Tarix: 07-05-2024 | Saat: 12:11
Bölmə:Karusel / Region | çapa göndər
Erməni Qriqoryan kilsəsinin Ermənistan hakimiyyətinə qarşı açıq müharibəyə başladığı məlimdur. Son günlər baş verən proseslər hər şeyi açıq-aydın göstərir. Kilsə “Vətən üçün Tavuş” hərəkatına başlayıb (?). Azərbaycanın işğalda olan 8 kəndindən 4-nün geri qaytarılması barədə Ermənistan hakimiyyəti rəsmi mövqe açıqladıqdan dərhal sonra kilsənin göstərişi ilə etirazlar başladı.
Artıq bir neçə həftədir ki, kilsə “qəhrəmanları” kəndlərin geri qaytarılmasına qarşı etiraz aksiyaları keçirirlər. Aksiyaların üzdə olan “qəhrəmanı” isə özünü Tavuş “arxiyepiskopu” kimi qələmə verən separatçı, revanşist Baqrat Qalstanyandır. O, mayın 5-də mətbuatın kilsənin “Vətən üçün Tavuş” hərəkatına qoşulub-qoşulmadığı barədə sualına cavab olaraq “Biz Patriarx həzrətlərinin xeyir-duası olmadan hərəkət etmirik”- deyib.
O, həmçinin “Eçmiədzinin ana taxtı həmişə bizimlədir. Erməni patriarxı bizim atamızdır, bizə xeyir-dua verir və bizə rəhbərlik edir” bildirib.
Hələ bu azmış kimi, 96 yaşlı Lena qarı da separatçılara, revanşistlərə qoşulub. Erməni kiləsisinin şər niyyətlərinə səcdə edən qarı hətta Kirantsdan İrəvana yürüşə başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçılarına “xeyir-dua” verib. Tavuş yeparxiyasının “rəhbəri”, “arxiyepiskop” Baqrat Qalstanyan bildirib ki, yol boyu nə siqaret, nə də qışqırıq səsi olmamalıdır.
Ardınca açıqlama veriblər ki, kilsənin etirazçı dəstəsi mayın 9-da İrəvanda olacaq.
Erməni Qriqoryan kilsəsinin sülh əleyihinə aktivləşməsi nəticəsində bu cür hallar baş verir. Erməni kilsəsinin bunu təkbaşına etmədiyi, arxasında müəyyən qüvvələrin olduğu şübhəsizdir.
Revanşist kilsənin arxasında hansı qüvvələr dayana bilər? Erməni kilsəsi dünyanın harasından bu dəstəyi alır? Etirazçılar élan ediblər ki, mayın 9-da İrəvana çatacaqlar. Məhz faşizm üzərində Qələbinin növbəti ildönümündə İrəvana çatıb orda aksiya keçirmək istəyirlər. Niyə mayın 9-nu seçiblər?
“9 May faşizm üzərində Qələbənin ildönümü günündə kilsəyə bağlı qüvvələrin İrəvanda terrora cəhdi də istisna edilmir”
AMEA-nın Fəsləfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan hakimiyyətini devirmək üçün kilsə bütün istiqamətlərdə səfərbərlik élan edib. O hesab edir ki, kilsə “hərəkatı”nın arxasında Rusiyanın dayandığı şübhə doğurmur. “Ermənistanın daxilindəki Rusiyapərəst qüvvələr Paşinyan hakimiyyətini yola salmaq üçün çalışırlar, kilsəni də bu prosesə qoşublar. Paşinyanın getməsi üçün çox yollardan istifadə olunur. 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılığa gəlindikdən sonra həm kilsə, həm kilsənin bağlı olduğu erməni diasporu bir araya gəlib Baş nazirə qarşı fəaliyyətlərini gücləndirirlər.
9 May günün seçilməsi də təsadüfi deyil. Bunu təşkil edənlər müəyyən mənada Rusiyanın himayədarlığına işarə edirlər. Bütün hallarda görünən odur ki, Paşinyan hakimiyyəti çox ağır günlərini yaşayır. Həm Azərbaycanla demarkasiya və delimitasiya işlərinin aparılması, həm sülh danışıqları prosesinin yekunlaşmağa doğru getməsi ərəfəsində Rusiya ciddi şəkildə Paşinyanı devirmək yolunu tutub”-deyə bildirən F.Ələkbərli qeyd etdi ki, erməni kilsəsi heç zaman təkbaşına hərəkət etmir, mütləq şəkildə müəyyən qüvvələrdən dəstək alır.
“Erməni kiləsəsinin sülh əleyhinə təxribatlarının arxasında sadə qüvvələr dayanmır. Bu, proses xaricdəki erməni lobbi və diaspor təşkilatlarının, digər antipaşinyan qüvvələrinin kilsə ilə birləşdiyini göstərir. Hesab edirəm ki, İrəvana hərəkət edən revanşist qüvvələr orada terror hərəkətləri edə bilər. Bu aksiya üçün 9 Mayın seçilməsi və kilsəsinin bu işə cəlb edilməsi təsadüfi xarakter daşımır. Ola bilsin ki, kilsə və onun arxasında dayanan qüvvələr hesab edirlər ki, terror yolu ilə Paşinyanı devirmək mümkün ola bilər. Yəni 9 May faşizm üzərində Qələbənin ildönümü günündə kilsəyə bağlı qüvvələrin İrəvanda terrora cəhdi də istisna edilmir. Bilirsiz ki, erməni terror təşkilatları ilə kilsənin çox sıx əlaqələri var. Paşinyanın bu dəstə ilə mübarizədən qalib çıxması elə də asan olmayacaq. Çünki kilsə, diaspor və lobbi təşkilatları, daxildəki Rusiyayönlü qüvvələr birləşiblər”.
F.Ələkbərli hesab edir ki, kilsə öz havadarlarının köməyi ilə bütün gücünü sülh prosesini pozmağa yönəldib, ona görə də, hər cür təxribata əl atır.
F.Ələkbərli qeyd etdi ki, bu proseslərdə Azərbaycan qətiyyətli mövqeyini davam etdirməli, kəndlərin azad edilməsinə və sülh müqaviləsinin imzalanmasına nail olmalıdır.(Bakı-xeber.com)
Digər xəbərlər