Saytımızı qiymətləndirin


 
 

ELMƏ VƏ AZƏRBAYCAN NEFT GEOLOGİYASINA HƏSR OLUNMUŞ ŞƏRƏFLİ ÖMÜR
Tarix: 31-07-2026 | Saat: 14:37
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Bağırov Bağır Əli oğlu

Azərbaycan geologiya elminin görkəmli nümayəndəsi, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Bağır Əli oğlu Bağırovun anadan olmasının 90 illiyinə 

 

İnsan ömrünün dəyəri təkcə yaşadığı illərlə deyil, həmin illər ərzində xalqa, elmə və cəmiyyətə bəxş etdiyi xidmətlərlə ölçülür. Elə alimlər var ki, onların fəaliyyəti bir dövrün hüdudlarını aşaraq bütöv bir elmi məktəbin yaranmasına, yeni nəslin formalaşmasına və elmin inkişafına xidmət edir. Belə şəxsiyyətlər zaman keçdikcə daha böyük ehtiram qazanır, onların adı isə elm tarixinin ayrılmaz hissəsinə çevrilir. Azərbaycan neft geologiyası elminin görkəmli nümayəndəsi, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Bağır Əli oğlu Bağırov bu qəbildən olan alimlərdəndir.

2026-cı il avqustun 12-də professor Bağır Bağırovun anadan olmasının 90 ili tamam olur. Bu yubiley yalnız görkəmli alimin həyat və fəaliyyətinin əlamətdar mərhələsi deyil, eyni zamanda Azərbaycan neft geologiyası elminin inkişaf tarixində mühüm hadisədir. Çünki onun həyat yolu ölkəmizin neft sənayesinin inkişafı, geoloji elmi məktəblərin formalaşması, ali təhsilin təkmilləşməsi və elmi kadr hazırlığı ilə sıx şəkildə bağlı olmuşdur.

XX əsrin ikinci yarısı Azərbaycan neft geologiyasında yeni yanaşmaların, mühüm elmi kəşflərin və innovativ texnologiyaların tətbiqi ilə səciyyələnən bir dövr kimi tarixə daxil olmuşdur. Məhz həmin dövrdə nəzəri bilikləri istehsalat təcrübəsi ilə üzvi şəkildə birləşdirən alimlər nəsli yetişmişdir. Professor Bağır Bağırov həmin nəslin ən görkəmli nümayəndələrindən biri olaraq geologiya elminin inkişafına mühüm töhfələr vermiş, Azərbaycanın elmi potensialının beynəlxalq səviyyədə tanınmasına xidmət etmişdir.

Bağır Əli oğlu Bağırov 1936-cı il avqustun 12-də Masallı rayonunun Ərkivan kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Elmə, təhsilə və zəhmətə böyük dəyər verilən bir mühitdə böyüməsi onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Hələ məktəb illərindən çalışqanlığı, məsuliyyət hissi və öyrənməyə olan sonsuz marağı ilə seçilən Bağır Bağırov gələcəyini geologiya elminə həsr etmək qərarına gəlmişdir.

1953-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olması onun həyatında dönüş nöqtəsi olmuşdur. Tələbəlik illərində qazandığı fundamental biliklər və geoloji tədqiqatlara olan maraq gələcək elmi fəaliyyətinin əsasını təşkil etmişdir. 1958-ci ildə institutu müvəffəqiyyətlə başa vuran gənc mühəndis əmək fəaliyyətinə “Balaxanıneft” Neft və Qaz Çıxarma İdarəsində başlamışdır.

Onun istehsalat fəaliyyəti sadə operator vəzifəsindən başlamış, sonralar geoloq, böyük geoloq və baş geoloq vəzifələrinə qədər yüksəlmişdir. Bu illər ərzində qazandığı zəngin təcrübə neft yataqlarının geoloji quruluşu, işlənilməsi və istismarı sahəsində dərin biliklər əldə etməsinə imkan yaratmışdır. Sonralar professor Bağırov dəfələrlə vurğulayırdı ki, neft mədənlərində keçdiyi məktəb onun elmi dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynamışdır.

1969-cu ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayan fəaliyyəti onun elmi yaradıcılığında yeni mərhələ açmışdır. Burada o, kiçik elmi işçidən institut rəhbərliyinin ən məsul vəzifələrinədək yüksəlmiş, bir sıra mühüm tədqiqat proqramlarına rəhbərlik etmişdir. Onun elmi araşdırmaları əsasən neft və qaz yataqlarının geoloji quruluşunun öyrənilməsi, işlənilməsinin geoloji əsasları, geoloji-riyazi modelləşdirmə, geoloji məlumatların emalı və karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi istiqamətlərini əhatə etmişdir.

Professor Bağırovun elmi fəaliyyətinin ən mühüm cəhətlərindən biri nəzəriyyə ilə praktikanın vəhdətini təmin etməsində özünü göstərirdi. Onun təklif etdiyi elmi metodlar təkcə nəzəri xarakter daşımamış, Azərbaycanın müxtəlif neft və qaz yataqlarında uğurla tətbiq edilmişdir. Bu yanaşmalar yataqların geoloji quruluşunun daha dəqiq müəyyənləşdirilməsinə, ehtiyatların qiymətləndirilməsinin dəqiqləşdirilməsinə və işlənilmə layihələrinin optimallaşdırılmasına imkan vermişdir.

Azərbaycan neft geologiyasında kompüter texnologiyalarının tətbiqi və geoloji-riyazi modellərin qurulması istiqamətində aparılan ilk sistemli tədqiqatlar sırasında professor Bağırovun xidmətləri xüsusi yer tutur. O, geoloji informasiyanın rəqəmsal emalı, üçölçülü geoloji modelləşdirmə və riyazi analiz metodlarının geoloji tədqiqatlara tətbiqi sahəsində öncül alimlərdən biri olmuşdur. Müasir dövrdə geologiya və reservoir modelləşdirmə sahəsində istifadə olunan bir çox yanaşmaların formalaşmasında onun irəli sürdüyü ideyaların və elmi konsepsiyaların təsiri aydın şəkildə hiss olunur.

1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında “Neft-qaz mədən geologiyası” kafedrasına rəhbərlik etməyə başlaması professor Bağırovun elmi-pedaqoji fəaliyyətində yeni və məhsuldar mərhələnin başlanğıcı olmuşdur. Onun rəhbərliyi altında kafedra ölkənin ən nüfuzlu geologiya məktəblərindən birinə çevrilmişdir. Burada yüksək ixtisaslı mühəndis-geoloqlar hazırlanmış, geologiya və neft-qaz yataqlarının işlənilməsi sahəsində aparılan elmi tədqiqatlar daha da genişləndirilmişdir.

Əsl alim yalnız öz əsərləri ilə deyil, həm də yetişdirdiyi insanlar vasitəsilə yaşayır. Bu baxımdan professor Bağırovun xidmətləri misilsizdir. Onun elmi rəhbərliyi altında çoxsaylı fəlsəfə doktorları və elmlər doktorları hazırlanmış, müxtəlif elmi məktəblər formalaşmışdır. Bu gün onun tələbələri və davamçıları Azərbaycanın elm müəssisələrində, ali təhsil ocaqlarında, neft-qaz sənayesində və dünyanın müxtəlif ölkələrinin aparıcı şirkətlərində uğurla fəaliyyət göstərirlər.

Professor Bağırovun elmi irsi son dərəcə zəngin və çoxşaxəlidir. O, yüzlərlə elmi məqalənin, monoqrafiyanın, dərsliyin, metodik vəsaitin və ixtira xarakterli işlərin müəllifidir. Onun əsərləri uzun illərdir ki, geologiya və neft mühəndisliyi üzrə mütəxəssislər üçün qiymətli elmi mənbə kimi istifadə olunur. Bu zəngin irs Azərbaycan neft geologiyası elminin qızıl fondunun mühüm hissəsidir.

Alimin fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilmişdir. O, Amerika Neftçi Geoloqları Assosiasiyasının (AAPG), Avropa Geoloqlar və Mühəndislər Assosiasiyasının (EAGE) üzvü olmuş, çoxsaylı beynəlxalq simpozium və konfranslarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. Onun elmi məruzələri və tədqiqat nəticələri dünyanın müxtəlif elmi dairələrində maraqla qarşılanmışdır.

Professor Bağırov uzun illər Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinə rəhbərlik etmiş, geologiya elminin populyarlaşdırılması və peşəkar geoloji icmanın inkişafı istiqamətində mühüm fəaliyyət göstərmişdir. Eyni zamanda “Azərbaycan geoloqu” jurnalının baş redaktoru kimi elmi fikrin inkişafına, milli geologiya ədəbiyyatının zənginləşməsinə və gənc alimlərin elmi yaradıcılığının dəstəklənməsinə böyük töhfələr vermişdir.

Azərbaycan dövləti onun elm və təhsil qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişdir. Professor Bağırov “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Lakin onun qazandığı ən böyük mükafat həmkarlarının hörməti, tələbələrinin sevgisi və elmi ictimaiyyətin etimadıdır.

Bağır müəllimi yaxından tanıyanlar onun yüksək ziyalılığını, sadəliyini, təvazökarlığını, prinsipiallığını və insanlara qayğıkeş münasibətini xüsusi vurğulayırlar. O, çalışdığı kollektivlərdə həmişə sağlam mənəvi-psixoloji mühit yaratmağa çalışmış, gənclərin təşəbbüslərini dəstəkləmiş, elmi fəaliyyətə yeni başlayan hər bir gəncə ata qayğısı ilə yanaşmışdır. Bu xüsusiyyətlər onu yalnız böyük alim deyil, eyni zamanda böyük insan kimi də sevdirmişdir.

90 ili əhatə edən bu şərəfli ömür yolu bir insanın tərcümeyi-halından daha geniş məna daşıyır. Bu yol Azərbaycan neft geologiyasının inkişaf tarixidir. Bu yol elmə sədaqətin, fədakar əməyin, yüksək intellektin və Vətənə xidmət idealının təcəssümüdür.

Professor Bağır Əli oğlu Bağırovun adı Azərbaycanın neft-qaz geologiyası tarixində həmişə böyük hörmət və ehtiramla çəkilir. Onun yaratdığı elmi məktəb, zəngin elmi irs, həyata keçirdiyi fundamental tədqiqatlar və yetişdirdiyi mütəxəssislər uzun illər boyu Azərbaycan elminin inkişafına xidmət edəcək, gələcək nəsillər üçün dəyərli örnək olaraq qalacaqdır.

 

Geologiya-minerologiya elmləri doktoru Əhməd Salmanov

Geologiya-mineralogiya elmləri namizədi Samirə Nəzərova

Geologiya-mineralogiya elmləri namizədi Məhyəddin Həsənəliyev



Xəbəri paylaş

17 dəfə oxunub.

Digər xəbərlər