Tarix: 02-08-2026 | Saat: 13:09
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Zəngilan rayonunda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi keçirilib.
Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsi ilə əlaqədar builki düşərgə "Dirçələn şəhərlər" şüarı altında Şərqi Zəngəzurda təşkil olunub.
Açılış mərasimində Prezident İlham Əliyevin Zəngilana tarixi səfərinə və Zəngilan şəhərində Azərbaycan Bayrağını ucaltmasına həsr olunmuş videoçarx nümayiş etdirilib. Həmçinin indiyədək təşkil edilmiş Diaspor Gənclərinin Yay Düşərgələrinə və Dövlət Komitəsinin fəaliyyətinə həsr olunan videoçarxlar təqdim olunub.
Bildirilib ki, avqustun 8-dək davam edəcək düşərgədə dünyanın 64 ölkəsindən 120-dən çox diaspor gənci iştirak edir. Proqram çərçivəsində iştirakçılar Şərqi Zəngəzurun və Qarabağın tarixi-mədəni irsi ilə tanış olacaq, şəhid ailələrinin üzvləri, qazilər, rəsmi şəxslər və müxtəlif sahələr üzrə ekspertlərlə görüşəcək, işğaldan azad edilmiş rayonlara səfərlər edəcəklər. Eyni zamanda panel müzakirələri, seminarlar, dil dərsləri, intellektual oyunlar və müxtəlif təlimlər təşkil olunacaq.
Qarabaginfo.az xəbər verir ki, İsveçin Lund Universitetində Avropa biznes hüququ ixtisası üzrə təhsil alan düşərgə iştirakçısı Firan Əhmədli APA-ya bildirib ki, layihədə iştirak etmək onun üçün böyük qürur və məsuliyyətdir.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə olmaq, burada həyata keçirilən bərpa və quruculuq işlərini yaxından izləmək onda dərin təəssürat yaradıb: "Bir müddət əvvəl Şuşada olmuş və dağıntıların şahidi olmuşdum. İndi isə gördüklərim məndə böyük qürur hissi doğurdu. Şəhərlərin sürətlə yenidən qurulması və bölgənin füsunkar təbiəti məni heyran etdi".
Belçikadan düşərgəyə qatılan Ayxan Əkbərzadə isə bildirib ki, 2022-ci ildən bu ölkədə təhsil alır və Azərbaycanı müxtəlif tələbə platformalarında təmsil edir.
Onun sözlərinə görə, Qarabağda gördükləri gələcək fəaliyyətində mühüm yer tutacaq: "Zəngilan və Laçında olmaq, burada həyata keçirilən genişmiqyaslı quruculuq işlərini öz gözlərimizlə görmək böyük qürur hissi yaradır. Burada qazandığımız təcrübəni və əldə etdiyimiz təəssüratları Belçikada fəaliyyət göstərdiyimiz platformalarda bölüşəcək, Qarabağ həqiqətlərinin daha geniş tanıdılması istiqamətində bundan istifadə edəcəyik".
Qeyd edək ki, Diaspor Gənclərinin ilk Yay Düşərgəsi 2018-ci ildə Şəkidə keçirilib. İndiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndidə təşkil olunan düşərgələrdə dünyanın 84 ölkəsindən 700-dən çox gənc iştirak edib.
Digər xəbərlər







" style="width: 670px; height: 340px;">

















