Saytımızı qiymətləndirin


 
 

"Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib
Tarix: 09-07-2026 | Saat: 19:48
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

"Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib

"Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib.

Qarabaginfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Akkreditasiya Komissiyası tibb müəssisəsinin fəaliyyətinin akkreditasiya meyarlarına uyğunluğunun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən yaradılan komissiyadır. Qaydaya əsasən, akkreditasiya hər 5 (beş) ildən bir həyata keçirilir. Yeni təsis edilmiş tibb müəssisəsinin akkreditasiyası onun fəaliyyətə başladığı (özəl tibb müəssisələrinə münasibətdə isə lisenziya aldığı) tarixdən 5 (beş) il sonra həyata keçirilir. Mərkəz hər təqvim ili aprelin 15-dən gec olmayaraq, növbəti təqvim ili üçün akkreditasiyası keçirilməli olan tibb müəssisələrinin siyahısını öz rəsmi internet informasiya ehtiyatında yerləşdirir.
Akkreditasiyanın keçirilməsi ilə bağlı sənəd mübadiləsi “bir pəncərə” prinsipi əsasında altsistem vasitəsilə həyata keçirilir. Akkreditasiyaya dair müraciətlər elektron qaydada aparılır. Hər bir tibb müəssisəsi üçün altsistemdə şəxsi kabinet yaradılır və onun elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Müəssisə qeydiyyat şifrəsi vasitəsilə onun üçün açılmış şəxsi kabinetdə yerləşdirilən sənədləri və məlumatları əldə edə bilər. Akkreditasiyanın ümumi müddəti 90 (doxsan) iş günündən çox ola bilməz. Akkreditasiya akkreditasiyanın keçirilməsi barədə bildirişin tibb müəssisəsinin şəxsi kabinetinə göndərildiyi gündən başlayır və qərarın qəbulu ilə yekunlaşır.
- Akkreditasiya aşağıdakı mərhələlər üzrə keçirilir:
- tibb müəssisəsi tərəfindən özünüqiymətləndirmənin aparılması;
- Akkreditasiya Komissiyası tərəfindən tibb müəssisəsinin fəaliyyətinin akkreditasiya meyarlarına uyğunluğunun qiymətləndirilməsi.
Akkreditasiya Şurası yekun hesabat təqdim edildikdən sonra 10 (on) iş günü ərzində baxır və aşağıdakı qərarlardan birini qəbul edir:
- qiymətləndirilmə zamanı maksimum balın 81-100 faizi toplandıqda tibb müəssisəsinin akkreditasiya meyarlarına “uyğundur”, maksimum balın 61-80 faizi toplandıqda “əsasən uyğundur” və ya maksimum balın 51-60 faizi toplandıqda “qismən uyğundur” hesab edilməsi barədə;
- qiymətləndirilmə zamanı maksimum balın 50 və daha aşağı faizi toplandıqda tibb müəssisəsinin akkreditasiya meyarlarına “uyğun deyil” hesab edilməsi və tibb müəssisəsinin 1 (bir) ildən sonra təkrar akkreditasiya edilməsi barədə.
Tibb müəssisəsi akkreditasiya meyarlarına “uyğundur” hesab edildikdə birinci dərəcəli akkreditasiya şəhadətnaməsi, “əsasən uyğundur” hesab edildikdə ikinci dərəcəli akkreditasiya şəhadətnaməsi, “qismən uyğundur” hesab edildikdə üçüncü dərəcəli akkreditasiya şəhadətnaməsi verilir. Bu şəhadətnamələr tibb müəssisələrinə 5 (beş) il müddətinə verilir.
“Uyğun deyil” qərarı qəbul edildikdə tibb müəssisəsindəki (və ya müvafiq tibbi xidmət (iş) növü üzrə) pasiyentlər digər tibb müəssisələrinə köçürülür və müəssisəyə (və ya tibbi xidmət (iş) növü üzrə) yeni pasiyent qəbulu dayandırılır. Təkrar akkreditasiyanın nəticəsində qərar qəbul edildikdə Akkreditasiya Şurasının qərarı ilə tibb müəssisəsi növbəti 5 (beş) il müddətinə akkreditasiya olunmuş hesab edilir. Təkrar akkreditasiyadan keçməyən tibb müəssisəsinin yenidən təkrar akkreditasiyası keçirilmir. Mərkəz akkreditasiyadan keçməyən tibb müəssisələri barədə məlumatı fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyinə təqdim edir.
Tibb müəssisəsinin Mərkəzin hərəkətlərindən (hərəkətsizliyindən), həmçinin Akkreditasiya Şurasının qərarından Nazirliyə və məhkəməyə şikayət vermək hüququ vardır.
Mərkəz tərəfindən tibb müəssisəsinin akkreditasiya olunması barədə Akkreditasiya Şurasının qərarının qəbul edildiyi tarixdən 3 (üç) iş günü ərzində “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında hazırlanan akkreditasiya şəhadətnaməsi tibb müəssisəsinin şəxsi kabinetində və Mərkəzin internet informasiya ehtiyatında yerləşdirilir.
Akkreditasiyadan sonrakı qiymətləndirilmə tərtib edilən fəaliyyət planının icrası çərçivəsində tibb müəssisəsi tərəfindən Nazirliyin müəyyən etdiyi qaydada hazırlanan illik hesabatın təhlili əsasında aparılır. İllik hesabat hər il üçün növbəti il martın 1-nə kimi altsistem vasitəsilə Mərkəzə təqdim edilməlidir. İllik hesabatın təhlili nəticəsində tibb müəssisəsinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar edildikdə Mərkəz tibb müəssisəsinin növbədənkənar akkreditasiyasının keçirilməsi barədə qərar qəbul edir və bu barədə məlumatı tibb müəssisəsinin şəxsi kabinetinə göndərir.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər