Saytımızı qiymətləndirin


 
 

Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Tarix: 17-11-2026 | Saat: 09:44
Bölmə:Karusel / Təhsil | çapa göndər

Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllimlə görüşüb.

Bu barədə Qarabaginfo.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla birgə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov və nazirliyin əməkdaşları da iştirak ediblər.

Görüş zamanı son illərdə ölkənin təhsil sistemində həyata keçirilən islahatlar, təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması, müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.

Nazir Emin Əmrullayev Naxçıvanda təhsilin inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlər üçün bərabər imkanların yaradılması və müasir dövrün təhsil sisteminin qarşısında qoyduğu tələblər barədə fikirlərini bölüşüb.

Nazir təhsilin əsas məqsədlərindən birinin şagirdlərin şəxsiyyət kimi formalaşması olduğunu vurğulayıb. Bildirib ki, uşağın hansı ailədə və hansı bölgədə dünyaya gəlməsindən asılı olmayaraq təhsil ona gələcəkdə uğur qazanmaq üçün bərabər imkanlar yaratmalıdır.

Təhsilin keyfiyyətinə toxunan Emin Əmrullayev müasir dövrdə şagirdlərə yalnız mövcud biliklərin ötürülməsinin kifayət etmədiyini, tədrisin məzmununun dəyişən dünyanın tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Süni intellektin inkişafının təhsilin qarşısında yeni çağırışlar yaratdığını bildirən nazir şagirdlərdə müstəqil düşünmə, problemləri təhlil etmə və onların həlli yollarını tapmaq bacarıqlarının formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Emin Əmrullayev müəllim fəaliyyətinin qiymətləndirilməsində əsas meyarın şagirdlərin öyrənmə nəticələri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, təhsil sistemində qəbul edilən qərarların başlıca məqsədi şagirdlərin daha keyfiyyətli təhsil almalarına xidmət etməkdir.

Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov muxtar respublikada təhsil sahəsində mövcud vəziyyət, təhsil müəssisələrinin infrastrukturu və maddi-texniki təminatı, eləcə də müəllimlərin peşəkar inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin fikir və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Görüş çərçivəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunmuş Naxçıvan təhsil işçilərinə mükafatlar təqdim edilib.

Çıxış edən müəllimlər öz növbələrində onlara göstərilən diqqətə və əməyə verilən qiymətə görə minnətdarlıqlarını bildirərək bu cür görüşlərin mövcud məsələlərin müzakirəsi və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.

Sonda xatirə fotosu çəkdirilib.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər
3-06-2025, 10:57 Andrey Yermak ABŞ-a gedir