Saytımızı qiymətləndirin


 
 

“Ermənistan və Rusiya savaşda olmaları barədə görüntü yaradırlar” –TOFİQ ZÜLFÜQAROV/MÜSAHİBƏ
Tarix: 04-04-2024 | Saat: 16:46
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov Cənubi Qafqaz ətrafındakı proseslər, siyasi gündəmlə bağlı Azpost.info-ya müsahibə verib.

Müsahibəni oxucularımıza təqdim edirik:

-Bildirmisiniz ki, müşahidə olunan Rusiya-Ermənistan gərginliyi süni xarakterlidir və oyundur. Bu fikrinizi necə izah edərdiniz?

-Birincisi, onu qeyd etmək lazımdır ki, biz bu məsələdə bir çox təxribatlarla rastlaşırıq. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı bəyanatlar verərkən İrəvanın “Zvarnost” hava limanındakı rus hərbçilərini çıxarmağı səsləndirdi. Hansı ki, həmin aeroportda 15-20 rus sərhədçisi var. Paşinyan başqa bir bəyanatında deyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşçkilatında (KTMT) Ermənistan fəaliyyətini dondurub və işarə edir ki, bu təşkilatdan çıxacaq. Sonra bu bəyanatlara Rusiya rəsmiləri tərəfindən cavab verilir. Tamaşa elə peşəkarlıqla qurulub ki, adam az qala bu iki ölkə arasındakı gərginliyə inansın.

Məsələ belədir ki, bu təşkilat siyasi baxımdan artıq “ölüb” və KTMT-də hansısa addımın atılması Rusiyadan asılıdır. Ermənistan KTMT-dən çıxsa, nə olacaq, çıxmasa nə olacaq ki… Bu, artıq mənasız bir məsələdir və Moskva ilə İrəvanın manipulyasiya etməsinə şərait yaradır. Bilirsiniz, Rusiyanın Ermənistandakı hərbi imkanlarına baxmaq lazımdır. Birincisi, Gümrüdə beş min Rusiya hərbçisinin cəmləşdiyi hərbi baza var. “Zvarnots” hava limanında Rusiyanın təxminən 18-20 dənə qırıcı təyyarəsi var. Eyni zamanda, sayı bəlli olmayan sərhədçilər mövcuddur ki, bu sərhədçilər Ermənistanın Türkiyə, İran sərhədlərini qoruyur. Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqlik barədə saziş mövcuddur. Bundan əlavə, xüsusi bir saziş var ki, o sənəd əsasında birgə hərbi birləşmə yaradılıb və o birləşmədə rus qoşunları ilə erməni qoşunları birgə fəaliyyət göstərirlər. Ermənistanın havadan müdafiə sistemləri birbaşa Rusiyadan idarə olunur. Bu ölkələr arasında yüzə yaxın hərbi müqavilələr, sənədlər mövcuddur.

-Paşinyan bu faktları bilmir?

-Əlbəttə ki, bilir, sadəcə dilə gətirmir. Hətta Paşinyan bir fikir də bəyan edib ki, Rusiyanın Gümrüdəki hərbi bazası 2044-cü ilədək fəaliyyət göstərə bilər. Bunlar hamısı onu göstərir ki, İrəvan Rusiya ilə savaşda olduğu görüntüsünü yaratmağa cəhd edir. Burada məqsəd də odur ki, Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı davam etdirməklə yanaşı, Qərbdən də maliyyə köməkliyi, silah dəstəyi ala bilsin. Demək istəyirəm ki, indi növbəti erməni oyunu müşahidə edilir. Hesab edirəm ki, həm Rusiya, həm də Ermənistan eyni məqsədə xidmət edən addımlar atırlar. Istəkləri də bəllidir: Ermənistan üçün Qərbdən maliyyə dəstəyi almaq. Çünki indiki mərhələdə Rusiyanın özünün  imkanları yoxdur ki, Ermənistanı maliyyələşdirə bilsin.

Ümumiyyətlə, bu, Ermənistan üçün biabırçı vəziyyətdir. Sözdə müstəqil, “dərin tarixə və demokratiyaya sahib olan Ermənistana” xaricdən gələnləri qarşılayan “Zvarnost”dakı rus hərbçiləridir. 30 ildir ki, bu biabırçılıq davam edir. Ola bilər ki, Ermənistan risk edir ki, heç olmasa, bu biabırçılığı aradan qaldırsın. Amma söhbət ondan getmir ki, Rusiya hərbi varlığı Ermənistanda sona çatır.

Başqa bir məsələ odur ki, guya Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir, siyasət bu yöndədir. Digər tərəfdən, Avrasiya İqtisadi İttifaqından çıxmaq istəmir. Əslində çıxması mümkün də görünmür. Çünki bu təşkilat çərçivəsində iki ölkənin əməkdaşlığını tənzimləyən yüzlərlə iqtisadi sənədlər var. Amma görüntü yaradırlar ki, guya Rusiya ilə Ermənistan münasibətləri gərgindir, küsüblər. Məsələ budur ki, Rusiya da bu oyunda fəal şəkildə iştirak edir.

-Onda belə anlaşılır ki, Qərb Moskva-İrəvan oyununu ya bilmir, ya da bilir, sadəcə bu oyun Qərbə də sərf edir…

-Bilirsiniz, bundan qabaq Qərbin mövqeyi belə idi ki, əgər Rusiya Ermənistan ərazisindən çıxmasa, İrəvana kömək edilməyəcək. İndi isə məncə, Qərbin mövqeyində qismən dəyişiklik var. Onlar Rusiyanın Ermənistandakı hərbi imkanlarını bilirlər və bu imkanların qalması ilə yanaşı, öz sistemlərinə uyğun imkanları yaratmaq niyyətindədirlər. Eyni zamanda, Qərb xof yaratmaqla, “Azərbaycanın Rusiyanın təhriki ilə Ermənistanı cəzalandırmaq istəyir” təxribatını yaymaqdadır. Təbii ki, bu, belə deyil və ola da bilməz. Bizim üçün qurulmuş bu oyunu yaxşı başa düşməliyik, anlamalıyıq ki, həmişə olduğu kimi, həm Rusiya, həm də Qərb Ermənistana xüsusi münasibət bəsləyir. Biz bunu hələ ATƏT-in Minsk Qrupunun dövründə açıq şəkildə görmüşük, müşahidə etmişik. İstənilən coğrafiyada bir-birinə düşmən kəsilən Rusiya və Qərb Ermənistanla bağlı məsələdə eyni mövqedən çıxış ediblər.

İndi Ermənistan təxribat xarakterli informasiyalar ortaya atır. Məsələn, guya Azərbaycan Qazaxın işğalda olan 4 kəndini qaytarmasa, hücuma keçəcək. “Ermənistan təhlükədədir” görüntüsünü yaratmaqla İrəvan istəyir ki, Qərbin hansısa köməyinə nail olsun. Əminəm ki, Moskva İrəvana icazə verib ki, gedib Brüsseldə ABŞ, Avropa İttifaqı ilə “Ermənistanın təhlükəsizliyinə zəmanət” adı altında nəsə qoparsın, özü üçün maliyyə mənbəsi tapsın.

-Maraqlı məqamlardan biri də İrəvanın Qərbi regiona gətirmək siyasətinə Tehranın susqun qalmasıdır. Halbuki İran sərhədlərinə Qərb, NATO qüvvələrinin gəlməsini “qırmızı xətti” sayırdılar…

-Birincisi, Qərb də, NATO da artıq regiondadır. Türkiyənin NATO-nun əsas üzvü olduğunu unutmaq olmaz. Ermənistanla İran arasındakı 40 kilometrlik sərhəddə Qərbin hansısa zəif hərbi missiyası Tehranı narahat etmir. İranın əsas narahatlığı Türkiyə-Azərbaycan tandeminin regionda güclənməsi ilə bağlıdır. Tehran “qırmızı xətti” dedikdə Türkiyə-Azərbaycanın birliyini, regionda güc sahibi olmasını nəzərdə tutur. Ona görə də, Ermənistanın Qərblə yaxınlaşması, gedib Brüsseldə “təhlükəsizliyinə təminat almaq” cəhdinə susqun yanaşır. Yəni bunu özü üçün problem saymır.

-Aprelin 5-də Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistan görüşündə sizcə,  hansı məsələlər müzakirə olunacaq, nə qərar veriləcək?

-Planın nədən ibarət olduğu barədə artıq mən ümumi dedim. Aprelin 5-i görüşündən sonra mən dediyim tezisləri – Azərbaycan barədə, Rusiya barədə təxribatçı təbliğatı gücləndirəcəklər. Əminəm ki, ən azından Rusiya və Fransa arasında Ermənistanla bağlı razılaşma var. Bu razılaşma da ondan ibarətdir ki, gələcəkdə şərti sərhəddə Rusiya ilə Fransanın müştərək missiyası yaransın. Və orada fransızlar, Avropadan, Kanadadan gələnlər ruslarla birgə toplaşıb Ermənistanın xeyirinə hansısa işləri görəcəklər. Bu, qaçılmazdır, ona görə ki, Rusiya hansısa mərhələdə sanksiyalardan, beynəlxalq izolyasiyadan çıxsın. Dünyaya da bəyan etsin ki, beynəlxalq missiyalarda iştirak edir, qoşunları Ermənistan-Azərbaycan şərti sərhədində beynəlxalq mandat əsasında fəaliyyət göstərir. Güman edirəm ki, bu məsələ Brüsseldə dərindən müzakirə olunacaq. Yenə deyirəm, Paşinyanı Brüsselə göndərən Moskvadır. Qərb də şərti sərhəddə ruslarla birgə missiyada maraqlıdır. Məsələn, Fransa Prezidenti Emmanuel Makron sabah gəlib Fransa Senatında desə ki, qoşunlar Ermənistan sərhədinə göndərilsin, fransızlar sual edəcəklər – hansı pulla? Deyəcəklər ki, nəyə görə qoşunları Ermənistan-Azərbaycan sərhədinə göndərməliyik, iqtisadi maraqlarımız yoxdur axı. Amma Rusiya qoşunları şərti sərhəddə muzdlu funksiyasında Qərb pulları əsasında fəaliyyət göstərəcəklər. Onu da deyim ki, bu model artıq çoxdan tətbiq edilib. O vaxt Abxaziyada Rusiya sülhməramlıları var idi. Onlarla yanaşı, BMT-nin missiyası, Avropa İttifaqının missiyası, ATƏT-in müşahidəçiləri fəaliyyətdə idilər. Yəni ki, kim istəyirdi orada gəlib işləyirdilər. Abxaziyadakı o vaxtkı vəziyyəti istəyirlər təxminən şərti sərhəddə yaratsınlar.

-Təbii ki, Ermənistan da bunda maraqlıdır…

-Əlbəttə, maraqlıdır. Bu, Ermənistana ona görə lazımdır ki, şərti sərhəd mövzusu bu şəkildə həllini tapsa, Qarabağ ermənilərinin Qarabağa qayıtmasını daha aqressiv şəkildə gündəmə gətirəcəklər. İndi qorxurlar. “Dağlıq Qarabağ ermənisi” ifadəsini işlədən kimi bilirlər ki, Azərbaycan vaxtilə Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıdışı məsələsini gündəmə gətiririk. Amma şərti sərhəddə beynəlxalq missiya yerləşərsə, artıq sərhədlər beynəlxalq təminat altında olacaq, Ermənistan üçün təhlükə sovuşacaq. Buna nail olandan sonra İrəvan Qarabağ məsələsini yenidən gündəmə gətirəcək. Proseslər təxminən bu istiqamətdə inkişaf edir. Biz bunları yaxşı görürük, başa düşürük. Azərbaycan da bu istiqamətdə öz addımlarını atır, proseslərin ziyanının qarşısının alınması üçün çalışır.



Xəbəri paylaş

11 331 dəfə oxunub.

Digər xəbərlər