Saytımızı qiymətləndirin


 
 

Sosial şəbəkədə təhqirlə bağlı ittiham olunan şəxs 7 min manat cərimə olunub
Tarix: 08-10-2026 | Saat: 12:44
Bölmə:Karusel / Kriminal | çapa göndər

Sosial şəbəkədə təhqirlə bağlı ittiham olunan şəxs 7 min manat cərimə olunub

Tovuz Rayon Məhkəməsində şəxsin şərəf və ləyaqətinin müdafiəsi, sosial şəbəkələrdə yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxılıb.

Tovuz Rayon Məhkəməsindən Qarabaginfo.az-a verilən məlumata görə, işin hallarına görə, iddiaçı cavabdehə qarşı şərəf və ləyaqətin müdafiəsi, yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

İddia ərizəsində göstərilib ki, cavabdeh müxtəlif sosial şəbəkələrdə, o cümlədən “YouTube”, “TikTok” və “Instagram” platformalarında yayımlanan videomateriallarda iddiaçının və onun ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlədib, onların şəxsi və ailə həyatına aid məsələləri ictimai müzakirəyə çıxarıb.

İddiaçı məlumatların təkzib edilməsini və cavabdehdən 100 000 manat mənəvi ziyanın tutulmasını tələb edib.

Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və videomaterialları araşdıraraq müəyyən edib ki, cavabdehin işlətdiyi ifadələr iddiaçının və onun ailə üzvlərinin şəxsi həyatına müdaxilə xarakteri daşıyıb, onların şərəf və ləyaqətini alçaldıb.

Məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ vardır. Şəxsin ailə münasibətləri, uşaqların mənşəyi və digər şəxsi məlumatları üstün ictimai maraq olmadan kütləvi müzakirə predmetinə çevrilə bilməz. Hətta məlumatlar həqiqətə uyğun olsa belə, onların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsi hüquqa zidd ola bilər.

Vurğulanıb ki, uşaqların doğulma şəraitinə görə fərqləndirilməsi və onların mənşəyi ilə bağlı alçaldıcı ifadələrin işlədilməsi yolverilməzdir. Belə davranış uşaqların hüquqlarına, psixoloji sağlamlığına və sosial rifahına mənfi təsir göstərə bilər.

Məhkəmə diqqətə çatdırıb ki, ictimaiyyət arasında tanınan şəxslərin daha geniş tənqidə məruz qala bilməsi onların şəxsi həyatı ictimaiyyətə açıq olmayan ailə üzvlərinin də eyni müdaxilələrə dözmək öhdəliyi daşıması demək deyil.

Mənəvi ziyanın məbləği müəyyən edilərkən hüquq pozuntusunun xarakteri, yayılma miqyası, vurulmuş mənəvi zərər, cavabdehin davranışı və maddi imkanlarına dair sübutlar nəzərə alınıb. Məhkəmə vurğulayıb ki, mənəvi ziyana görə kompensasiya həm pozulmuş hüquqların müdafiəsinə, həm də gələcəkdə oxşar hüquq pozuntularının qarşısının alınmasına xidmət etməlidir.

Yekunda Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib. Cavabdehin sosial şəbəkələrdə işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib.

Cavabdehdən iddiaçının xeyrinə 7 000 manat mənəvi ziyan və 90 manat dövlət rüsumunun tutulması qət edilib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər