Saytımızı qiymətləndirin


 
 

“İstəyirlər ki, Azərbaycan Ordusu vurub bir mülki ermənini öldürsün” - Polkovnik
Tarix: 18-07-2023 | Saat: 12:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

“İstəyirlər ki, Azərbaycan Ordusu vurub bir mülki ermənini öldürsün” - Polkovnik

“Azərbaycan Laçın yolunu nəzarətə götürəndən sonra Qarabağ separatçıları bu məsələnin əsas narrativlərini etnik təmizləmə və soyqırımı üzərinə çevirdilər. Həmçinin, ermənilər bununla bağlı beynəlxalq institutlara müraciət etdilər. Lakin onlar heç bir beynəlxalq qurumdan müsbət cavab almadılar. Əksinə, Laçın yoluna nəzarətin Azərbaycanın daxili işi olduğu haqda bunlara cavab verildi. İndi ermənilər bunun faktını ortaya qoymalıdır. Yəni Azərbaycan Ordusuna qarşı təxribat törədərkən bölgədə mülki bir erməni mütləq ölməlidir. Separatçıların şou xarakterli mitinqləri də bunların hiyləgərliyinə hesablanmış addımlardır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

O, Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanın Xankəndinin mərkəzində keçirilən etiraz aksiyalarında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, separatçı “DQR” təmsilçisi Laçın yolunun açılmayacağı təqdirdə, sərt addımların atılacağı ilə bağlı Azərbaycanı özünəməxsus şəkildə hədələməyə çalışıb.

Polkovnik E.Şıxəliyev isə hesab edir ki, Araik “biz başqa addımlar atacağıq” deyəndə bəlli olur ki, Qarabağın dağlıq hissəsində hələ də əlisilahlı ermənilər var:

“Onlar da Araikin tapşırığı ilə Azərbaycan mövqelərinə təxribat həyata keçirə bilərlər ki, bunun da nəticəsində Azərbaycan cavab atəşi ilə onları susduracaq. Daha sonra da bunların əlinə sadaladığım faktlar düşəcək. Özü də burada söhbət mülkiləşdirilmiş ermənilərdən gedir.

Maraqlıdır, Araik “sərt addımlar” deyəndə nəyi nəzərdə tutur? Onlar nə ilə sərt addımlar atacaqlar? Mən buna ermənilər adına “çarəsizlik sindromu” deyərdim. Çünki bütün qapıları döydülər və beynəlxalq qurumlardan müsbət cavab almadılar. Bilirlər ki, proses də Azərbaycanın istəyi üzərinə yekunlaşacaq. Ona görə də sanki sonun başlanğıcını tələsdirirlər”. 

Hərbi ekspertə görə, Azərbaycan təklif edir ki, əgər humanitar probleminiz varsa, Ağdamdan sizi təmin edə bilərik: 

“Bunlar isə 30 il bundan əvvəlki şüarları səsləndirib statusdan dəm vururlar. Hesab edirlər ki, bununla hansısa nəticə əldə edəcəklər. Bu onların sonuncu blefidir. Ondan sonra isə “qırılma nöqtəsi” başlayacaq. Çünki Azərbaycanın “qırmızı xətlər”i var. Yəni 10 minlik silahlı birləşmələr bölgədən çıxarılmalı, bölgədə inteqrasiya prosesi başlamalıdır. Ona görə də ermənilərin güc və şantaj dili ilə variantı yoxdur. Azərbaycanın isə antiterror əməliyyatı variantı hələ də durur. Sadəcə bunu keçirməməyinə səbəb erməni hiyləgərliyinə alət olmamaq istəyidir”. 

Müsahibimiz düşünür ki, provokasiya olarsa, bunun nəticəsini və səbəblərini onlar ödəyəcəklər:

“Amma təxribatlara cavab addımı atmağımız beynəlxalq institutlarda əleyhimizə işləyə bilər. Çünki bu problemin çözülməsinin yalnız 2 variantı var: sərt və yumşaq güc tətbiqi. Hələ ki yumşaq gücün tətbiqi nəticələr verirsə, Azərbaycan sərt gücün tətbiqini ertələyəcək. Lakin qarşı buna səbəb yaratsa, sərt gücün tətbiq edilməsi daha da tezləşəcək”.



Xəbəri paylaş

1164 dəfə oxunub.

Digər xəbərlər