Tarix: 01-11-2026 | Saat: 09:18
Bölmə:Karusel / Dünya | çapa göndər
Almaniyada oktyabrın 31-də keçirilən gənclərin kütləvi etiraz aksiyalarında 100 mindən çox insan iştirak edib.
DPA agentliyinin məlumatına görə, bu barədə nümayişlərin təşkilatçısı olan “Gen Z regelt” (“Z nəsli qərar verir”) hərəkatı açıqlama yayıb.
Hərəkatın nümayəndəsi bildirib ki, iştirakçıların ümumi sayı daha çox ola bilər. Belə ki, Almaniyanın daha 6-8 şəhərində keçirilən aksiyalara qatılanların sayı hələlik dəqiqləşdirilməyib.
“Bu gün 100 min insan nə üçün küçələrə çıxdığını göstərdi. Bizim üçün bu, yalnız ilk addımdır. Noyabrın 20-də keçiriləcək ümumavropa etiraz aksiyalarında iştirak etmək istəyirik”, – hərəkatın nümayəndəsi bildirib.
Qeyd olunub ki, təşkilatçılar üç həftə sonra tərəfdarlarını yenidən kütləvi nümayişlərə səfərbər etməyi planlaşdırırlar.
Oktyabrın 31-də Almaniyanın Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn, Ştutqart və digər şəhərləri də daxil olmaqla, 30-dan çox şəhərində etiraz aksiyaları keçirilib.
Nümayişlər əsasən dinc xarakter daşısa da, axşam saatlarında bəzi şəhərlərdə iğtişaşlar baş verib.
Berlində sol radikal qrupların yürüşü zamanı polis əməkdaşlarına pirotexniki vasitələr, şüşə butulkalar və yumurtalar atılıb. Hamburqda barrikadalar yandırılıb, Kölndə isə polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib.
Digər xəbərlər


















