Saytımızı qiymətləndirin


 
 

Qüdsdə sensasiyalı tapıntı –İsa Məsihin dəfn edildiyi yer aşkarlandı
Tarix: 28-08-2026 | Saat: 18:25
Bölmə:Karusel / Dünya | çapa göndər

 

İtaliyanın “La Sapienza” Roma Universitetinin arxeoloqları Qüdsdəki Müqəddəs Qəbir Kilsəsinin altında apardıqları qazıntılar zamanı İsa Məsihin dəfn edildiyi yer barədə yeni arxeoloji məlumatlar əldə ediblər.

Araşdırmanın nəticələri “Liber Annuus” elmi jurnalında dərc olunub. Məlumata görə, qazıntılar zamanı qədim karxana, əkin sahələri, bağ və qayada oyulmuş məzarlar aşkar edilib.

Tədqiqatçılar hesab edirlər ki, tapıntılar İsanın çarmıxa çəkilməsi və dəfn edilməsi ilə bağlı İncil mətnlərindəki təsvirlərlə uyğunluq təşkil edir.

Qazıntılara kilsənin döşəməsinin bərpası zamanı başlanılıb. Arxeoloqlar binanın altında qədim dövrə aid ərazinin qalıqlarını üzə çıxarıblar.

Ekspedisiyanın rəhbəri Françeska Romana Stasollanın sözlərinə görə, “Yəhya İncili” İsanın edam edildiyi ərazinin yaxınlığında bağ və yeni məzar olduğunu bildirir. Aşkar edilən məzarın birbaşa qayada oyulduğu qeyd olunur.

Alimlər ərazidə I əsrə aid zeytun ağacları və üzüm tənəklərinin qalıqlarını da müəyyən ediblər. Tədqiqatçıların fikrincə, bu bitkilər İsanın edam edildiyi dövrə aid ola bilər.

Stasollanın sözlərinə görə, İncildə Qolqota ilə məzar arasında yaşıllıq sahəsinin olduğu qeyd edilir və qazıntılar zamanı məhz belə becərilən ərazilərin izləri tapılıb.

İki min illik tarix

Müqəddəs Qəbir Kilsəsi IV əsrdə inşa edilib və xristian dünyasının ən mühüm dini məkanlarından biri hesab olunur. Hər il milyonlarla zəvvar buranı ziyarət edir.

Tarixi mənbələrə görə, II əsrdə Roma imperatoru Adrian bu ərazidə bütpərəst məbəd tikdirib və müqəddəs mağaranın üzərini doldurub. Təxminən iki əsr sonra imperator Konstantinin dövründə həmin tikili dağıdılıb, ərazi təmizlənib və məzar xristian ziyarətgahına çevrilib.

Yeni arxeoloji məlumatlar əsrlər boyu davam edən dini ənənənin tarixi əsaslarının araşdırılması baxımından əhəmiyyətli hesab olunur.

Lakin alimlər mühüm bir məqama da diqqət çəkirlər: aşkar edilən məzarın məhz İsa Məsihə aid olduğunu elmi baxımdan qəti şəkildə sübut etmək hələ mümkün deyil.

Bununla belə, ərazidə iki min ilə yaxın müddətdə davam edən ziyarət ənənəsi və yeni arxeoloji tapıntılar Müqəddəs Qəbir Kilsəsinin tarixi əhəmiyyətini daha da artırır.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər