Saytımızı qiymətləndirin


 
 

“Qarabağda hər an müharibə başlaya bilər” - “Ermənistan sabotajla məşğuldur“
Tarix: 11-11-2021 | Saat: 15:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Qarabağda hər an müharibə başlaya bilər” - “Ermənistan sabotajla məşğuldur“

Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında görüşün baş tutacağını bəyan etmişdi. Moskva və Bakının siyasi dairələrində bu görüşə sıcağ yanaşılsa da, İrəvanın inadkarlığı ucbatından bu görüş baş tutmayıb.

Azərbaycan Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirib ki, Ermənistan, əslində, növbəti dəfə prosesi sabotaj etmək istəyir və bu da, bilavasitə Ermənistanda daxili ictimai-siyasi vəziyyətin gərgin olmasıyla əlaqəlidir:

“Bilirsiniz ki, Ermənistanda, artıq Azərbaycanla Moskvada imzalana biləcək potensial sənədin qarşısını almaq üçün müxalifət qarşısına hədəflər qoyub. Bu məsələdə revanşist qüvvələr, xüsusilə də, “Qarabağ klanı” – Koçaryan və Sarkisyanın rəhbərlik etdiyi qüvvələr artıq Ermənistanda etiraz aksiyalarına başlayıblar.

Məsələnin birinci tərəfi budur və əlbəttə, bu vəziyyətdən sui-istifadə edən hiyləgər Nikol Paşinyan siyasətini də görürük. Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərgindir və belə bir siyasi təhlükə qarşısında, o belə bir görüş keçirib, istənilən bir strateji sənədi, xüsusilə də, Ermənistanın müəyyən mənada maraqlarına uyğun gəlməyən, müxalifət tərəfindən tənqid olunan sənədi imzalaya bilməz. Ona görə də, Paşinyan ən azından ləngitmə ilə zaman qazanmaq istəyir”.

Politoloq qeyd edib ki, bu məsələdə Rusiyanın davranışı qeyri-qənaətbəxşdir:

“Düşünmürəm ki, bu məsələdə Rusiya Ermənistana təkid etmək imkanından məhrum olub. Belə bir şey yoxdur. Sadəcə Rusiya təkid etmir. Çünki belə bir vəziyyətin yaranması Rusiya hakimiyyətinin maraqlarına uyğundur. Azərbaycanın isə bu görüş nəticəsində konkret tələbləri var. Azərbaycan təkcə kommunikasiyaların açılması məsələsinin razılaşdırılmasını istəmir, Eyni zamanda, böyük sülh sazişinə gətirəcək sərhədlərin müəyyyənləşməsi, yəni əvvəlcə delimitasiya və sonra demarkasiya prosesinin də həll olunmasını istəyir”.

N. Miri onu da vurğulayıb ki, bu məsələnin ən böyük zəncir halqası 10 noyabr bəyannaməsinin 4-cü müddəasının icra olunması tələbidir:

“Qarabağın dağlıq hissəsində hələ də qanunsuz erməni silahlı birləşmələri və Ermənistanın qoşun hissələri mövcuddur və qoşun hissələrinin sayı 10 mindən artıqdır. Bu da hər an yeni bir müharibə təhlükəsi potensialı anlamına gəlir. Ona görə də, sülh sazişinin imzalanmasında Rusiya da maraqlı deyil. O, yalnız kommunikasiyaların açılması məsələsini qismən həll etməklə, həm Ermənistana zaman qazandırır, həm də özü zaman qazanır”.

Politoloq əlavə edib:

“Azərbaycan mütləq mənada növbəti dəfə 27 sentyabr 2020-ci ildə baş verən hadisə kimi, yeni bir proses yaratmalıdır. Bu proses bu hadisələr yaradılmayınca bizə diktə olunan prosesin arxasınca sürünmək məcburiyyətində qalacağıq. Yəni bu günləri Qarabağda olan Rusiya üçün əhatə dairəsini mütləq mənada daraltmalıyıq.

Hazırda Şuşa ətrafında baş verən təxribat hadisələri bilavasitə Rusiyanın bu məsələdə maraqlı olduğunu göstərir. Ermənistanın müdafiə nazirinin əlini-qolunu sallayaraq Qarabağa gəlməsi, hərbi hissələrə göstəriş verməsi və eyni zamanda Ermənistanda – Laçınla sərhəddə olan Qaragöl (Sevliç) ətrafında olan təxribatın törədilməsi də, onu göstərir ki, bu proses təkcə Ermənistanın istədiyi və yaratdığı hadisələr deyil. Bu, Rusiyanın bilavasitə təhrik etdiyi və dəstəklədiyi bir prosesdir.

Ona görə də, Azərbaycan elə hadisələr yaratmalı və əhatə dairəsini elə daraltmalıdır ki, belə olan Rusiya və Ermənistan Azərbaycanla hesablaşmaq məcburiyyətində qalmalıdırlar. Əks təqdirdə əmin olun ki, biz növbəti 4 il ərzində də istədiyimiz strateji hədəflərə çata bilməyəcəyik və növbəti hərbi təxribatlar törətməklə Rusiya yenidən Azərbaycanda və Qarabağda qalmaq üçün süni hüquqi zəmin yaradacaq”.

Yenisabah.az

“Qarabağda hər an müharibə başlaya bilər” - “Ermənistan sabotajla məşğuldur“


Xəbəri paylaş

304 dəfə oxunub.

Digər xəbərlər