Saytımızı qiymətləndirin


 
 

"Ruhani"- Rəna İbrahimova yazır
Tarix: 07-03-2024 | Saat: 10:29
Bölmə:Karusel / Yazar | çapa göndər

Laçın işğaldan əvvəl, qələbədən sonra - Video
Həmişə gümrah olan, piyada gəzməyi sevən Güloğlan özünü narahat hiss edirdi. Əvvəlcə heç kəsə heç nə demədi. İşin o yerdə olmadığını görüb, həyat yoldaşına narahat olduğunu dedi. Nədənsə o qədər də ciddiyə alınmadı, "keçib gedər, olan şeydir" dedi. Onu hamı ayaq üstə görüb həmişə. Xəstəliyi heç kim ona yaraşdırmırdı. Onun siması o qədər işıqlı, nurlu idi ki, dərdi, kədəri olanda belə çöhrəsində hiss olunmurdu. Qəm yükü sinəsinin altında - o yumruq boyda ürəyində qərar tuturdu. Ora isə dopdolu idi. Hər şeyi danışmaz, bölüşməzdi.
Güloğlan sovet dövrünün adamı idi. O vaxtlardan çoxdan keçsə də özündə hələ də dövrünün xüsusiyyətlərini saxlayırdı. Müəyyən mənada mühafizəkar insan idi. Yumşaq, həlim, heç kəslə işi olmayan insan idi. Lap uşaq vaxtlarından həyatın bütün çətinliklərinə dözmüş, çox şeyləri təkbaşına yaşayaraq ağ saçlı, ağ saqqallı, bir baba olmuşdu.
Kənddə hamının hörmət etdiyi, sayılıb - seçilən kişilərdən olan atası tez rəhmətə getmişdi. Ailənin ağırlığı analarının üstünə düşmüşdü. Çoxuşaqlı ana balalarına təhsil vermək, oxutmaq üçün gecəsini gündüzünə qatırdı. Güloğlan da bu səbəbdən ailədən tez uzaqlaşdı. Əvvəlcə Şuşada internat məktəbində oxumuş, sonra Bakıya gəlmişdi. Öz - özünə böyüyərək, özü özünü böyütmüşdü. Gənc vaxtı yaraşıqlı, uca boylu, ağbəniz, qıvrım saçılı bir oğlan olmuşdur. Dəliqanlı, dava - dalaşdan qorxmayan, bəzən onun mərkəzində olan gənc idi. Mühit onu o qədər dəyişmişdi ki, heç vaxt kənd uşağıdır demək olmazdı. Sənədlərdə adı Baloğlan olsa da hamı ona Güloğlan deyirdi. Hər iki ad ona çox yaraşırdı. Ondan danışanda hamı ona "Əşşi, gül oğlandır ki, gül oğlan" deyirdilər. Tikintintidə işləyir, sovet Bakısının inkişafında, böyüməsində o da əlindən gələni əsirgəmirdi. Ev növbəsinə dayanaraq birotaqlı mənzil də almışdı. Bu mənzildə subay da olsa tək yaşamırdı. Bacı-qardaşını, bacı uşaqlarını da başına yığıb yaşayırdı. Onlardan tələbə olanı, oxuyub işləyəni də vardı. Hələ rayondan, kənddən gələnlərə də qapısını daim açıq saxlayırdı. İstəyirdi ki, hamı oxusun, işləsin. Tikintidə işləsə də həmişə bəy kimi geyinirdi. Ağ parçadan dəstləri alır, tikdirir, elə ağ köynəklə də geyinirdi. Şəkil çəkdirməyi, gəzməyi çox sevirdi. O dövrün ən gəzməli yerlərində, sanatoriyalarında dincəlirdi. Yessentuki, Minvodı onun ayağı altında idi. Rusiyanın şəhərlərinin əksəriyyətində olmuşdu. Kəndə adətən yayda gedirdi. Həm təsərrüfatda anasına kömək üçün həm dincəlmək, havasını dəyişmək, də toylarda iştirak etmək üçün. Bu yaraşıqlı oğlanın qol açıb oynamasına gəl, indi tamaşa etmə. Qollarını qartal kimi açırdı, elə qəşəng oynayırdı, iki göz də satın alıb baxmaq istəyirdin. Hərdən bir əlini qulağının dibinə qoyub oynayırdı. Elə bil rəqs etmək üçün doğulmuşdu. Yaraşıqlı, şəxsiyyətli olduğunu bilməmiş deyildi.
Kəndin toyları maraqlı olurdu. Üç gün, üç gecə davam edirdi.Ən maraqlı anlar isə gecə olurdu. Kəndin zəhmətkeş insanları bütün işlərini tez qurtarıb, toya gedirdilər. Həyətlərdə qurulan mağaradan səs bütün kəndə yayılaraq əks-səda yaradırdı. Hamıda həvəs yaradırdı ki, onu dinləməyə gəlsinlər.
Kənddə hamının öz oyun havası olurdu. Kimisi "Nə qaldı" kimisi, "Uzun dərə" kimisi "Qaldım boylana-boylana", " Yalvara-yalvara", "Sarıköynək", " Yanıq Kərəm", "Şalaxo", Qoçəli", kimlərsə də yeni çıxan mahnıları çaldırıb oynayardı. "Fəridəm", "Zülfiyyə", " Zeynəbim" və s. Güloğlan isə "Ruhani" ni oynayardı. Özü də tək yox, kənddə bu havanı ən gözəl oynayan Mətanətlə. Onlar yaxın qohum idilər. Yaş fərqləri də çox idi. Boyları da fərqli. Amma bu havanı bütün varlıqlarıyla hiss etmək, bədən dili ilə onu çatdırmaq məharət tələb edirdi. Onlar da bu işin öhdəsindən məharətlə gəlirdilər.
"Ruhani" ağır-ağır çalınardı. Kəndlərdə adətən "Mişni aşıqları" dediyimiz üçlük toyları aparırdı. Əlbəttə, şəhərdən, başqa rayonlardan da musiqiçilər gəlirdi amma bu üçlük daim əlçatan idi. Bu üçlükdən ən yadda qalan nağaraçı Möhübbət idi. Arıq üzündə Koroğlunun bığlarından da uzun bığları vardı. Nağaranı isə hər zaman çubuqla çalırdı. Zurnanın, balabanın, nağaranın səsi heç kəsi biganə qoymurdu özünə. Eşidənlərin sümüyündə su oynayırdı. Amma bu "Ruhani" başqa cür səslənirdi. Bu oyun , bu rəqs də rəqs edənlər də başqa bir ruhda olurdular. Bu cütlük necə, harada, nə zaman yaranmışdı, mən bilmirəm, amma bu neçə onilliklər ərazisində hələ də "Ruhani"ni elə oynayan görməmişəm. Rəqs uzun çəkirdi. Oynayanlar yalnız və yalnız dabanlarının və pəncərələrinin üzərində oynayırdılar. Arada dizlərinin üzərində ritmlə yanlara doğru hərəkətlə qalxıb- otururdular. Pəncələr dabanı, dabanlar tərpənmədən eyni ahənglə, eyni ritmlə pəncələri əvəz edirdi. Beləcə, meydanda bir neçə dəfə dövrə vururdular. İlahi, bu havanı oynayanlar, ona tamaşa edənlər nə qədər səbr sahibləri imişlər? Onlar rəqs etdikcə əllərinə pul verilirdi - göy beşlik, qırmızı onluq...
Bu hava sanki bu iki nəfər üçün yaradılmışdı.
Laçın rayonu işğal edildikdən sonra bu havanı heç vaxt oynamadılar. Heç kəs də elə oynamadı. Bu iki insan qohum da olsalar yolları eyni bir məclisdə kəsişmədi. O havanın səsi də sədası da elə o dağlarda qaldı.
O nəhəng cüssənin yaraşıqlı sahibi isə əbədiyyətə qovuşdu. Elə o havalardakı səs kimi, o dağlardakı səda kimi göylərə ucaldı, əbədi köçü "Ruhani" kimi ağır-ağır son mənzilinə yola düşdü - "Ruhani"nin dağlardan ağır ruh yükü düşdüyü yerə.
Rəna İbrahimova


Xəbəri paylaş

1797 dəfə oxunub.

Digər xəbərlər