Ana Sayfa > Karusel / Gündəm > Aeroportlarda VİP salonlarından istifadə qaydaları açıqlanıb
Aeroportlarda VİP salonlarından istifadə qaydaları açıqlanıb2-11-2021, 12:39. Yazar: Admin |
Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydası müəyyənləşib. VİP salonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda və “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nda nəzərdə tutulmuş şəxslərə, habelə bu Qaydalarda nəzərdə tutulmuş digər şəxslərə xidmət göstərilir. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin əl yükü və baqajı, həmçinin onları yola salan (qarşılayan) şəxslər ümumi qaydada baxışdan keçirilirlər. Siyahılara daxil olan şəxslərlə birlikdə səfər edən ailə üzvlərinə də VİP salonlarında xidmət göstərilir. “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”na daxil olan şəxslərə və onlarla birlikdə səfər edən ailə üzvlərinə VİP salonlarında xidmət ödənişsiz əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin, Azərbaycan Respublikası vitse-prezidentlərinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və onun müavinlərinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası xarici işlər nazirinin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin dəvəti ilə xarici dövlətlərdən Azərbaycan Respublikasına gələn nümayəndə heyətlərinin gediş-gəliş tarixi və reysin nömrəsi barədə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə dəvət edən tərəfindən məlumat verilir. “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”na daxil olan şəxslərə və onlarla birlikdə səfər edən ailə üzvlərinə VİP salonlarında xidmət qarşılıqlıq prinsipi əsasında ödənişsiz və ya ödənişli əsaslarla həyata keçirilir. Siyahılara daxil olmayan, habelə bu Qaydalarda nəzərdə tutulmamış şəxslərə VİP salonlarında xidmət Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan birdəfəlik yazılı sifarişlər əsasında həyata keçirilir. Təxirəsalınmaz hallarda (qeyri-iş günlərində (vaxtlarında) Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin şifahi tapşırıqları icra oluna bilər. Azərbaycan Respublikasının Prezidentini və onun ailə üzvlərini xarici ölkələrdə və ölkədaxili səfərlərdə müşayiət edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları (müvafiq mühafizə avadanlıqlarının və xüsusi vasitələrin VİP salonlarından daşınmasına icazə verilməklə) səfərdən əvvəl və səfərdən sonra VİP salonlarının xidmətlərindən ödənişsiz əsaslarla istifadə edirlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə edirlər. Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonuna münasibətdə bu Qaydaların 3.6-cı və 3.8-ci bəndlərində qeyd olunan şəxslərə xidmət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatı rəhbərinin gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildirişi əsasında həyata keçirilir. Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları istisna olmaqla, yuxarıda qeyd olunan şəxslərə VİP salonlarında göstərilən xidmət haqlarının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Geri dön |