Tarix: 16-10-2025 | Saat: 22:14
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, görüşdə S.Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin Asiya ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyini bildirib. Bu kontekstdə, ölkəmizin Asiya və Okeaniya regionunda yerləşən inkişafda olan ölkələri, ələlxüsus kiçik ada ölkələri üçün yardım proqramlarını həyata keçirdiyini bildirib.
2009-cu ildən ICAPP-ın Daimi Komitəsinin üzvü olan Yeni Azərbaycan Partiyasının təşkilatın fəaliyyətinə verdiyi töhfələr barədə söhbət açan Baş nazirin müavini, ötən müddət ərzində YAP-ın İCAPP-ın bir sıra yüksək səviyyəli tədbirinə, o cümlədən 7-ci Baş Assambleyasına uğurla ev sahibliyi etdiyini deyib.
Bu baxımdan sabah Bakıda keçiriləcək “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının əhəmiyyətinə toxunulub.
Azərbaycanın ICAPP təşəbbüslərində fəal iştirak vasitəsilə Asiyada siyasi dialoqun gücləndirilməsinə, sülhün, sabitliyin və dayanıqlı inkişafın təşviqinə töhfə verdiyi vurğulanıb.
S.Şərifov həmçinin ölkəmizin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərini 2020-ci ildə azad etməsi, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq və bərpa işləri barədə ətraflı məlumat verib.
Bu xüsusda, Azərbaycanın Ermənistanın işğalı nəticəsində böyük maliyyə vəsaiti tələb edən fəsadlarla mübarizə apardığı bildirilib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 150 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Buna baxmayaraq, o, məhz Azərbaycanın sülhsevər ölkə olaraq Ermənistana sülh sazişinin imzalanmasını təklif etdiyini vurğulayaraq, iki ölkə arasında cari ilin 8 avqust tarixində Vaşinqtonda sülhün bərqərar olunmasına dair tarixi razılaşmaya nail olunduğunu qeyd edib.
Digər xəbərlər