Saytımızı qiymətləndirin


 
 

Hayların növbəti haya gedişi...
Tarix: 04-04-2024 | Saat: 12:05
Bölmə:Karusel / Yazar | çapa göndər

haylarin-novbeti-haya-gedisi

5 apreldə Brüsseldə keçirilməsi planlaşdırılan görüşlə bağlı informasiyaları izləyirəm. Söhbət ABŞ, Avropa Birliyi və Ermənistan görüşündən gedir. Ümumiyyətlə bu üçlükdə görüş sizə də qəribə gəlmirmi? İlk ağlagələn, uşaq vaxtı gördüyümüz davalar olur. Rəqibi tərəfindən yaxşıca əzişdirilən uşağı başqa vaxt ona məhəl qoymayan, yaşda və başqa xeyli böyük “kənd lotuları” yanına çağırıb qızışdırardı. O “böyüklərin” verdiyi qazla da həmin o nadinc uşaq yenidən döyüldüyü yerə qayıdardı. Heç nə, növbəti dəfə əzişdirilmək üçün...

Neçə gündür oxuyuram, baxıram və özüm üçün təhlil edirəm. Əsasən də son vaxtlar Rusiyanın əlindəki ipini qırmış və ya belə görünməyə çalışan Ermənistanın kimlər tərəfindən, haralara və niyə aparıldığını bilmək istəyirəm. Dünyadakı bütün mütərəqqi düşüncələr, müharibəyə qarşı olan bütün insanlar indi Qafqazda sülhü gözləyir. Bu müharibədən ən çox ziyan çəkən tərəf olmağımıza baxmayaraq, ən çox da biz sülh istəyirik. Xalq olaraq, millət olaraq, dövlət olaraq! Və hər fürsətdə bunu dilə gətiririk. Onu da yaxşı anlayrıq ki, bu sülhün bizdən daha çox lazım olduğu ölkələr var. Elə məhz buna görə də hər şeyə rəğmən sakitliyimizi, xoş məramımızı qoruyuruq.  Düz 32 il bundan öncə soyqırım edilərək toplu məzarlara doldurulan vətəndaşlarımızı o toplu məzarlardan çıxarıb dəfn edərkən belə soyuqqanlılığımızı itirmirik. Belə toplu məzarların hələ çox olacağını bilə-bilə sülh istəyimizdən əl çəkmirik. Faktiki ərazimiz olan, Ermənistanın hələ də işğal altında saxladığı kəndlərimizi də müharibəsiz, qan-qadasız tələb edirik. Deyirik, danışırıq, bəyan edirik. Biz sülh istəyirik.

Bəs onlar nə edir? Zəfər savaşından sonrakı istənilən anti-Azərbaycan, anti-Qafqaz  görüşə, yığıncağa, tədbirə qaça-qaça gedirlər. İstənilən ölkənin silah və hərbi sursat təklifinə dərhal “hə” deyirlər. Yerbəyerdən gələn bütün haylara “hay”lıqlarına salıb qatılırlar. Hələ də anlamırlar ki, döyülən uşağı haya gətirib yenidən döyənin qarşısına göndərmək istəyən kənd lotularını təmsil edən həmin o beynəlxalq qurumlar o uşağın ən yaxşı halda yenidən döyüləcəyini hamıdan gözəl bilirlər. Bəs məqsəd nədir? Əlbəttə ki, dava-şava, başıpozuqluq, təfriqə.

Hər şey bir yana, cəmi 8 il əvvələ, Aprel döyüşlərinə qayıdıb o möhtəşəm günlərdən dərs çıxarmaq çoxmu çətindir? Zəfər savaşına gedən yolun məhək daşı sayılan Aprel döyüşlərində illərdir Azərbaycanın müharibəsiz həll çağırışlarını qulaq ardına vuran Ermənistan, qulağının dibinə yağlı bir şillə yemədimi? Yaxşı fikir versələr, o şillənin yeri hələ də qaşınmalıdır axı. Lap da ki, yer həmin yer deyil, il də həmin il deyil, ay ki, həmin aydır. “Aprel” deyiləndə gərək böyüyündən kiçiyinə hər bir erməni bir dəfə yox, iki dəfə düşünə sonra nəsə addım ata. Hələ qaldı ki, başbilənləri.

Yaxşı, ermənilər heç, onlara xeyri yoxdur, bilirik. Bəs Azərbaycanla daim “sıx təmasda olduğunu” bildirən mesajlar verən ABŞ və Avropa Birliyinin məqsədi nədir? Daha doğrusu məqsədlərini yaxşı bilirik e, boyunlarına aldığı nədir?

Görüşün “böyük qardaşı” ABŞ-nin Dövlət Departamentinin rəsmisi Metyu Millerin deyib ki, “Brüssel görüşü Ermənistanın İQTİSADİ MÜQAVİMƏTLİLİYİNİN artırılmasına yönəlib”. Ermənistanın hələ görüşə getməmişdən öncə sərhəddimizə qoşun yığmağından, ayrı-ayrı terrorçu dəstələrin “Azərbaycana aid olan kəndlər qaytarıla bilməz, biz sona qədər döyüşəcəyik” bəyanatlarının tirajlanmasından, ölkə içində çox ciddi “sülhə müxalif” qüvvələrin varlığını göstərmə cəhdlərindən bəllidir, söhbət hansı müqavimətdən gedir. Cənab Miller fizikanı məktəbdə orta səviyyədə oxuyubsa, özü də yaxşı bilər ki, buradakı müqavimət məşhur Om qanunundakı “müqavimət”ə bənzəməz. Fizikada müqavimət artanda gərginlik də, şiddət də azalır. Siyasətdə bu belə deyil. Sizin “qaldırmaq istədiyiniz “ MÜQAVİMƏT bölgədəki GƏRGİNLİYİ də qaldıracaq. Nəticədə ŞİDDƏT də artacaq və bu şiddətdən əziyyət çəkən tərəfin biz olmayacağını son illərin təcrübəsindən ABŞ da, Avropa da yaxşı bilir. Bu belə.

Görüşün “ortancıl qardaşı” Avropa Birliyinin nümayəndəsi Pyotr Stanoyaya müəllim deyib ki,  “STABİL ERMƏNİSTAN STABİL CƏNUBİ QAFQAZ” deməkdir. Guya bu ideya ilə bütün Cənubi Qafqazın rifahına yönəldilmiş vahid strategiyanın aparıldığı nümayiş olunur. Ay-hay... Birincisi, Ermənistan Cənubi Qafqazdakı obrazlı ifadə ilə desək “implant dövlətdir”. Onlar bu torpaqların yerlisi deyillər, bu torpaqlardakı dövlətlərinin də heç bir tarixi yoxdur. Cənubi Qafqazda stabillik məsələsi onun boyunu aşan mövzudur. Bütün bunlara baxmayaraq, əgər Qafqazın stabilliyindən yana çalışırsınızsa, zəhmət olmasa, Ermənistanı sülhə məcbur edin və “Zəngəzur dəhlizi”nin açılmasını təmin edin. Ondan sonra eləcə  oturun öz ölkənizdə görün nə gözəl stabillik yaranacaq. Yoxsa ki...

Görüşün üçüncü tərəfi, “döyülən uşaq” Ermənistan isə iddia edir ki, “Brüssel formatı üçüncü ölkəyə qarşı çevrilməyib.” Haylar, burada artıq tam gül vurur. “Azərbaycan” yox. Məhz “üçüncü ölkə”. Çünki “üçüncü ölkə” təkcə biz deyilik, bölgədə bu görüşün bizdən daha çox təhdid etdiyi iki böyük ölkə var. Və qərbin bölgəyə “Ermənistandan sızma istəyi” bizdən daha çox İran və Rusiya üçün hansısa planlardan xəbər verir. Bu yerdə adam düşünür ki, əslində bir tərəfədən yaxşı olur. Bəlkə İran axır ki, ağız-ağıza öpüşdüyü, dəstək verdiyi hay qardaşlarının “ipinin üstünə odun yığılmayacağını” anlayar. Ermənilərin “ipi ilə quyuya enməyin” mümkünsüzlüyünü, konkret olaraq Ermənistanın “ipiqırıq” olduğunu görər. Beləcə, Rusiya da başının qarışıqlığından istifadə edib əlindəki ipini qıran Ermənistanın hansı qapılarda və nələr peşində olduğunu əyani sürətdə görmüş olur. Başqa vaxt biz deyəndə inanmırdılar, ya da inanmaq istəmirdilər...

Qərbə yaxşı bir məsləhətim var. Avropa Birliyi və Amerika doğrudan da Qafqazda stabillik istəyirsə, ermənilərin hamısını birdən görüşə çağırsın və geriyə göndərməsinlər. Stabil Qafqaz üçün ən yaxşı formul budur!

Nəysə ki, haylar yenə gedirlər. Haya gedirlər, küyə gedirlər, axır ki, gedirlər. Amma yaxşı bilirlər ki, hara getsələr də, dönüb-dolanıb gələcəkləri yer bəllidir. Onsuz da kimsə onlara yiyə duran deyil. Hər dəfə gedib qayıdanda isə, qarşılarında daha güclü, daha iradəli bir Azərbaycan görəcəklər. Məhz həmin güclü və qüdrətli Azərbaycan dövləti Cənubi Qafqazda stabilliyin də, iqtisadi müqavimətin də, lap elə “üçüncü dövlətə təhlükə olmamasının” da qarantıdır!

Brüssellərə gərək yoxdur, biz burdayıq.  

Çingiz Özgür



Xəbəri paylaş

1370 dəfə oxunub.

Digər xəbərlər