Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 1,3 mlrd. manata yaxınlaşıb
Tarix: 20-05-2026 | Saat: 17:24
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 1,3 mlrd. manata yaxınlaşıb

Bu ilin yanvar – aprel ayları ərzində ölkə üzrə ən yüksək artım informasiya və rabitə sahəsində qeydə alınıb.

Bu barədə Qarabaginfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprel ayının sonuna olan məlumata əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı 2,1%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 3%-ə yüksəlib.

Sahə üzrə gəlirlərdə də müsbət dinamika müşahidə olunub. Hesabat dövründə ümumi gəlir 1 milyard 271 milyon 200 min manata çatıb. Sektorun gəlirləri real ifadədə 9% və ya 127 milyon manat artıb. Son illərdə sektorun ümumi gəlirlərində informasiya xidmətlərinin payı artan dinamika üzrə davam edir. Xüsusilə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri üzrə gəlirlərdə 30,8% artım qeydə alınıb ki, bu da sektorun struktur baxımından daha yüksək dəyərli xidmətlərə keçidini göstərir.

Sektor üzrə investisiya qoyuluşlarında da artım müşahidə olunub. Hesabat dövründə informasiya və rabitə sektoruna yatırılan investisiyaların həcmi 76,7% və ya 80 milyon 300 min manat artaraq 185 milyon manat təşkil edib.

Bundan əlavə, nəqliyyat və anbar təsərrüfatı sahələrinin gəlirlərində də artım qeydə alınıb. Belə ki, Azərbaycanda yol-nəqliyyat infrastrukturun gücləndirilməsi, şəhər mobilliyi layihəsi çərçivəsində görülən işlər, eyni zamanda həm ölkədaxili, həm də tranzit yük daşımalarının həcminin artması nəticəsinə nəqliyyat və anbar təsərrüfatı sektoru üzrə cari ilin 4 ayında artım tempi yüksəlib. Sektorda yaradılan əlavə dəyərin həcmi 2 milyard 893 milyon 200 min manat olub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,5% və ya 240 milyon 900 min manat çoxdur.

Nəticədə, nəqliyyat və anbar sektorunun ÜDM-də payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.5 faiz bəndi artaraq 7,3%, qeyri-neft/qaz ÜDM-də payı isə 10,4% təşkil edib.

Eyni dövr ərzində sektorun gəlirləri real ifadədə 4,6% artaraq 4 milyard 748 milyon 600 min manat olub.

Qeydə alınan müsbət dinamika ölkədə yol-nəqliyyat infrastrukturunun modernləşdirilməsi və şəhər mobilliyinin inkişafı istiqamətində həyata keçirilən layihələrin, eləcə də sektora yönəldilən investisiyaların real nəticələr verdiyini göstərir. Eyni zamanda, Azərbaycanın regionda rəqabətədavamlı logistika mərkəzi kimi mövqeyini gücləndirdiyini və tranzit potensialını uğurla realizə etdiyini nümayiş etdirir.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər