Saytımızı qiymətləndirin


 
 

Xan, kənd, bayram, tonqal... - Çingiz Özgürün yazısı
Tarix: 19-03-2024 | Saat: 15:57
Bölmə:Karusel / Yazar | çapa göndər

Novruz elə bayramdır ki, onun gəlişini bütün varlığınla hiss edirsən. Həm canınla, həm ruhunla yaşayırsan. Elə bayramdır ki, gələcəyə ümid verir, keçmişə, xatirələrə sayğı, hörmət oyadır. İlaxır çərşənbə elə gündür ki, keçmişlər haqda, tarixə qovuşanlar, hətta rəhmətə gedən yaxınlar haqda da şirin xatirələr oyadır.
Biz tərəflərdə Novruzun ümumi adətlərindən başqa, bir də hər kəndə, hər elə xas olan adətləri var. Ümumi bayram rituallarından başqa, kəndbəkənd, elbəel dəyişən rituallar var. Məsələn, “Xan bəzəmə” bizim ən sevimli Novruz ritualımızdı. Başlığa çıxardığım sözlər hamısı birlikdə bizə Novruzu, İlaxırı (biz tərəfdə “Yeddiləvin” də deyilir) xatırladır. Bayram oldumu, dünyanın harasında olursan ol, kənd yada düşər. Bayram oldumu, hansı kənddə olursan ol, rayon mərkəzinə - Ordubada, qədim “Sərşəhər meydanına”, “Xana baxmağa” tələsərsən. Bayram oldumu, ilaxır çərşənbə üçün xüsusi tonqal tədarükü görüb, ocaq yandırarsan.
Bir də çox görünməyən, üzdə olmayan, amma hiss edilən tərəfləri var İlaxırın və Novruzun. Məsələn, “bayram” bizdə həm də ölçü vahididir. İki mübahisə edəndən birisi “Sakit dur, mən səndən gör neçə bayram böyüyəm!” dedisə, mübahisə bitər. “Neçə yaş” yox, məhz “neçə bayram”. Böyüklük-kiçiklik üçün bizim ölçü vahidimizdir bayram. Toyda, nişanda, lap elə gündəlik həyatda birinə iş buyuranda, “A uşaq, mən səndən azı bir bayram böyüyəm, get filan işi filan elə” deyildisə, məsələni bitmiş, işi həll olmuş sayırıq.
Birinin uzun zamandır görünmədiyini, üzə çıxmadığını bildirməkçün “Lap bayram şəkərburasına dönmüsən” deyirlər. Birinin yaxşılaşdığını, kefinin kök olduğunu ifadə etməkçün “Maşallah, bayram qoğalı kimisən” ifadəsi işlədilir. Anaların, xalaların çörək yapmaqçün saldığı təndir çərşənbə tonqalı ilə müqayisə olunar, “Elə yanır, elə bil çərşənbə tonqalıdır” deyilər.
Biz tərəflərdə İlaxır çərşənbə ilə Novruz ayrılmaz, bütöv bir bayram sayılsa da, hərəsinin özünəməxsusluğu, öz adət-ənənəsi var. Novruzun “yumurta yığmağı” qədər çərşənbənin də “torba atmağı” maraqlıdır. Novruzda geyiniləcək təzə paltarlar qədər, çərşənbə axşamı tanınmamaq üçün başa keçirilən corablar, köhnə sırıqlılar həyəcan verir. Bayramın toyu, oynamağı qədər çərşənbənin də “taraqqası”, “part-purt”u əyləncəlidir.
Və ən önəmlisi, İlaxır çərşənbə həm də bütövlük rəmzidir.
Ailəyə bütövlük gətirər İlaxır çərşənbə. Kimin harda, hansı işlə məşğul olmasından asılı olmayaraq, həmin gecə bütün ailə bir arada olar. Şəhərdəkilər şəhərdən, qürbətdəkilər qürbətdən dönər, çərşənbə ocağından atlanıb süfrə başına yığılar. Kimin ailəsi tamdır, bütövdüsə, hamı gəlib çıxıbsa, ən xoşbəxt o ailə sayılar.
Kəndlərə bütövlük gətirər İlaxır çərşənbə. Bir qayda olaraq axşam eyni vaxtda qalanar tonqallar. Evlərin uca yerində, damlarda yandırılar. Hamı bir-birinin oduna isinər sanki. Kəndin bir damından gələn “hürrreyyy” səslərinə bütün damlardan cavab gələr. Həmin ili yası düşənlər, xətirli olanlar ocağını birinci yandırar. Çünki bütün kənd onların tonqalını gözləyər. Bu, min illərin yazılmamış qaydasıdır. Hətta qonşular o həyətə yığılar, ilk orda tonqal qalayıb, sonra öz həyətlərinə çəkilərlər. Bir az zəif olar, az yanıb, tez sönər, bəzən damda yox, həyətdə qalanar, amma mütləq ki, yanar çərşənbə tonqalı. Hansı kənddə bütün tonqallar damda yandı, bütün tonqallar gur yandısa kəndlərin ən xoşbəxti o sayılar.
Ellərə bütövlük gətirər İlaxır. Təkcə evlərdə yox, dağlarda da qalanar çərşənbə tonqalları. Kəndlər bir-biriylə dağlarda qalanan tonqallarla bayramlaşar. Sıldırımlı qayaların ən təpəsinə çıxar kəndlərin qoçaq uşaqları. Bu kənddə qalanan tonqalın işığına o biri kənddə alışan tonqal “cavab verər”. Tonqallaşa-tonqallaşa, işıqlana-işıqlana bütövləşər ellər. Vay o gündən ki, hansısa kəndin, hansısa məhəllənin ocağı yanmaya. Bütün el sarsılar, bütün kəndlər öz bayramını yarımçıq hesab edər, bütün kəndlərin ocaqları öləziyər.
Tarixən belə olub, bölgə-bölgə, el-el bir birimizin ocaqlarından güc almışıq Axır çərşənbədə. O vaxt ki, Vətənin hər bir elində ocaq yanıb, onda bütün ocaqlar gur olub. O vaxt ki, hər bir dağdan tonqal işarıb, bütün Vətən bayram edib.
İllərdir ki, dağlarımızdakı, həyətlərimizdəki, damlarımızdakı çərşənbə ocaqları, bayram tonqalları yarımçıq idi. Uzun zaman idi ki, İlaxır çərşənbəmizin bütövlüyü pozulmuşdu. Qaladığımız ocaqlar Şuşadan, Kəlbəcərdən, Qubadlıdan işartı görmürdü deyə yanmırdı, eləcə öləziyib-öləziyib sönürdü. Böyük Zəfər savaşımızdan sonra Şuşadan, Laçından, Zəngilandan qalanan tonqallar bizi nə qədər sevindirsə də, natamamlıq bitməmişdi.
İlaxır çərşənbə tamlıq sevər, bütövlük sevər! Bütöv çərşənbələr daha möhtəşəm görünər, bütöv çərşənbəni yaşayanlar daha xoşbəxt olar. Bütöv ailələrin çərşənbəsi daha sevincli, ağrı-acısız, itkisiz il keçirdən, bütöv kəndlərin çərşənbəsi daha xoşbəxt, bir birinin “ocağına istinən” bütöv ellərin çərşənbəsi daha möhtəşəm olar. Hər şəhərində, hər kəndində tonqal qalanan bütöv Vətənin çərşənbəsi daha sevinclidir, xoşbəxtdir, huzur doludur.
Dünən Vətənimizin, Azərbaycan dövlətinin dövlət başçısı Xankəndində bayram tonqalını yandırdı. Bu möhtəşəm görüntülər hər bir azərbaycanlının qəlbini isitdi. İllərdir sönmüş ocağımız yandı, illərdir yarımçıq olan İlaxır çərşənbəmiz bütövləşdi! İllər sonra Vətən bütöv qeyd eləyir Novruzu! İllər sonra başqa dağlarda yanan tonqallara Xankəndi dağlarından, Xocalı qayalarından cavab gəlir. Vətənin hər yerində qalanan tonqallar gur yanır! Başlığa çıxardığım, bizə İlaxırı, çərşənbəni xatırldan dörd söz bir cümlədə birləşdi və beləcə çərşənbəmiz də vətənimiz kimi, bütövləşdi:
XANKƏNDİDƏ BAYRAM TONQALI YANDI!
Çərşənbəni bütövləşdirən oğulların, qanından vətən torpağana su verən müqəddəs şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə Tanrı can sağlığı versin. Ocağı gur yanan dövlətimiz, hər qarışı bayram edən Vətənimiz var olsun! Bayramımız mübarək olsun!
Çingiz Özgür


Xəbəri paylaş

500 dəfə oxunub.

Digər xəbərlər