Saytımızı qiymətləndirin


 
 

Berlində İkinci Dünya müharibəsindən qalma bunker satışa çıxarılıb
Tarix: 17-11-2026 | Saat: 07:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Berlində İkinci Dünya müharibəsindən qalma bunker satışa çıxarılıb

Almaniyanın paytaxtı Berlində İkinci Dünya müharibəsi dövrünə aid, sahəsi 618 kvadratmetr olan yeraltı bunker hərraca çıxarılıb.

“Bild” qəzetinin məlumatına görə, Şarlottenburq rayonunda yerləşən obyektin ilkin satış qiyməti 398 min avrodur.

Hərrac dekabrın 17-də Berlinin “MOA” hotelində “Deutsche Grundstücksauktionen” (DGA) hərrac evi tərəfindən keçiriləcək.

Bunker 1906-cı ildə inşa edilmiş yaşayış binasının ikinci yeraltı mərtəbəsində, Kaiserdamm küçəsi, 102 ünvanında yerləşir.

Zirzəminin bomba sığınacağına çevrilməsinə 1936-cı ildə başlanılıb. İkinci Dünya müharibəsi zamanı burada 250 nəfərə qədər insanın sığınması mümkün olub. Müharibənin son mərhələsində isə obyektin hərbi hospital kimi istifadə edildiyi ehtimal olunur.

Müharibədən sonra bunker uzun illər istifadəsiz qalıb. 2022-ci ildə onun bəzi hissələrində sərgi və incəsənət layihələri təşkil edilib.

Obyekt 18 ayrı otaqdan ibarətdir. Ən böyük otağın sahəsi 183 kvadratmetr, tavanının hündürlüyü isə təxminən 5 metrdir.

Bunkerdə pəncərələr, istilik, su təchizatı, müasir havalandırma və sanitar sistemlər yoxdur. Satış elanında onun anbar kimi istifadə oluna biləcəyi qeyd edilib.

Alıcı obyektin qiymətindən əlavə, binanın ümumi saxlanma xərcləri üçün hər ay təxminən 743 avro ödəməli olacaq.

Maraqlıdır ki, eyni binanın damında saunası və terrası olan lüks mənzillər tikilir. Təxminən 240 kvadratmetrlik mənzillərin qiyməti 2,5 milyon avroya çatır.

Qeyd edək ki, Almaniyada mülki müdafiə sığınacaqlarının çatışmazlığı yenidən müzakirə mövzusuna çevrilib. Rəsmi məlumatlara görə, Berlində ümumilikdə 4080 nəfərlik dörd bunker mülki müdafiə sistemində qeydiyyatdadır. Lakin onların heç biri hazırda istifadəyə yararlı deyil.



Xəbəri paylaş

4 dəfə oxunub.

Digər xəbərlər