Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda ağır vəziyyət: pandemiyaya nəzarət itir, mübarizə resursları tükənir
Tarix: 10-08-2021 | Saat: 15:23
Bölmə:Karusel / Region | çapa göndər

 

Gürcüstanda ağır vəziyyət: pandemiyaya nəzarət itir, mübarizə resursları tükənir

Gürcüstanda iyul ayının ortalarından etibarən ağır epidemiloji vəziyyət müşahidə olunur. Pandemiyanın dördüncü dalğasının yaşandığı qonşu ölkədə koronavirus infeksiyasına sutkalıq yoluxma sayı noyabr-dekabr aylarında qeydə alınan rekord göstəriciləri də üstələyir.

Qarabaginfo.az xəbər verir ki, epidemioloqlar infeksiyanın tüğyan etməsini koronavirusun yeni ştamlarının yayılması ilə əlaqələndirirlər. Bu gün Gürcüstanda “delta”, “Britaniya” ştamları ilə yanaşı, “delta plyus” variantları da aşkarlanır. Avqust ayının sonuna yaxın ölkədə “delta”nın dominantlıq edəcəyi gözlənilir. Bəzi ekspertlər payız aylarında beşinci dalğanın da olacağını istisna etmirlər.

Ölkənin səhiyyə sistemi infeksiyaya yoluxanların kəskin artımı səbəbindən yüklənmə ilə üz-üzədir, artıq xəstəxanalarda çarpayı qıtlığı yaranıb. Xəstəxanalarda koronaviruslu pasiyentlər üçün ayrılan yerlərin təxminən 94 %-i dolub və çarpayı fondunun artırılması üçün resurslar, demək olar tükənib.

İrakli Qaribaşvili
İrakli Qaribaşvili

Gürcüstan həkimləri yaranmış ağır durumla əlaqədar həyəcan təbili çalırlar. Bu yaxınlarda 700-dən çox tibb işçisinin imzası ilə Baş nazir İrakli Qaribaşviliyə ünvanlanan açıq məktubda səhiyyə sistemi üçün real təhlükənin olduğu bildirilib. Tibb işçiləri ağır vəziyyətdən çıxış yolunu əlavə qayda və məhdudiyyətlərin tətbiqində görürlər.

Gürcüstan hökuməti indiki mərhələdə sərt karantin rejiminin tətbiqini planlaşdırmır. Baş nazir İrakli Qaribaşvili hesab edir ki, ölkənin iki milyon doza vaksin əldə etməsindən sonra karantin rejimi tətbiq etmək doğru yol deyil. Hökumət başçısı dəfələrlə ölkə əhalisini peyvənd vurdurmağa çağırıb. O, bu yaxınlarda virusu keçirməsinə baxmayaraq, avqustun 8-də vaksin vurduraraq hamını ondan nümunə götürməyə səsləyib.

Yerli ekspertlərin fikrincə, ölkədə COVID-19-a sutkalıq yoluxma sayı 5 mini ötərsə, sərt məhdudiyyətlər mütləq tətbiq edilməlidir, əks halda epidemiyaya nəzarət itirilə bilər. Artıq son sutka ərzində yoluxma göstəricisi 5 700-ə yaxınlaşıb. Bu gündən etibarən açıq havada 5 nəfərdən artıq insanın toplaşağı açıq havada qoruyucu maskadan istifadə məcburi olub, kütləvi mərasimlərin keçirilməsinə qadağalara əməl olunmasına nəzarət daha da gücləndirilib. Bu əks-pandemiya tədbirlərinin effekti növbəti iki həftə ərzində özünü göstərməlidir.

Səhiyyə naziri Ekaterine Tikaradze ölkədə koronavirusun yayılmasının bütün mümkün ssenarilərinin ən pisi üzrə inkişaf etdiyini bildirib. O qeyd edib ki, dördüncü dalğa əvvəlkilərdən daha çətin və ağırdır, bu da yüksək dərəcəli yoluxucu “delta” ştammının yayılması ilə əlaqəlidir. Nazir qeyd edib ki, COVID-19-a qarşı vaksinasiyanın məcburi olması barədə məsələ hazırkı mərhələdə nəzərdən keçirilmir. E.Tikaradze vəziyyətin nəzarətdən çıxmaması üçün əhalini yüksək məsuliyyət nümayiş etdirməyə, pandemiya dövrünün tələb və qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

Gürcüstanda pandemiyaya nəzarətin qeyri-effektiv olduğunu iddia edən ekspertlər də var. Allerqoloq-immunoloq Bidzina Kulumbeqov yerli mətbuata müsahibəsində bu məsələ ilə bağlı çoxlu sualların yarandığını söyləyib: “Biz gah bir yanaşma ortaya qoyduq, daha sonra digərinə keçdik, məhdudiyyətlər aradan götürüldü, cərimələr silindi, sanki pandemiya başa çatıb. Hazırda biz layiq olduğumuzu əldə etmişik”.

Onun fikrincə, regionda vaksinasiyanın əhatə dairəsinə görə Azərbaycan nümunəvi ölkədir: “Azərbaycan mənim üçün nümunədir. Ölkədə yumşaq məhdudiyyətlər saxlanılır və maksimum peyvəndləmə həyata keçirilir. Əlbəttə ki, biz virusu məhv edə bilmərik, lakin peyvəndləmələrin sayını artırmalıyıq”.

Qonşu ölkədə epidemioloji vəziyyətin ağırlaşmasını xarici ölkələrdən olan turist axınları ilə də əlaqələndirənlər var. Lakin Səhiyyə Nazirliyi bu fikirləri əsassız adlandıraraq bildirib ki, yoluxmaların artmasına əsas səbəb toy, yas və digər kütləvi mərasimlərin keçirilməsi və tövsiyələrə əməl olunmamasıdır.

Gürcüstanın dövlət rəsmiləri və tibbi ekspertləri hamını təxirəsalınmadan peyvənd vurdurmağa, qoruyucu maska taxmağa, sosial məsafə saxlamağa və əllərin gigiyenasına fikir verməyə çağırırlar. Hazırda ölkə üzrə qoruyucu maskadan istifadə göstəricisi 51 % təşkil edir. Ekspertlərin fikrincə, bu göstərici 90 %-i üstələyərsə, gündəlik yoluxma faktları ən azı 1 000 hal azalacaq.(Report)



Xəbəri paylaş

1347 dəfə oxunub.

Digər xəbərlər