Saytımızı qiymətləndirin


 
 

Xortdanı Şuşaya kimlər yollamışdı ki... – O da qudursun?..
Tarix: 25-07-2022 | Saat: 12:49
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xortdanı Şuşaya kimlər yollamışdı ki... – O da qudursun?..
“Onu da bil ki, 30 il öncə doğma yurdun Şuşa da, Ağbulaq kəndi də məhz belə Xortdanların, Şeytanların, cinlərin ucbatından işğal olunmuşdu...”
...O gün eşitdim ki, kimlərsə Xortdanı bir neçə cin-şayətin dostu ilə Şuşaya yollayıb... O da həmdəmləri ilə birgə orada yeyib-içdikdən sonra qudurub yan-yörəsindəkiləri qapmağa, dişləməyə başlayıb... Tüklərim biz-biz oldu... Şəhidlərimizin, qazilərimizin qanı ilə suvarılaraq azad olunmuş bu müqəddəs torpağa kim, hansı ağılla, hansı vicdanla, hansı qeyrətlə yollayıb Xortdanı və cinləri-filanları...  
Həmən yadıma rəhmətlik Əbdürrəhim bəy düşdü... Hə, doğru bildiniz - Haqverdiyev... “Xortdanın cəhənnəm məktubları”... O dahi qələm ustamız da Xortdanı Şuşaya yollamışdı... Belə ki, Xortdan cəhənnəmə səyahət etmək istəyirdi və oraya necə yollanmağın yolunu axtarırdı... Əbdürrəhim bəy də ona Qarabağa – Şuşaya getməyi məsləhət görmüşdü ki, “orada Mirzə Qoşunəli Təbrizi adında bir möhtərəm şəxs iksir qayırmağa məşğuldur”... Yəni Xortdan həmin şəxsin qayırdığı iksiri 10 gün içəcəkdi və sonra Tiflisə gəlib cəhənnəmə düşəcəkdi...
 
Bəs bu dəfə Xortdanı kim və nə məqsədlə yollayıb Şuşaya? Axı Şuşa işğaldan yenicə azad olunub... Axı, deyəsən, orada iksir-miksirlə, cadu-pitiylə məşğul olan mollalar-cadükünlər toplaşmayıb hələ...
 
Bir az araşdırmadan sonra bu xortdamışı və ona həmdəm cinləri, əcinnələri Şuşaya kimlərin göndərdiyini öyrəndik. Onu da öyrəndik ki, bu Xortdan elə Əbdürrəhim bəyin Şuşaya  yolladığı həmin Xortdandır.  Amma o, cəhənnəmi-filanı gəzib və yenidən xortlayıb bu dünyaya qayıtdıqdan sonra quduzlaşıb. Və onu bəsləyənlər yetimlərin malını yeyən Hacı Kamyab, Musa bəy kimilər, Mirzə Səttar kimi gedib «dərs gətirən» müəllimlər, hiyleyi-şəriyyə ilə məşğul olan axundlar və s. olub. İndi kimdən xoşları gəlmədi, onu quduz it yerinə buraxırlar üstünə....
 
Və Şuşanın, Qarabağın, Zəngəzurun bir hissəsinin  azad edilməsini qəbullanmayan Xortdanın yiyələri nəinki Xortdanı, cinləri, əcinnələri, ifritələri də huri-mələk simasında Şuşaya, Kəlbəcərə, Laçına yollayır... Yollayırlar ki, qoy o torpaqlara getməyə layiq olanlar, illah da o yurdların son 30 illik didərginlik dövründə salamat qalan əsl sahibləri bir-bir ürəkləri partlayaraq dünyalarını dəyişsin ki, Qarabağ, Zəngəzur dünya durduqca Azərbaycan müsəlmanları, türkləri ilə daimi məskunlaşdırılmasın...
 
Allah sənə rəhmət eləsin, Əbdürrəhim bəy! Fəqət, bil ki, bu Xortdan artıq sən Şuşaya göndərən Xortdan deyil. O, Mirzə Qoşunəlinin iksirini içib Cəhənnnəmə gedib və oradakı gerçəkləri görüb geri döndükdən sonra məmləkətdəki Hacı Kamyabların, Musa bəylərin, Mirzə Səttarların daha dəhşətli cəhənnəmindən qorxduğundan onların qulluğuna girib. O da, onun dostları da artıq Qiyamətədək düzələn deyil... Bəy onu da bil ki, 30 il öncə doğma yurdun Şuşa da, Ağbulaq kəndi də, elə Laçın da, Kəlbəcər də məhz belə Xortdanların, Şeytanların, cinlərin ucbatından işğal olunmuşdu...
 
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin! Və onların zəhmətini yerdə qoymasın!..
(moderator.az)
 


Xəbəri paylaş

1192 dəfə oxunub.

Digər xəbərlər