Tarix: 02-03-2021 | Saat: 12:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ötən gün Ermənistanda Nikol Paşinyan tərəfdarları mitinq keçirib. Nümayişçilər qarşısında çıxış edən Baş nazir cari ilin oktyabr ayında ölkənin yarı prezident idarəetmə üsuluna keçidi üçün konstitusiyaya dəyişiklik edilməsi təşəbbüsünü irəli sürəcəyini bəyan edib. Həmçinin o, növbədənkənar parlament seçkilərinin keçirilməsinə də hazır olduğunu vurğulayıb.
Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, hazırda Ermənistanda mürəkkəb oyunlar gedir:
“Paşinyan bu məsələləri dünən Sarkisyanla görüşündən sonra səsləndirib. Onun fikirlərində əvvəlcə referendum keçirilməsi nəzərdə tutulur. Referendumda ölkənin prezident, yarım prezident, yoxsa parlament üsulu ilə idarə olunması barədə sualların müzakirəsini istəyir. Özü isə qeyd edir ki, o, yarım prezident idarə üsulunun tərəfdarıdır. İndiki halda Ermənistanda prezidentin faktiki olaraq heç bir həlledici hüququ yoxdur. Bu vəzifə simvolik olaraq ölkəni xaricdə və daxildə təmsil etmək xarakterini daşıyır və bir də Baş nazirlikdən gələn təqdimat və sərəncamları təsdiq etmək vəzifəsini yerinə yetirir”.
Politoloq diqqətə çatdırıb ki, ölkənin siyasi sistemində dəyişiklik edilməsini Nikol Paşinyan bir neçə dəfə təklif edib:
“O əsaslandırıb ki, Serj Sarkisyan parlament sistemini öz məqsədlərinə uyğun tətbiq edir. Yəni iki prezidentlikdən sonra baş nazir olanda o, bütün səlahiyyətləri baş nazirin əlində topladı. Paşinyan hazırda Prezidentin səlahiyyətlərini artırmaq, öz səlahiyyətlərinin bir hissəsini ona vermək istəyir. Görünür, bu barədə Armen Sarkisyanla müəyyən razılığa da gəlib. Paşinyan bunu referendum yolu ilə həll etdikdən sonra payız aylarında prezident seçkilərinin keçirilməsini təklif edir. Onu təklifinin baş tutub-tutmayacağını isə deyə bilmərəm. Hər halda indiki siyasi sistemin fərqli bir konfiqurasiyasını qurmaq istəyir. Hamı istəyir ki, hakimiyyətin səlahiyyətlərini öz üzərində cəmləsin. Hakimiyyətin məsuliyyəti dövrü artıq arxada qalıb. Amma ölkənin gələcək inkişafı, böhrandan ölkəni çıxarma, əhalinin maddi rifahı kimi məsələlər var. Bu fonda Paşinyan məsuliyyət və səlahiyyətləri bölüşdürməklə tənqid payını da bölüşdürmək niyyətindədir. Məncə, düzgün addım atır”.(Yenisabah)
Digər xəbərlər