Tarix: 01-09-2020 | Saat: 16:49
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Ermənistanın işğal altındakı Azərbaycan ərazilərini Livan və Suriyadan olan ermənilərlə məskunlaşmasının əsas məqsədi boş qalmış Dağlıq Qarabağ və ətraf rayonları hansısa yolla doldurmaqdır. Ermənistan siyasətçilərinin Dağlıq Qarabağla bağlı planının uğursuzluqlarından biri məhz insanların orada yaşamaq istəməməsidir".
Qarabaginfo.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın "Vestnik Kavkaza" İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Andrey Petrov bildirib.
Onun sözlərinə görə, heç bir erməni Dağlıq Qarabağda yaşamaq istəmir: "Çünki orada nə infrastruktur var, nə də yaşamaq üçün şərait...Ona görə də Ermənistan çıxış yolu axtarır ki, Dağlıq Qarabağı real mövcud dövlət kimi göstərsin. Bunun üçün isə Yaxın Şərqdə ağır vəziyyətə düşən erməni diasporunun nümayəndələrindən istifadə edir. İndiki vəziyyətdə Ermənistan bu planını həyata keçirmək üçün Livan ermənilərinə ümid bəsləyir. Onlar Ermənistana köçürülmələrini bəlkə də istəyirlər. Lakin Ermənistan hakimiyyəti onları Ermənistana deyil, işğal altındakı Azərbaycan ərazilərinə köçürür. Livanda vəziyyəti pisləşən ermənilərin prinsipcə çıxış yolu qalmayıb. Onlar ya Livanda ölməli, ya da harasa getməlidirlər. Ermənilər bu vəziyyətdən istifadə edirlər. Sonra da bütün dünyaya göstərəcəklər ki, Qarabağda ermənilər yaşayır. Təhlükəlisi isə odur ki, Ermənistan Livandan köçürülmüş həmin erməniləri daha sonra Dağlıq Qarabağın yerli əhalisi kimi qələmə verəcək. Əsas məqsəd də məhz budur".
Rusiyalı politoloq Azərbaycanın işğal altındakı ərazilərinə ermənilərin qanunsuz olaraq köçürülməsinə beynəlxalq ictimaiyyətin, xüsusi ilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin susmasının suallar doğurduğunu söyləyib: "Doğrudan da, bu maraqlıdır. Ona görə ki, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində hər hansı aktivliyi qeyri-qanuni addım hesab olunur. Çünki beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir. Məhz bu səbəbdən işğal altındakı ərazilərdə Ermənistan tərəfindən hər cür fəallıq faktı öncə qeydə alınmalı, sonra isə bu fakt beynəlxalq səviyyədə qınanmalıdır. Ermənistana sanksiyalar tətbiq olunmalıdır. Çünki bu ölkə digər dövlətin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazisində qeyri-qanuni məskunlaşma siyasəti aparır. Bəs niyə bu baş vermir? Düzünü desəm, buna cavab tapmaqda çox çətinlik çəkirəm.
Hesab edirəm ki, rəsmi Bakı hamıya bəlli olan bu faktları beynəlxalq meydançalarda qaldırmalı, işğal altındakı ərazilərdə baş verənləri beynəlxalq ictimaiyyətə göstərməlidir. Beynəlxalq təşkilatların bu məsələyə reaksiyasına nail olmalıdır. Çünki işğal altındakı ərazilərə qanunsuz köçürülmə və məskunlaşmalara reaksiya vermək, bu prosesin qarşısını almaq məhz beynəlxalq təşkilatların öhdəliyində olan məsələdir. Ona görə də rəsmi Bakı bunu beynəlxalq təşkilatlardan, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən tələb etməlidir. Tələb etməlidir ki, həmsədrlər və digər beynəlxalq təşkilatlar birbaşa məsul olduğu işə görə cavab versinlər, Azərbaycan işğal altındakı ərazilərində beynəlxalq hüququn bütün prinsiplərinin qorunmasını təmin etsinlər".
- Petrovun fikrincə, Ermənistan daha çox Livan ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarına köçürülməsində maraqlıdır: "İnanmıram ki, Yaxın Şərqdə olan ermənilərin hamısı işğal altındakı Dağlıq Qarabağa və ya ətraf rayonlara köçürülmələrinə razı olsunlar. Ancaq milliyyətçi ermənilər buna razılıq verə bilərlər. Bu, ilk belə hal deyil. Digər tərəfdən həmin ərazilərdə ermənilərin sayının süni çoxaldılması heç də iqtisadi şəraitə kömək etməyəcək, əksinə, onsuz da iqtisadiyyatı pis vəziyyətdə olan Ermənistanın xərcləri daha da artacaq".
Rusiyalı siyasi ekspert hesab edir ki, Ermənistanın bu qanunsuz addımları Azərbaycanla yeni hərbi toqquşmalara gətirib çıxaracaq: "Sözsüz ki, Ermənistan süni olaraq Dağlıq Qarabağı məskunlaşdırdıqca Azərbaycan tərəfinin güclü təzyiqi ilə üz-üzə gələcək. Bu səbəbdən yeni hərbi toqquşmaların baş verməsi qaçılmazdır. Ona görə də Dağlıq Qarabağın Ermənistan tərəfindən qanunsuz məskunlaşmasının qarşısı dərhal alınmalıdır. Əgər beynəlxalq ictimaiyyət münaqişə tərəflərinin danışıqlar masasına oturmağını istəyirsə, mütləq Ermənistanın beynəlxalq hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozmasının qarşısını almalıdır. Ermənistan danışıqlar prosesini pozur, atdığı bu cür addımlarla münaqişənin həllinin uzanmasına, mövcud "status-kvo"nun saxlanmasına nail olmaq istəyir. Beynəlxalq ictimaiyyət buna mütləq reaksiya verməlidir".
Digər xəbərlər