Bəzi insanlar öhdəlik götürməkdən qaçır, məsuliyyəti başqalarının üzərinə atır və problemləri həll etmək əvəzinə onları ertələməyi üstün tuturlar. Psixoloqlar bildirirlər ki, belə insanları davranışları ilə yanaşı, tez-tez işlətdikləri ifadələrdən də tanımaq mümkündür.
Your Tango nəşri məsuliyyətdən yayınmağa meylli insanların ən çox istifadə etdiyi altı ifadəni təqdim edib.
1. “Bunu sonra edərəm”
Bu cümlə məsuliyyəti təxirə salmağın ən tipik nümunələrindən biridir. Belə insanlar istər böyük, istərsə də kiçik işləri daim sonraya saxlayırlar.
Məsələn, evdə sadə bir işi görmək xahiş olunduqda “sonra edəcəyəm” desələr də, çox vaxt başqa işlərə başları qarışır və verdikləri sözü unudurlar.
2. “Bu o qədər də vacib deyil”
Məsuliyyət hissi zəif olan insanlar əhəmiyyətli məsələləri kiçiltməyə çalışırlar. Onlar iş, ailə və ya şəxsi öhdəliklərin vacibliyini azaltmaqla məsuliyyətdən yayınmağa cəhd edirlər. Bu isə həm karyerada, həm də şəxsi münasibətlərdə problemlər yarada bilər.
3. “Bu mənim günahım deyil”
Psixoloqların fikrincə, səhvi etiraf etməmək məsuliyyətsizliyin ən aydın əlamətlərindən biridir. Belə insanlar hər hansı problem yarananda öz davranışlarını qiymətləndirmək əvəzinə başqalarını günahlandırır və müxtəlif bəhanələr gətirirlər.
4. “Bu qədər həssas olma”
Bu ifadə qarşı tərəfin hisslərini dəyərsizləşdirmək üçün istifadə olunur. Mütəxəssislər bildirirlər ki, sağlam münasibətlərdə insanlar bir-birinin hisslərini dinləməyi və səhvlərini qəbul etməyi bacarmalıdır. Məsuliyyətdən qaçan şəxslər isə əksinə, qarşı tərəfin emosiyalarını kiçiltməyə çalışırlar.
5. “Qoy hər şey öz axarı ilə getsin”
Bəzən bu yanaşma stresslə mübarizə üsulu ola bilər. Lakin insan daim bu ifadənin arxasında gizlənirsə, bu, öhdəliklərdən yayınmaq istəyinin göstəricisi hesab olunur.
Psixoloq Beverli D. Flaksinqtonun sözlərinə görə, belə davranış uyğunlaşma deyil, məsuliyyətdən qaçmaq cəhdidir.
6. “Hər şey öz-özünə düzələcək”
Müsbət düşünmək vacibdir, lakin bu, hərəkətsiz qalmaq üçün bəhanəyə çevrilməməlidir.
Məsələn, iş axtarmadan yeni iş tapacağını gözləmək və ya münasibətlərdə yaranmış problemləri görməzlikdən gəlmək vəziyyəti yaxşılaşdırmır, əksinə, daha da çətinləşdirə bilər.
Mütəxəssislər nə deyir?
Psixoloqlar vurğulayırlar ki, məsuliyyət hissi sonradan da formalaşdırıla bilər. Bunun üçün insan öhdəliklərini vaxtında yerinə yetirməyi, səhvlərini qəbul etməyi və problemlərin həlli üçün konkret addımlar atmağı öyrənməlidir. Bu vərdişlər həm şəxsi münasibətlərin, həm də peşəkar həyatın daha sağlam qurulmasına kömək edir.







" style="width: 670px; height: 340px;">











