Tarix: 28-02-2022 | Saat: 16:51
Bölmə:Karusel / Region | çapa göndər
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Rüstəm Əhmədzadənin "Report"a müsahibəsi
Qarabaginfo.az müsahibəni təqdim edir:
- UEFA Konfrans Liqasının hər iki oyununda Fransa "Marsel"indən üstün oynasanız da, uduzdunuz. Sizcə, məğlubiyyətə nə səbəb oldu?
- Səbəbini demək çətindir. Biz yaxşı oynadıq, hamımız çalışdıq, bütün gücümüzü ortaya qoyduq. Hər kəs mərhələ adlamaq istəyirdi. Bizim kimi, "Marsel" də meydana bu niyyətlə çıxmışdı.
- Sizcə, cütün taleyini hansı amillər həll etdi?
- Bilirsiniz, bu, idmandır. Bu dəfə onların daha çox bəxti gətirdi. Baxmayaraq ki, biz yaxşı və inamlı oyun sərgilədik. Mərhələni keçə bilməməyimiz daha çox işləməyimiz, daha böyük hədəfləri qarşımıza məqsəd qoymağımız üçün səbəb olmalıdır. Biz yenə səylə məşqlər edəcək və inkişaf etmək, daha yaxşı nəticə göstərməyə çalışacağıq.
- Oyunda diqqət çəkən məqamlardan biri baş məşqçi Qurban Qurbanovun hərəkəti oldu. İbrahima Vadjinin əllə vurduğu qol baş məşqçinin istəyi ilə ləğv edildi. Buna münasibətiniz necədir?
- Mənə uşaqlıqdan bunu öyrədiblər: Baş məşqçinin istənilən qərarı doğrudur. Təbii ki, bu da düzgün qərar idi. Bütün dünya bu hərəkəti görür və qiymətəndirir. Düşünürəm ki, çox adam belə addımı atmazdı. Bu, fəxr etmək və digərlərinə nümunə göstərmək üçün yaxşı səbəbdir.
- Hazırda Ukraynada müharibə gedir. Siz də Ukraynada böyümüsünüz, oranın vətəndaşınız. Baş verən hadisələr barədə nə deyə bilərsiniz?
- Bu barədə çox danışmaq, beynindəki fikirləri müxtəlif sözlərlə ifadə etmək olar. Lakin bunların əhəmiyyəti yoxdur. Çünki heç bir söz müharibəni dayandırmayacaq. İstənilən xalq yalnız sülh istəyir, hamı müharibəyə qarşıdır. Ümidvarıq ki, bunlar daha tez bitəcək və bütün dünyada sülh bərqərar olacaq.
- Ukraynada yaxınlarınız, qohumlarınız var. Onlarla əlaqə saxlayırsınızmı, vəziyyətləri necədir?
- Əlbəttə, bütün doğmalarım, qohumlarım, dostlarım, tanışlarım Ukraynadadır. Mən orada böyümüşəm. Hadisələrə kənardan baxmaq çox ağırdır. Hamısı ilə daim əlaqə saxlayır, danışır, məlumat alıram. Vəziyyət çox pis, qorxulu və təhlükəlidir. Bunun nə qədər davam edəcəyini bilmirik. Baxmayaraq ki, hadisələr xeyli irəliləyib və kritik həddə çatıb. Təbii ki, həyəcan keçirirəm. Hər an hansısa yolla oradakı insanlara kömək etmək istəyirəm. İstənilən halda, vəziyyət çox çətindir.
- Onların arasında xəsarət alan var?
- Şükür Allaha, yoxdur və maksimum ümid edirəm ki, olmayacaq. Hər şey keçəcək, yaxşı olacaq. Yalnız buna ümid edir, fikirlərimi bu istiqamətə yönəldirəm. Başqa bir şeyi düşünmək belə istəmirəm.
- Ehtiyac olarsa, Ukrayna ordusuna qoşulmağa, vuruşmağa hazırsınız?
- Ukraynada yaxınlarım və doğmalarımın yanında olsaydım, döyüşmək zərurəti yaransaydı, əlbəttə, vuruşardım. Öz ərazimizi, mənə yaxın olan insanları qorumaq üçün mümkün olan hər şeyi edərdim.
Digər xəbərlər