Saytımızı qiymətləndirin


 
 

Vaksin ürək xəstəliyi yaradır? – “Belə hal gənclərdə müşahidə edilir”
Tarix: 09-06-2022 | Saat: 12:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Koronavirus əleyhinə peyvəndlərin yan təsirləri barədə müxtəlif fikirlər səsləndirilir. İddialara görə, COVID-19 peyvəndləri bəzi insanlarda ürək xəstəliklərinə, bir çox hallarda ölümə səbəb olur. 

 

Belə iddiaların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün həkim-kardioloq Üzeyir Rəhimovla əlaqə saxladıq. 

 

Tanınmış həkim Qarabaqinfo.az-a bildirib ki, koronavirusa yoluxmuş xəstələrdə ürəkətrafı zər iltihabı çox olur. Ancaq indiyədək ölüm hallarına rast gəlinməyib:

 

“Dünyada aparılmış tədqiqatlar var ki, bunların heç birində vaksinin ürəyə ziyan vurub, ölümə səbəb olduğu qənaətinə gəlinməyib. Azərbaycanda belədir ki, insanlar isbat olunmamış məsələləri danışmağı çox sevirlər. Əslində, bu tək bizim insanlarımıza xas deyil, bir çox ölkələrdə belə hallar var. Ancaq bilinməlidir ki, dünyada bunun üçün araşdırmalar aparılır. Məsələn, İsraildə 5 milyon insanın peyvənddən sonrakı nəticələrini açıqlamışdılar”.

 

 

Həkimin sözlərinə görə, peyvənd vurulan insanlarda, xüsusilə də gənclərdə ürəkətrafı zər təbəqələrinin iltihabı müşahidə edilir:

 

“Ancaq peyvənd olunmayanlarda bunun olma ehtimalı on dəfə çoxdur. Yəni əgər peyvənd vurulmasa, COVID xəstəliyi olsa, o zaman həmin insanlar ağır miyokardit və perikardit keçirəcəklər, yəni çox ağır ürək xəstəsi olacaqlar. Peyvəndin yan təsiri miyokardit (ürək əzələsinin iltihabı və ürək çatışmazlığı) ola bilər. Ancaq bu çox nadirdir, əsasən gənclərdə müşahidə edilir. Əksəriyyəti də sağalır”.

 

Həkimin fikrincə, dünyada istifadə olunan elə peyvəndlər var ki, onlardan bəziləri bəlli yaş qruplarında tromp yaradır. Bu səbəbdən peyvəndlərin həmin yaş qrupu insanlar üçün istifadəsi qadağan edilib:

 

"Ancaq bizim də istifadə etdiyimiz məşhur "Pfizer" peyvəndində bu təsir çox nadirdir. Bir məsələni qeyd edim ki, peyvənd olunanlarla, peyvənd olunmayanlar arasında çox böyük uçurum var. "Pfizer" peyvəndi vurulan şəxslərin koronavirusun ölmə ehtimalı çox azdır. "Peyvənd vurduq, tromp meydana gəldi" kimi fikirlər reallığı əks etdirmir. Peyvənddən sonra halı pisləşənlər ürək xəstəliyi, damarında tutulma olan insanlardır, yaxud infarkt keçirib ölmə ehtimalı olan şəxslərdir. Yəni COVID-19 peyvəndi vurulan sağlam adam ölməz. Ürək-damar sistemində problemi olan insan dünyasını dəyişə bilər. Məsələ bundan ibarətdir ki, peyvənd vurmasa da, bu xəstə ölə bilər”.

 

Ü.Rəhimov xüsusilə “Pfizer” peyvəndinin daha effektiv olduğunu söyləyib: 

 

“Ancaq "AstraZeneca" peyvəndi 70 yaş üzərində insanlarda tromp yaratdığı üçün bəzi ölkələrdə istifadəsi qadağan olunub. Ancaq "Pfizer"də belə hal yox idi. Ona görə də dünyada ən çox istifadə edilən məhz bu peyvənddir. Çin peyvəndinə gəlincə, ölü virus peyvəndi olduğu üçün qoruyuculuğu da azdır. Yəni bir dərmanın, peyvəndin qoruyuculuğu nə qədər çoxdursa, yan təsirləri də bir o qədər çox ola bilər.

 

Peyvəndi nə üçün vururuq? Əlbəttə, insanlar xəstələnəndə sağ qalsın deyə. Peyvənd isə öz vəzifəsini layiqincə yerinə yetirir. Mən şəxsi təcrübəmdə peyvəndlə əlaqədar pisləşən insan demək olar ki, görməmişəm. Bunu izah etmək çox çətindir. Bir insanın iki həyatı olsa, yəni həyatını geri qaytarıb peyvənd vurdurmasa, bu insan bəlkə COVID-ə yoluxub öləcək. Bunu peyvəndə bağlamaq doğru deyil. "Pfizer" peyvəndi nə infrakt, nə miyokarditin artmasına səbəb olub. Amma COVID-19 xəstəliyinin xüsusiyyəti nədir? Heç ürək-damar sistemində problem olmasa da, ayaq damarlarında tromp yaradır. Bu, virusun yan təsiridir”.




131 dəfə oxunub.

Digər xəbərlər