Saytımızı qiymətləndirin


 
 

Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Tarix: 16-07-2026 | Saat: 22:13
Bölmə:Karusel / Kriminal | çapa göndər

Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib

16 iyul 2026 18:39 (UTC +04:00)

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2026-cı ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, müşavirəni giriş nitqi ilə açan Baş İdarə rəisi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, vətəndaş-məmur münasibətlərinin sağlam əsaslar üzərində qurulması, bürokratik maneələrin aradan qaldırılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.

Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin sistemli və kompleks şəkildə davam etdirilməsi, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması, korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkar edilməsi və araşdırılması hesabat dövründə də Baş İdarənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.

Daha sonra Baş İdarə rəisi hesabat dövrü ərzində Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Baş İdarə tərəfindən digər prokurorluq orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı tədbirlər, başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, vurulmuş maddi ziyanın ödənilməsi və əmlak üzərinə həbs qoyulması, habelə beynəlxalq əməkdaşlıq istiqamətində görülmüş işlər barədə statistik məlumatları müqayisəli şəkildə təhlil edərək müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, 2026-cı ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən 1593 yazılı ərizə və şikayətə, eləcə də “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 4062 məlumata baxılmaqla, ümumilikdə 5655 vətəndaş müraciətinin araşdırılması təmin edilib. Hesabat dövründə, həmçinin, 579 vətəndaş qəbul edilərək onların müraciətləri dinlənilib, qaldırdıqları məsələlərin qanunvericiliyə uyğun araşdırılması və nəticələri barədə ətraflı məlumat verilməsi təmin olunub.

“161-Qaynar xətt” əlaqə mərkəzinin fasiləsiz, operativ və səmərəli fəaliyyətinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Hesabat dövründə əlaqə mərkəzinə daxil olmuş 19557 zəng cavablandırılaraq vətəndaşlara onları maraqlandıran məsələlər üzrə müvafiq hüquqi izahlar verilib.

Qəbul edilmiş zənglərdən korrupsiya hüquqpozması barədə məlumat kimi qiymətləndirilən 4062 müraciət sistemdə qeydiyyata alınıb. 3670 müraciət isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti dövlət orqanlarına və digər qurumlara göndərilib. Eləcə də, müraciətlərdən bir qismi Baş İdarədə və Baş Prokurorluğun müvafiq struktur qurumlarında araşdırılaraq müvafiq hüquqi tədbirlər görülməklə həlli təmin edilib.

Baş İdarədə 98 müraciət və digər məlumata cinayət xarakterli material kimi baxılıb. Həmin materiallardan 82-si, yəni *84 %-i üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 16 material üzrə isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub.

Korrupsiya cinayətlərinin və digər qanun pozuntularının törədilməsinə şərait yaradan səbəb və halların aradan qaldırılması məqsədilə prokuror təsir tədbirlərinin tətbiqi də diqqətdə saxlanılıb. Hesabat dövründə Baş İdarə üzrə aidiyyəti dövlət qurumlarına, müəssisə və təşkilatlara ümumilikdə 67 təqdimat göndərilib, 34 halda vətəndaş və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

Təqdimatların baxılmasının nəticəsi olaraq qanun pozuntularının aradan qaldırılması, gələcəkdə təkrar törədilməsinin qarşısının alınması və təqsirli vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülüb.

Əməliyyat qurumları tərəfindən 38 cinayət işi başlanıb. Keçirilmiş 15 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan şəxslərdən 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə Baş İdarənin İstintaq idarəsi tərəfindən 108 şəxs barəsində 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqı tamamlanmış cinayət işlərindən 102 şəxs barəsində 54 cinayət işi ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş 54 cinayət işindən 18-i az ağır, 31-i ağır, 5-i isə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olub. Həmin işlərdən 25-i çoxepizodlu və mürəkkəb xarakter daşıyıb.

Hesabat dövründə həyata keçirilmiş prosessual tədbirlər nəticəsində ibtidai istintaqı başa çatdırılmış və maddi ziyanla əlaqədar olan cinayət işləri üzrə özgə əmlakına vurulmuş 3 milyon 836 min 191 manat ziyanın ödənilməsi təmin olunub.

Bundan başqa, vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 4 cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 1 milyon 412 min 345 manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Baş İdarə rəisi müşavirədə bildirib ki, hesabat dövründə görülmüş işlərin müqayisəli təhlili zamanı əldə edilmiş müsbət nəticələrlə yanaşı, fəaliyyət zamanı yol verilmiş nöqsan və çatışmazlıqlar da müəyyən olunub, onların aradan qaldırılması və işin səmərəliliyinin daha da artırılması istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Baş İdarə rəisi qarşıdakı dövrdə korrupsiya cinayətlərinin vaxtında aşkar edilməsinin, cinayət xarakterli məlumatların hərtərəfli və obyektiv araşdırılmasının, əməliyyat-axtarış tədbirlərinin nəticəliliyinin artırılmasının, habelə cinayət işlərinin istintaqının keyfiyyətinin yüksəldilməsinin xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Müşavirədə Baş prokurorun müvafiq göstərişləri də iştirakçıların diqqətinə çatdırılıb.

Cinayət işləri üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən olunması və əmlak üzərinə vaxtında həbs qoyulması, mürəkkəb, çoxepizodlu və şəbəkə xarakterli korrupsiya cinayətlərinin aşkar edilməsi məqsədilə müasir əməliyyat üsullarından və rəqəmsal imkanlardan istifadənin genişləndirilməsi, əməliyyat və istintaq qurumları arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi, habelə prosessual müddətlərə ciddi əməl olunması diqqətə çatdırılıb.

Eyni zamanda, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daim nəzarətdə saxlanılması, daxil olan məlumatlara operativ baxılması, cinayət xarakterli materialların hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılması, qəbul edilən qərarların qanuniliyinin və əsaslılığının təmin olunması, habelə əmək və icra intizamına ciddi riayət edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Aparılmış müzakirələrin yekununda fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, əldə olunmuş müsbət nəticələrin davam etdirilməsi və qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı Baş İdarənin struktur qurumlarının rəhbərlərinə konkret tapşırıq və tövsiyələr verilib.Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər