Saytımızı qiymətləndirin


 
 

Enerji komissarı: “Cənub Qaz Dəhlizi Aİ üçün strateji əhəmiyyətə malikdir”
Tarix: 03-02-2022 | Saat: 20:20
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Kadri Simson

 

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun APA-ya müsahibəsi.

Qarabaginfo.az müsahibəni təqdim edir:

- Avropa iqlim neytrallığına çatmaq üçün istixana effektinin azaldılması kimi orta və uzunmüddətli iqlim öhdəlikləri müəyyənləşdirib. Lakin digər tərəfdən, Polşa kimi Avropa İttifaqına üzv dövlətləri arasında bu öhdəliklər barədə müəyyən narazılıqlar var. Bu hədəflərə nə dərəcədə nail oluna bilər və Aİ bu hədəflərə çatmaq üçün fikir ayrılıqlarının öhdəsindən necə gəlir?


- Aİ-nin bütün üzv dövlətləri 2050-ci ilə qədər iqlim neytrallığına çatmaq barədə razılığa gəlib və 2030-cu il üçün ümumi hədəf müəyyən edib. Bu, keçən il qüvvəyə minən “Avropa iqlim haqqında” qanunda da öz əksini tapıb. Üzv dövlətlərin başlanğıc nöqtələri və strategiyaları fərqli olsa da, yekun hədəfləri eynidir.

İndi biz bu hədəflərə ən yaxşı necə nail ola bilərik, bax bunu müzakirə edirik. Komissiya artıq keçən ilin iyul və dekabr aylarında istixana emissiyasının 2030-cu ilə qədər ən azı 55% azaldılması məqsədilə bir neçə qanuni təkliflər hazırlayıb. Bu təkliflərə bərpa olunan enerji, enerji səmərəliliyi, binaların enerji fəaliyyəti barədə Aİ qanunlarına dəyişikliklər, qaz sektorunda islahat aparmaq üçün addımlar və hidrogen üçün bazar yaratmaq, Emissiyaların Ticarət Sistemini genişləndirmək, nəqliyyat sektorunu de-karbonizasiya etmək və enerji vergisini təkmilləşdirmək, eyni zamanda, Karbon Sərhəd Tənzimlənməsi Mexanizminin təqdim edilməsi daxildir. Bu paketin mühüm bir hissəsi isə keçidin sosial təsirinin yüngülləşdirilməsi üçün yaradılan Sosial İqlim Fondudur.

 

Üzv dövlətlər arasında və Avropa Parlamentində müzakirələr başlayıb. Biz bu prosesi mümkün qədər sürətləndirmək üçün Avropa İttifaqı Şurasına sədrlik edən Fransa ilə birgə çalışırıq.

- Aİ bərpa olunan və davamlı enerjini təşviq edir. Bərpa olunan enerjinin inkişafının Avropanın enerji təhlükəsizliyinə təsiri necə olacaq?

 

- Biz gözləyirik ki, bərpa olunan enerji mənbələrinin daha böyük payı bizim enerji təhlükəsizliyimizə müsbət təsir göstərəcək. Bərpa olunan enerji adətən yerli istehsal olduğu üçün, ondan istifadə həm də daha böyük enerji müstəqilliyi deməkdir.

 

Bərpa olunan enerji bu gün artıq bir çox yerlərdə enerjinin ən ucuz formasıdır və ondan istifadə Aİ istehlakçılarının enerji ödənişlərini azalda bilər. Buna görə də Bərpa Olunan Enerji Direktivinə yenidən baxılması təklifi ilə biz Aİ-nin enerji qarışığında bərpa olunan mənbələrin payını 40%-ə çatdırmağı hədəfləyirik. Həmçinin biz sənaye, istilik, soyutma və nəqliyyat kimi arxada qalan son istehlak sektorlarına bərpa olunan enerji mənbələrinin daha yüksək nüfuz etməsini təmin etməyə çalışırıq.

 

Bərpa olunan enerjinin artmasının qlobal təsirləri də var. Bərpa olunan enerji resurslarının potensialı karbohidrogen ehtiyatlarından daha geniş şəkildə yayıldığı üçün, təmiz enerji transformasiyası mübahisəli məsələləri və neft-qazla bağlı geosiyasi riskləri azalda bilər.

 

Ancaq bu da aydındır ki, “yaşıl enerji”yə keçid bir gecədə baş verməyəcək. Biz, məsələn, gələcək illərdə təbii qazdan istifadə edib, xüsusən də kömür və liqnit kimi digər çirkləndirici yanacaqları əvəz edəcəyik.


- Biz tez-tez eşidirik ki, Avropa Komissiyası enerji qanunlarını tətbiq edilməsi, Qərbdən Şərqə və Şimaldan Cənuba qazın axınına icazə vermək üçün Aİ daxilində səmərəli qaz infrastrukturlarının qurulması, alternativ mənbələrin əlçatanlığının təşviq edilməsi baxımından öz enerji bazarının düzgün işləməsinə diqqət yetirməlidir. Bu baxımdan, Aİ-nin enerji bazarının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

 

- Əlbəttə ki, fərqli marşrutlar və təchizatçıları olan yaxşı əlaqəli və inteqrasiya olunmuş qaz bazarının olması bizim üçün vacibdir. Hazırkı vəziyyət bunun nə qədər vacib olduğunu bir daha sübut edib. Son illər Aİ Avropada qaz infrastrukturunu həm interkonnektorlar, həm də sıxılmış qaz (LNG) terminalları baxımından əhəmiyyətli dərəcədə inkişaf etdirib. Hazırda sadəcə yalnız bir qaz mənbəsindən asılı olan Aİ ölkəsi yoxdur. Cənubi Qaz Dəhlizi bu prosesin bir hissəsidir. Həmçinin ACER-in (Enerji Tənzimləyicilərinin Əməkdaşlığı ilə bağlı Aİ Agentliyi) son hesabatı da göstərib ki, Aİ-nin daxili qaz bazarının inteqrasiyası inkişaf etməyə davam edir. Bərpa olunan enerjidən və aşağı karbonlu qazlardan daha çox istifadə etmək bizi iqlim hədəflərimizə yaxınlaşdırmaqla yanaşı, qaz bazarını tarazlaşdırmağa kömək edə bilər.

 

Bunu asanlaşdırmaq məqsədilə Komissiya 2021-ci ilin dekabrında Hidrogen və Karbonsuzlaşdırılmış Qaz Bazarları Paketini təklif edib. Biz həmçinin bir dəfə rəsmi olaraq qəbul edilmiş transsərhəd hidrogen infrastrukturunun dəstəklənməsi və biometan kimi bərpa olunan qazların Avropa şəbəkələrinə inteqrasiyasına imkan verən, mühüm alətə çevriləcək yenidən işlənmiş Trans-Avropa Enerji Şəbəkələri Nizamnaməsinə dair Aİ Şurası ilə Parlament arasındakı son razılaşmanı alqışlayırıq.

- Faktdır ki, xarici siyasət nöqteyi-nəzərindən dövlətlər müdafiə yolu ilə yanaşı, enerji ixracından həm də xoşagəlməz məqsədlər üçün istifadə edə bilər. Avropa Komissiyası bu ölkələrlə mübarizə aparmaq üçün hər hansı mexanizm hazırlayır?

 

- Avropa İttifaqı açıq, şəffaf və ədalətli enerji bazarlarına inanır. Bu baxımdan, bizim daxili enerji bazar qaydalarımıza hörmət çox vacibdir. Avropa Komissiyası və onun rəqabət şöbəsi bu qaydalara riayət olunmasını təmin etmək üçün mexanizmlərə malikdir.

 

- Avropanın daxili qaz hasilatındakı azalmaları əvəz etmək üçün “sadəcə kommersiya” layihəsi kimi təqdim edilən mübahisəli “Şimal axını-2” boru kəməri Mərkəzi və Şərqi Avropa hökumətləri tərəfindən Rusiyanın onlar üzərində siyasi nüfuzunu artırmaq cəhdi kimi qiymətləndirilib. Aydındır ki, “Şimal axını-2” Avropa İttifaqının enerji bazarını və ümumilikdə Aİ birliyini ikiyə bölür. Bu fikir ayrılığına münasibətiniz necədir və bununla bağlı hansı tədbirlər görülə bilər?

 

- Komissiyanın yanaşması budur ki, “Şimal axını-2” bizə daha çox şaxələndirilmiş enerji təchizatı əldə etməyə kömək etmir və təchizat təhlükəsizliyimizi artırmır. Komissiyanın rolu "Şimal Axını-2"nin istismara verildiyi təqdirdə, Aİ qanunvericiliyinə tam uyğun olaraq tənzimləyici orqanlar tərəfindən müvafiq nəzarət dərəcəsi əsasında şəffaf və qeyri-diskriminasiya olmadan fəaliyyət göstərməsini təmin etməkdir. 2019-cu ildə düzəliş edilmiş Aİ Qaz Direktivi qaz şəbəkələrinin istismarı üçün əsas prinsipləri, xüsusən də tənzimlənən şəbəkə tariflərinə əsaslanan paylaşılmanı və üçüncü tərəfin girişini müəyyən edir. Hazırda boru kəmərinin sertifikatlaşdırılması prosesi yazdan öncə qərar qəbul etməyi gözləmədiyini bildirən Almaniya tənzimləyicisinin əlindədir. “Bundesnetzagentur” qərara gəldikdən sonra Komissiya bununla bağlı rəy qəbul edəcək.

 

- Son aylarda Avropada qaz qiymətlərində artım müşahidə olunur və bunun mənfi nəticələrinin olduğu aydındır. Biz o nəticələr barədə soruşmaq istərdik... Bəs Avropada qazın qiymətinin bu qədər kəskin artmasının əsas səbəbləri nədir?

 

- Yüksək enerji qiymətləri Avropada əsas narahatlıq yaradan məsələlərdən biri olaraq qalır. Bu, həm ev təsərrüfatlarına, biznesə təsir edir və həmçinin narahatlıq doğuran sosial təsirlərə malik ola bilər. Yüksək qiymətlər, əsasən, COVID-19-dan bərpa dönəmi ilə əlaqədar olaraq ümumi enerji və xüsusilə qaza artan qlobal tələbdən qaynaqlanır. Bundan başqa, Rusiyadan gözləniləndən aşağı həcmdə qaz tədarükünün olması istilik mövsümündə bazarı daha da sıxışdırır.

 

Bundan əlavə, elektrik enerjisinin qiyməti də mövsümi hava şəraiti ilə -yayda suyun az olması və külək - əlaqədar artıb. Bu da Avropada bərpa olunan enerji istehsalının azalması ilə nəticələnib.

 

- Hazırda bu böhranın həlli istiqamətində hansı səylər göstərilir və hansı mümkün həll yolları nəzərdən keçirilir? Gələcəkdə oxşar halların qarşısını almaq üçün hər hansı mexanizmlərdən istifadə edilməsi planlaşdırılır?


- Artıq oktyabr ayında Komissiya üzv dövlətlərə, xüsusilə də həssas qruplar üçün yüksək qiymətlərin təsirini azaltmaq istiqamətində seçilmiş tədbirlərdən ibarət alətlər qutusu təqdim edib.

 

Sosial ödənişlər və ya vergi azaldılmaları kimi vasitələrlə istehlakçıları dəstəkləməyə yönəlmiş tədbirlərlə yanaşı, idxaldan asılılığı azaltmaqla davamlılığın artırılmasına yönəlmiş orta və uzunmüddətli tədbirlər də mövcuddur.

 

Buna enerji səmərəliliyindəki qazanclar (yəni istehlakın azaldılması), bərpa olunan enerjiyə investisiyaların artırılması və qaz bazarının fəaliyyətinin yaxşılaşdırılması ilə nail olmaq olar. 20-dən çox üzv dövlət alətlər qutusunda qeyd olunan addımları atıb və ilkin təhlilimiz onu göstərir ki, bu tədbirlər təxminən 21 milyard avroya başa gəlib. Komissiyanın özü dekabr ayında Aİ qanunvericiliyinə qaz anbarından istifadəni təkmilləşdirəcək, qaz ehtiyatlarının könüllü birgə alınması variantını təklif edən və təchizat böhranı zamanı üzv dövlətlər arasında həmrəyliyi gücləndirəcək dəyişiklikləri təklif etdi.

 

- Bildiyimiz kimi, Azərbaycan Avropanı qazla təchiz edir. Bu enerji böhranı fonunda Trans-Adriatik qaz kəmərinin (TAP) Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində və Avropa istehlakçılarının alternativ marşrutlardan yanacaqla təmin edilməsində əhəmiyyətini necə qiymətləndirirsiniz?

 

- 2020-ci ilin dekabr ayından bəri Azərbaycan qazı Aİ-yə yeni mənbə və yeni marşrut təklif edir. Düşünürəm ki, hər kəs, Komissiya da daxil olmaqla qəbul edir ki, TAP xidmət göstərdiyi ölkələrə və regionlara müsbət təsir göstərir və Cənub-Şərqi Avropada etibarlı, rəqabətədavamlı və sərfəli təchizata böyük töhfə verir. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün strateji əhəmiyyətə malikdir. Xüsusilə, enerji qiymətlərinin yüksəlməsi və sıx qaz bazarlarının mövcud olduğu bir şəraitdə Avropada təchizat təhlükəsizliyinin gücləndirilməsi üçün dəhlizin aktuallığı yalnız artıb.

 

- Azərbaycan Avropaya ildə ümumilikdə 10 milyard kubmetr qaz tədarük edir, bu həcmin iki dəfə artırılması perspektivini necə görürsünüz?

 

- TAP hazırda tam işlək vəziyyətdədir. Bu, Aİ-nin təchizat təhlükəsizliyini yaxşılaşdırıb, qaz mənbələrimizi şaxələndirib və Cənub-Şərqi Avropada rəqabəti gücləndirib. Boru kəmərinin gücünü genişləndirməyə gəldikdə biz xəbərdarıq ki, TAP bu baxımdan müxtəlif variantları nəzərdən keçirir. Bu kontekstdə TAP konsoriumu tərəfindən bazar testi aparılır. Nəticələr 2022-ci ilin iyul ayına qədər bəlli olacaq və Aİ-yə və ya qonşu bazarlara mümkün əlavə qaz tədarükü tələbi ilə bağlı aydın siqnallar verəcək. Komissiya bu dəyişiklikləri yaxından izləyəcək.

 

- Qlobal enerji keçidi və de-karbonizasiya prosesi kontekstində hidrogenin TAP vasitəsilə nəqlinin mümkünlüyünü necə qiymətləndirirsiniz?

 

- Aşağı karbon və bərpa olunan qazlar, məsələn, “yaşıl hidrogen”, “yaşıl enerji”yə keçiddə mühüm rol oynayır.

 

Aİ təmiz hidrogen istehsalının artırılması və onun Avropada istehsalı üçün strategiya təqdim edib. Bu yay Komissiya hidrogenin daha yüksək mənimsənilməsini və onun Avropa şəbəkələrinə inteqrasiyasını təmin etmək üçün bir sıra qanunvericilik təklifləri qəbul edib. Lakin, hidrogenin Aİ-yə çatdırılmasında bir sıra çətinliklər yaranır. Bura həm də yeni infrastruktur şəbəkəsinin inkişafı da daxildir. Buna görə də biz Aİ-nin transsərhəd enerji infrastrukturu qaydalarını təkmilləşdirmişik ki, bura indi həm eksklüziv hidrogen nəqli üçün mövcud aktivlərin yenidən təyinatını, həm də hidrogen üçün yeni aktivlərin yaradılmasını əhatə edən xüsusi transsərhəd hidrogen şəbəkələrinə dəstək daxildir.

 

TAP kimi müasir boru kəmərləri gələcəkdə yaşıl hidrogeni nəql etmək üçün yenidən təchiz oluna bilər. Çünki biz 2050-ci il iqlim neytrallığı hədəfinə doğru irəlilədikcə Aİ-nin qaz qarışığının əhəmiyyətli dərəcədə dəyişəcəyini gözləyirik. Texniki məsələlərdən başqa, təchizolunma bütün maraqlı tərəflər arasında razılıq tələb edəcək.



Xəbəri paylaş

1437 dəfə oxunub.

Digər xəbərlər