş və ya podrat münasibətləri çərçivəsində ödəniş həqiqətən həyata keçirilmiş ola bilər. Ancaq bununla bağlı sübutlar məhkəməyə təqdim edilmirsə, bu, əlbəttə ki, qəbul ediləcək qərara təsir göstərə bilər. Ona görə də məhkəmə sistemində ədalətin təmin edilməsi təkcə hakimlərdən deyil, peşəkar hüquqşünas və vəkillərdən də asılıdır. Onların bu prosesdə əməyi vacibdir.
Bununla yanaşı, proseslərin müəyyən müddət davam etməsi məhkəmə fəaliyyətinin təbiətindən irəli gəlir. Ölkəmizdə kommersiya və mülki işlərə baxılma müddəti təxminən 60–70 gündür. İnzibati işlərdə isə bu müddət bir qədər uzun olub, 200 gün təşkil edir. Avropa ölkələrinə baxsaq, bu müddət 500, 400 və ya 300 gün çəkir. Bir daha vurğulamaq istəyirəm ki, bu, məhkəmə sisteminə xarakterik haldır. Amma bu müqayisəli təhlil bizi arxayın etməməlidir. Çalışmalıyıq ki, bu sahədə prosesləri daha da sürətləndirək. Etiraf etmək lazımdır ki, bəzi hallarda proseslərin uzanmasına hakimlərin iş yükü də təsir edir. Ona görə də hakimlərin sayının və peşəkarlığının artırılması bu prosesə öz müsbət təsirini göstərəcəkdir.
APA: İnam müəllim, biz məhkəmələrdə vətəndaşlar arasındakı məhkəmə çəkişmələrindən danışdıq. Nəzərə alsaq ki, inzibati işlərdə tərəflərdən biri vətəndaş, qarşı tərəf isə dövlət orqanı olur, bu baxımdan inzibati məhkəmələrin vətəndaş hüquqlarının müdafiəsində rolu nədən ibarətdir? Bu sahədə formalaşmış məhkəmə təcrübəsini necə xarakterizə etmək olar və qarşıda hansı əsas vəzifələr dayanır?
– İnzibati hüquq bizim hüquq sistemimizin yeni inkişaf edən sahələrindən biridir. Bildiyiniz kimi, 2011-ci ildə “İnzibati icraat haqqında” Qanun qəbul edilmişdir. 2020-ci ildən isə inzibati məhkəmələr ayrıca ixtisaslaşmış məhkəmələr kimi fəaliyyətə başlayıblar. İnzibati hüququn hüquqi dövlətin inkişafında mühüm rolu var. Dövlət vətəndaşa öz qəbul etdiyi qərarları müstəqil məhkəmə qarşısında mübahisələndirmək imkanı yaradır. Bu, ilk növbədə hüquqi dövlətin inkişafının, dövlətin yetkinliyinin və vətəndaşın səsini eşitmək istəyinin təcəssümüdür. İnzibati məhkəmələrin fəaliyyəti inkişaf etmiş hüquqi dövlətlərin səciyyəvi xüsusiyyətlərindən biridir. Bir daha vurğulayıram ki, inzibati məhkəmələr vasitəsilə vətəndaşlar dövlət orqanlarının qəbul etdiyi qərarları müstəqil məhkəmə qarşısında mübahisələndirə bilirlər.
Statistikaya baxsaq, son 3 ildə vətəndaşların dövlətə və məhkəmə sisteminə etimadı nəticəsində müraciətlərin sayı 1-ci instansiyada 60 faiz, apellyasiya instansiyasında 50 faiz, Ali Məhkəmədə isə 80 faizə yaxın artıb. Statistika göstərir ki, çıxarılan qərarların əksəriyyəti məhz vətəndaşlarımızın, o cümlədən sahibkarların xeyrinə olub.
İnzibati məhkəmələrin fəaliyyəti təkcə baxılan konkret işlər üzrə əhəmiyyət daşımır. Qəbul edilən hər bir qərar, xüsusilə Ali Məhkəmə səviyyəsində, vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edir. Artıq inzibati orqanlar gələcək fəaliyyətlərini məhkəmələrin çıxardığı qərarlara uyğun qurmağa məcburdurlar. Vahid təcrübənin əhəmiyyəti həm də ondan ibarətdir ki, vətəndaşlar məhkəmə qərarını proqnozlaşdıra bilirlər.
İnzibati hüquq sahəsi getdikcə təkmilləşdiriləcək
Deyə bilərəm ki, inzibati sahədə hakim daha proaktiv yanaşma nümayiş etdirərək vətəndaşların hüquqlarının müdafiəsi üçün dövlət orqanlarına sorğular verir, sübutlar tələb edir və işin tam araşdırılmasını təmin edir. Əlbəttə ki, inzibati hüquq sahəsi də getdikcə təkmilləşdiriləcək.
ATV: Məhkəmələrə ictimai etimadın artırılması ədalət mühakiməsinin əsas istiqamətlərindən biridir. Azərbaycanda bu sahədə hansı tədbirlər həyata keçirilir? Eyni zamanda, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması üçün hansı mexanizmlər mövcuddur?
– Hər bir şəxs istəyir ki, onun işinə hakim tərəfindən müstəqil, yəni heç bir müdaxilə olmadan və qərəzsiz baxılsın. Bununla yanaşı, insanlar hakimin peşəkarlığına inanmalı, qərarın peşəkar hakim tərəfindən qəbul edildiyini bilməlidirlər. Məhkəmələr müstəqil və qərəzsiz olmaqla yanaşı, cəmiyyətdə bu barədə əminlik də yaratmalıdırlar.
Bildiyiniz kimi, bu sahədə ixtisaslaşmış qurum — Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərir. Şuranın məqsədi hakimlərin müstəqilliyini təmin etmək, onların fəaliyyətinin qanunvericilik çərçivəsində monitorinqini və qiymətləndirilməsini həyata keçirməkdir. Hakimlərin peşəkarlığının artırılması da vacib məsələlərdən biridir. Şura çalışır ki, layiqli hakimlər fəaliyyətlərinin yüksək qiymətləndirilməsi nəticəsində vəzifədə irəli çəkilsinlər, layiqli hakimliyə namizədlər isə hakim vəzifəsinə seçilsinlər. Məsələn, rəqəmlərə baxsaq, son 3 ildə 177 hakim müxtəlif instansiya məhkəmələrində vəzifədə irəli çəkilib.
Bəzən görürük ki, 2–3 dəqiqəlik bir videoda məhkəmə işinin taleyi həll edilmiş, qərar çıxarılmış kimi təqdim olunur
Hakimlərin müstəqilliyi və qərəzsizliyi onların hesabatlılığı ilə bağlıdır. Hər bir hakim qanun, ədalət və öz vicdanı qarşısında hesabatlıdır. Əlbəttə ki, bu tələblərə cavab verməyən hakimlər barəsində tədbir görülür. Rəqəmlərə baxsaq, ötən 3 il ərzində 47 hakim barəsində intizam tədbiri görülmüş, 8 hakimin səlahiyyətlərinə isə xitam verilib.
Etimadın artırılmasının əsas istiqamətlərindən biri də məhkəmələrin ictimaiyyətlə düzgün kommunikasiya qurmasıdır. Burada sosial şəbəkələrin və media subyektlərinin rolu vacibdir. Ancaq təəssüflə qeyd etməliyəm ki, bəzi hallarda sosial şəbəkələrdən və mediadan məhkəmələrin işinə təzyiq vasitəsi kimi də istifadə olunur. Yəni proses hələ davam etdiyi halda, görürük ki, məhkəmədə baxılan iş artıq sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Bilirsiniz ki, məhkəmə mürəkkəb prosesdir. Bayaq dediyim kimi, hətta aylarla davam edə bilər. Çünki burada tərəflər dinlənilir, sübutlar araşdırılır, sorğular verilir və ekspertiza aparılır. Ancaq bəzən görürük ki, 2–3 dəqiqəlik bir videoda məhkəmə işinin taleyi həll edilmiş, qərar çıxarılmış kimi təqdim olunur. Hətta bəzən hakimlər barədə də fikir formalaşdırılır. Hesab edirəm ki, belə hallar məhkəmənin yekun qərarına heç bir təsir göstərə bilməz.
Spiker hakimlərin vəzifəsi qanun çərçivəsində şəxsi və digər sirləri qorumaqla, məhkəmənin qərəzsizliyinə təsir etmədən ictimaiyyəti məlumatlandırmaqdır
Məhkəmələr öz fəaliyyətləri barədə ictimaiyyəti daha geniş məlumatlandırmaq niyyətindədirlər. Bunun üçün hər bir məhkəmədə əlaqələndirici-spiker hakimlər təyin edilib. Spiker hakimlərin vəzifəsi qanun çərçivəsində şəxsi və digər sirləri qorumaqla, məhkəmənin qərəzsizliyinə təsir etmədən ictimaiyyəti məlumatlandırmaqdır.
APA: “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlər bu sahədə nə dərəcədə irəliləyişə səbəb olub?
- “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmə sistemində həyata keçirilən ən mühüm rəqəmsal islahatlardan biridir. Bu, dövrümüzün tələbidir.
Bu sistem məhkəmə proseslərinin çevikliyinin artırılması, qərarların əlçatanlığının təmin edilməsi, məlumatların emalı və hakimlərin işinin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 2014-cü ildən fəaliyyətə başlayan sistem daim yenilənir. Hazırda “Elektron məhkəmə” sisteminin 311 minə yaxın istifadəçisi var. Təqdirəlayiq haldır ki, “Elektron məhkəmə” ilə yanaşı, digər qurumların fəaliyyəti də elektronlaşır. Bu da prosesləri daha da sürətləndirir.
Deyə bilərəm ki, gələcək hədəfimiz “0 kağız” siyasətinə keçiddir. Növbəti mərhələdə “Elektron məhkəmə” sistemindən intellektual məhkəmə mərhələsinə keçmək niyyətindəyik. Təbii ki, dövrümüzün tələblərindən biri də süni intellekt elementlərinin məhkəmə sisteminə inteqrasiya edilməsidir.
Dövrün tələblərindən biri də süni intellekt elementlərinin məhkəmə sisteminə inteqrasiya edilməsidir
ATV: Süni intellektdən söz düşmüşkən, bu gün rəqəmsallaşmanın növbəti mərhələsi kimi bu istiqamət xüsusi aktuallıq kəsb edir. Demək olar ki, elektron məhkəmə mərhələsindən artıq süni intellektin geniş tətbiq olunduğu yeni bir dövrə keçirik. Sizcə, bu texnologiyanın ədalət mühakiməsində tətbiqi hansı imkanları yarada bilər?
– Dövlət proqramı çərçivəsində məhkəmə sistemi də prioritet istiqamətlər sırasına daxil edilib. Hazırda müvafiq işçi qrup yaradılmış və süni intellektin məhkəmə sistemində tətbiqi üzrə işlər aparılır. Burada əsas məqsəd süni intellektin yaratdığı imkanlardan istifadə etməkdir. Süni intellekt qərar layihələrinin tərtib edilməsində, birinci instansiya məhkəmələri üçün vahid məhkəmə təcrübəsinin müəyyən edilməsində və qanunvericiliyin daha təkmil təhlilində vacib alətdir.
Müasir dövrdə əsas suallardan biri süni intellektlə hakim arasındakı münasibətlərin hansı həddə qədər inkişaf edə biləcəyidir. Bu, təkcə ölkəmizdə deyil, beynəlxalq forumlarda da müzakirə olunan mövzulardan biridir.
Əlbəttə ki, süni intellekt hakim üçün köməkçidir, heç bir halda onu əvəz edə bilməz. Yeri gəlmişkən, mən süni intellektin özündən soruşdum: “Sən hakimi əvəz edə bilərsən?” Cavabı belə oldu: “Bu, mənim bacaracağım iş deyil, yaxşı olar ki, bu işi hakim görsün”. Çünki süni intellektdən fərqli olaraq, hakimin fəaliyyəti təkcə qanunların tətbiqi ilə məhdudlaşmır. Burada süni intellektdə mövcud olmayan ədalət və vicdan hissi də var. Bunların hamısı insana xas amillərdir.
Amma cavabında “hələ ki” ifadəsini də işlətdi. İndi bu “hələ ki”nin nə demək olduğunu, yəqin ki, zaman göstərəcək.

APA: İndiyədək daha çox məhkəmə sisteminin ümumi fəaliyyətindən və Məhkəmə-Hüquq Şurasının bu istiqamətdə həyata keçirdiyi işlərdən danışdıq. İndi isə istərdim ki, Ali Məhkəmənin fəaliyyətinə toxunaq. Ali Məhkəmənin məhkəmə təcrübəsinin vahid və proqnozlaşdırıla bilən olmasının təmin edilməsində əsas funksiyası nədən ibarətdir? Son dövrdə bu istiqamətdə hansı işlər görülür və qəbul edilən hüquqi mövqelərin aşağı instansiya məhkəmələrinin fəaliyyətinə, eləcə də vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsinə təsirini necə qiymətləndirirsiniz?
– Bilirsiniz ki, hazırda Ali Məhkəmənin 4 kollegiyası fəaliyyət göstərir. Bunlar Kommersiya, Mülki, İnzibati və Cinayət kollegiyalarıdır. Ali Məhkəmənin əsas funksiyası qanunvericiliyi düzgün tətbiq etməklə oxşar işlər üzrə vahid və ardıcıl məhkəmə təcrübəsini formalaşdırmaqdır. Eyni zamanda, Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin tətbiqində aşağı instansiya məhkəmələri üçün istiqamətləndirici funksiyanı da yerinə yetirir.
Məhkəmələrin əsas funksiyalarından biri hüquqyaratma prosesində iştirak etməkdir
Ali Məhkəmə hüququn yaranmasında və inkişafında rol oynayan qurumdur. Hüquqda “qanunvericilikdə boşluq” anlayışı var. Qanunvericilik bütün sahələri tənzimləməyə yönəlsə də, bəzi məsələlərin tənzimlənmədiyi hallar ola bilər. Yəni qanunvericilikdə boşluq ola bilər, amma hüquqda boşluq ola bilməz. Ona görə də məhkəmələrin əsas funksiyalarından biri bu hüquqyaratma prosesində iştirak etməkdir. Əlbəttə ki, bu prosesdə ən yüksək məhkəmə instansiyası kimi Ali Məhkəmə dayanır. Ali Məhkəmə bu funksiyasını vahid məhkəmə təcrübəsini formalaşdıran qərarları vasitəsilə həyata keçirir. Son üç ildə vahid məhkəmə təcrübəsini formalaşdıran 200-ə yaxın qərar qəbul edilmişdir.
Yenilik ondan ibarətdir ki, artıq vahid məhkəmə təcrübəsini formalaşdıran bütün qərarlar indeksləşdirilir. Bu imkan birinci instansiya və apellyasiya məhkəmələri üçün də yaradılıb ki, onlar da mühüm qərarlarını indeksləşdirə bilsinlər.
Vahid məhkəmə təcrübəsi həmçinin Plenum qərarları vasitəsilə müəyyən edilir. Deyə bilərəm ki, son illərdə cinayət, mülki, kommersiya və inzibati hüquq sahələrində mühüm qərarlar qəbul edilib.
ATV: Bir tərəfdən vətəndaşın Ali Məhkəməyə çıxış hüququ var, digər tərəfdən kassasiya instansiyasının hər bir fakt mübahisəsinə yenidən baxan üçüncü instansiyaya çevrilməsi onun əsas funksiyasını zəiflədə bilər. Sizcə, Azərbaycan hansı modelə getməlidir: Ali Məhkəmə daha az işə baxıb daha çox presedent yaratmalıdır, yoxsa kassasiyaya geniş çıxış imkanları saxlanmalıdır?
– Hesab edirəm ki, burada iki imperativ arasında düzgün balansı qorumalıyıq. Birincisi, əlbəttə ki, şəxslərin, vətəndaşların Konstitusiya ilə müəyyən edilmiş müdafiə hüququnun təmin edilməsidir. Eyni zamanda, Ali Məhkəmənin hüquq məhkəməsi kimi mühüm funksiyasını yerinə yetirməsi də təmin olunmalıdır. Ali Məhkəmə məhz prosessual və maddi hüquq normalarının düzgün tətbiq edilməsini qiymətləndirən qurum kimi fəaliyyət göstərməlidir.
Bu funksiyaları tarazlaşdırmaq baxımından əsas məqsəd vahid məhkəmə təcrübəsinin düzgün tətbiqinə nail olmaqdır. Hesab edirəm ki, vahid məhkəmə təcrübəsi düzgün tətbiq edildikdə, aşağı instansiya məhkəmələrində işlərə keyfiyyətli və operativ baxıldıqda kassasiya şikayətlərinin sayı da azalacaq. Bu sahədə statistikanı diqqətinizə çatdırmaq istəyirəm. Respublika üzrə baxılan işlərin cəmi 2–3 faizi kassasiya instansiyasına gəlib çatır. Əlbəttə ki, bəzi kateqoriyadan olan işlərə apellyasiya instansiyasında yekun qoyulur. Bununla belə, ümumilikdə işlərin qeyd etdiyim faizi Ali Məhkəməyə gəlir.
Yekunda sualınıza cavab olaraq bildirirəm ki, vətəndaşların Ali Məhkəməyə çıxış hüququnu təmin etməklə yanaşı, çalışmalıyıq ki, Ali Məhkəmə üzərinə düşən əsas funksiyanı düzgün və lazımınca həyata keçirə bilsin.
APA: Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə təqsirli bilinən erməni əsilli şəxslərin məhkəməsi böyük rezonansa səbəb oldu. İş üzrə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Bu qərardan sonra Ali Məhkəməyə kassasiya şikayəti verilibmi? Ümumilikdə, həmin işlər üzrə məhkəmə prosesinin hazırkı mərhələsi və növbəti hüquqi prosedurlar barədə nə deyə bilərsiniz?
– Bilirsiniz ki, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyi təqsirləndirilən şəxslər üçün müvafiq hüquq və azadlıqlar müəyyən edib. Bu hüquqlar dinindən, irqindən, cinsindən, etnik mənsubiyyətindən və digər xüsusiyyətlərindən asılı olmayaraq bütün şəxslərə eyni qaydada şamil olunur. Sizin qeyd etdiyiniz, Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə təqsirləndirilən və artıq məhkum edilmiş erməni əsilli şəxslərə də bu prosessual normalar heç bir fərq qoyulmadan tətbiq edilir.
Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərlə bağlı qərardan Ali Məhkəməyə şikayət olsa, məhkəmə tərkibi şikayətə hüquqi qiymət verəcək
Bildiyiniz kimi, artıq Bakı Hərbi Məhkəməsinin hökmü çıxarılıb. Əlbəttə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuniliyinə və əsaslılığına hüquqi qiyməti yalnız apellyasiya instansiyası məhkəməsi verə bilər. Artıq Bakı Apellyasiya Məhkəməsində də qərar qəbul edilib və həmin şəxslər barəsində məhkumetmə hökmü qüvvədə saxlanılıb.
Ali Məhkəməyə kassasiya şikayəti daxil olacağı təqdirdə, müvafiq prosedurlara uyğun olaraq müəyyən edilmiş məhkəmə tərkibi şikayətə baxaraq hüquqi qiymət verəcək. Qərar həmin məhkəmə tərkibinə daxil olan hakimlər tərəfindən müstəqil şəkildə qəbul ediləcək.

ATV: Həqiqətən də qeyd etdiyiniz kimi, məhkəmə-hüquq sahəsində kifayət qədər böyük və əhəmiyyətli işlər görülüb. Təbii ki, bu proses davam edir. Bəs qarşıdakı dövrdə məhkəmə sistemində bizi hansı mühüm yeniliklər gözləyir? Əsas hədəflər nələr olacaq?
– Bəli, bu, davam edən prosesdir. Əsas hədəflər sırasında məhkəmələrin fəaliyyətinin optimallaşdırılması dayanır. Siz əvvəlki suallarınızda ictimaiyyəti qayğılandıran iş yükü, məhkəmə proseslərinin uzanması və ictimai etimad kimi məsələlərə toxundunuz. Buna görə də bu sahədə islahatları davam etdirmək, hakimlərin sayını optimallaşdırmaq, süni intellektin imkanlarından geniş istifadə etmək və insan kapitalı ilə yanaşı, texniki imkanlardan da daha çox yararlanmaq əsas hədəflərimizdəndir.
Eyni zamanda iş yükünün düzgün idarə edilməsi, hakimlərin peşəkarlığının artırılması, ixtisaslaşmış və ümumi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmələrin maddi-texniki imkanlarının daha da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Kommersiya məhkəmələrinin fəaliyyəti çərçivəsində sahibkarların hüquqlarının daha geniş müdafiəsi, inzibati məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və rəqəmsallaşmanın imkanlarından daha geniş istifadə edilməsi də əsas hədəflər sırasındadır.
Əlbəttə ki, qeyd etdiyim kimi, bu, dövrün çağırışlarına uyğun olaraq davam edən prosesdir. Məhkəmə hakimiyyəti Konstitusiya ilə təsbit edilmiş dövlət hakimiyyətinin bir qoludur və məhkəmələrin ən böyük vəzifəsi dövlətçiliyin keşiyində durmaqdır. Qeyd etmək istəyirəm ki, hər bir hakim həm də dövlət xadimidir, yəni dövlət siyasətinə xidmət edən şəxsdir.
Azərbaycanda dövlət siyasətinin əsas sütunlarından biri vətəndaşların hüquq və azadlıqlarının qorunması, ədalətin düzgün və operativ təmin edilməsidir.
Cənab Prezident İlham Əliyevin daim bəyan etdiyi kimi, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Məhbubə Qasımbəyli
Digər xəbərlər














