Tarix: 04-06-2026 | Saat: 10:25
Bölmə:Karusel / Yazar | çapa göndər
Razim Paşayev 11 fevral 1951-ci ildə Füzuli şəhərində anadan olmuşdur. İlk təhsilini B. Sərdarov adına Füzuli şəhər orta məktəbində almışdır. Eyni zamanda Füzuli şəhər Uşaq Musiqi Məktəbinin tar şöbəsində təhsil almış və 1967-ci ildə hər iki təhsil müəssisəsini bitirmişdir.
Məktəb illərindən musiqiyə və poeziyaya böyük maraq göstərən Razim Paşayev erkən yaşlarından şeirlər və mahnılar yazmağa başlamışdır. Onun ilk şeiri 1967-ci ildə qələmə alınmışdır. Vətənə və torpağa sevgini tərənnüm edən bu şeir sonrakı yaradıcılığının ideya istiqamətini müəyyənləşdirən ilk nümunələrdən hesab olunur.
Əyil bu Torpağın sinəsindən öp
Səndən başqa kimim qalıb dünyada
Sənki yoxsan, demək yoxdur dünya da
Bir müqəddəs sevgi olub, dünyada
Əyil bu torpağın sinəsindən öp.
Pıçıldayan nəfəsidir hər yarpaq
Babaların türbəsidir qaya ,dağ
Füzulidir, Nəsimidir bu torpaq
əyil bu torpağın sinəsindən öp
Sənə günəş verib, uldduz ,ay verib
Bu boyda dünyanı mavi pay verib
Min min çağrışına dönüb hay verib
əyil bu torpağın sinəsindən öp
sən nə verdin bir gün ondan alası
nə yaratdın qurdun, ona qalası
sev torpağı,sən ey torpaq balası
əyil bu torpağın sinəsindən öp
Musiqiyə olan dərin marağı onu 1967-ci ildə Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunun tar şöbəsinə gətirmişdir. Təhsil aldığı illərdə mahnı yaradıcılığı ilə məşğul olmuş, şeirlər yazmış, müxtəlif musiqi kollektivlərinin tərkibində çıxış etmişdir. Bu xüsusiyyətləri ilə tələbə yoldaşları arasında seçilmişdir.
İlk şeirindən sonra onun poetik nümunələri mütəmadi olaraq Füzuli rayonunun "Araz" qəzetində dərc olunmağa başlamışdır. 1970-ci illərdən etibarən isə bəstələdiyi mahnılar geniş dinləyici auditoriyası qazanmışdır.
1971-ci ildə texnikumu bitirdikdən sonra hərbi xidmətə çağırılmış, 1973-cü ildə xidmətini başa vurduqdan sonra Füzuli şəhər Uşaq Musiqi Məktəbində tar müəllimi kimi fəaliyyətə başlamışdır.
Razim Paşayev Azərbaycan musiqisində məhsuldar bəstəkar kimi tanınmışdır. Onun yüzdən artıq mahnısı müxtəlif illərdə ifa olunmuşdur. O,bəstəkarlıq şöbəsini bitirmədiyi üçün bəzi əsərləri uzun müddət radio və televiziya qurumlarının bədii şuraları tərəfindən müəllifi göstərilmədən xalq mahnısı kimi təqdim edilmişdir.
Bu mahnılar arasında Azərbaycan Televiziyasının fondunda Məmməd Salmanovun ifasında lentə alınmış "Gəl, gəl" mahnısı xüsusi yer tutur.
Razim Paşayevin əsərləri Azərbaycanın tanınmış sənətkarları tərəfindən ifa edilmişdir. Onların sırasında Zeynəb Xanlarova, Məmməd Salmanov, Məhəbbət Kazımov, Səyyad Əlizadə, Qədir Qızılsəs, Nizami Abdullayev, Manaf Ağayev, Nadir Bayramlı, Əlikram Bayramov, Sevil İsgəndərli, Yusif Mustafayev, Elnur Zeynalov, Elşad Qarayev, Güllü Muradova, Afət Fərmanqızı, Nazənim və Yaqut Babayeva kimi sənətçilər vardır.
Bəstəkarın yaradıcılığında Azərbaycan poeziyasının tanınmış nümayəndələri ilə əməkdaşlıq mühüm yer tutmuşdur. O, şair Zəlimxan Yaqubun, Məmməd Arazın, Vaqif İsaoğlunun, Aslan Ağaisa oğlunun və Əbülfət Mədətoğlunun və digərlərinin sözlərinə mahnılar bəstələmişdir. Əbülfət Mədətoğlunun sözlərinə yazılmış mahnılardan ibarət ayrıca musiqi diski də hazırlanmışdır.
Razim Paşayevin tanınmış əsərləri arasında aşağıdakılar yer alır:
- Ey xalqımın Prezidenti
- Ayrıla bilməyəcəksən
- Borçalı
- Bu qız məni oda saldı
- Evlən mənimlə
- Heç insaf varmı səndə?
- Qardaşım Ənvər
- Bu sevgidə kim uddu, kim uduzdu?
- Ney səsiyəm
- Nə sən mənsiz, nə mən sənsiz
- Sənin sevdiyin qızam
- Tamella
- Verin, aparaq gəlini
- Zalımın qızı
- Zaqatala
- Doya bilmədim
- Fəranə qızım
- Naziləm
- Novruz bayramınız mübarək olsun
- Kürdəmir
- Günah nə səndədi, nə məndə
- Hardasan
- Füzulim
- Bənövşə
- Qocalar evi
- Ömür yoldaşı
- Gözlərim axtarır səni
- Ramilim
Razim Paşayev Azərbaycan musiqisində özünəməxsus yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Onun mahnıları xalq ruhuna, milli musiqi ənənələrinə və səmimi duyğulara söykəndiyi üçün hər zaman yaddaşlarda yaşayacaqdır. Bəzi əsərlərinin uzun müddət xalq mahnısı kimi qəbul olunması da yaradıcılığının xalq zövqünə nə qədər yaxın olduğunu göstərən amillərdən biridir. Bu gün də onun bəstələri müxtəlif ifaçıların repertuarında səslənməkdə, Azərbaycan musiqi irsinin dəyərli nümunələri kimi yaşamaqdadır.
Bəstəkar 14.01.2018-ci ildə Bakı şəhərində vəfat etmişdir. Razim Paşayev öz mahnıları ilə dinləyicilərin qəlbində iz qoymuş, milli musiqi xəzinəsinə töhfə vermiş sənətkar kimi daim xatırlanacaqdır.
Elmin İdrisl
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Digər xəbərlər

















