Ünvanı göylər olan məktub
Tarix: 16-09-2026 | Saat: 22:25
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər

155 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-09-2026 | Saat: 22:25
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər

“Bu hekayəni 35 ildən sonra doğma yurdu Laçına qayıdan “Əməkdar həkim” əziz dostum doktor Kamil İbadova ithaf edirəm.”
İnsan bəzən elə bir yola çıxır ki, gedəcəyi məsafə kilometrlərlə deyil, illərlə ölçülür. Kamil həkim üçün bu yol otuz beş il qədər idi. Otuz beş il əvvəl tələsik tərk etdiyi doğma Alıqulu kəndinə bu gün qayıdırdı. Maşın kəndə yaxınlaşdıqca ürəyi qəribə ritmlə döyünürdü. İllər boyu minlərlə insanın ürəyini dinləmiş, ritm pozğunluqlarını, ağrılarını, xəstəliklərini müəyyən etmişdi. Amma indi öz ürəyinin ritmini anlaya bilmirdi. Çünki sinəsində bir ürək yox, həm də otuz beş ilin həsrəti döyünürdü.
Maşın dayandı. Qapını açdı. Torpağa ayaq basdı. Əyilib bir ovuc torpaq götürdü. Ovcunda xırdalanan torpağı burnuna yaxınlaşdırdı. O, bu torpağın qoxusunu heç vaxt unutmamışdı. Həmişə o qoxunun həsrətində olmuşdu. İnsan doğulduğu yurdun qoxusunu yaddaşından silə bilmir. Ətrafına baxdı. Kənd yox idi... Hər tərəf xarabalıq idi və bu xarabalığın içində qəribə bir səssizlik vardı. Bir vaxtlar uşaqların səs-küy saldığı cığırlarda indi yalnız külək dizə qədər qalxan otları tərpədirdi. Divarlar uçmuş, damlar çökmüş, həyətlər kolluğa dönmüşdü. Təbiət sanki insanların yoxluğunu gizlətmək üçün xarabalıqların üstünə yaşıl örtük salmışdı.
Kamil həkim asta-asta evlərinə doğru getdi. Burada bir vaxtlar böyük bir həyət vardı. Anası səhərlər toyuqlara dən səpərdi, bacısı süpürgə ilə həyəti süpürərdi. Atası axşamlar iri gövdəli armud ağacının altında oturub çay içərdi. Ailənin Novruz tonqalı da hər il burada qalanardı. Payızda tut yarpaqları həyəti sarıya boyayardı. İndi isə...
Dağılmış divarların yerində cəmi bir neçə çay daşı görünürdü. Otaqların yerində cır armud, yemişan və yabanı ağaclar bitmişdi. Sanki zaman evi dağıtmış, təbiət isə onun qəbrini çiçəklərlə örtmüşdü.
Kamil həkim diz çöküb daşlardan birini sığalladı. Daş susurdu. Amma o, bu sükutun içində anasının ayaq səslərini eşidirdi. O, ayaq səslərini axtarırmış kimi ətrafa baxdı. Birdən gözü həyətdəki qurumuş ağaca sataşdı. Və nəfəsi sinəsində ilişib qaldı. Ağacın gövdəsinə mismarlanmış köhnə poçt qutusu... Pas basmışdı. Qapağı əyilmişdi. Amma hələ də yerindəydi. Üstündəki rəng çoxdan silinsədə yazısı oxunurdu.
Kamil həkim ayağa qalxıb qurumuş ağaca mismarlanmış poçt qutusuna yaxınlaşdı. Barmaqları əsə-əsə qutunun üstünə toxundu. Soyuq dəmirin altında isti xatirələri yatırdı. Uşaqlıq illərində hər gün məktəbdən qaçaraq ilk baxdığı yer bu qutu olardı. Bəzən atasına məktub gələrdi. Bəzən əsgərlikdə olan əmisi oğlundan xəbər. Bəzən heç nə olmazdı. Amma ümid həmişə olardı. Bu poçt qutusu xəbərlərin yox, gözləntilərin qutusu idi.
Kamil həkim çiynindən asdığı əl çantasını açdı. Həkim reseptləri yazdığı balaca cib dəftərini çıxartdı. Dəftərdən bir vərəqi ehmalca qopartdı. Qələmi əlinə aldı. Uzun müddət yazmadı. Çünki bəzi sözlər qələmdən əvvəl ürəkdən keçir. Qələmin ucu vərəqə toxundu. Amma sözlər gəlmədi. O, həkim işlədiyi uzun illər ərzində neçə-neçə insanın ölüm kağızına məyus halda imza atmışdı. O, neçə-neçə gəncin sağlamlıq kağızını böyük sevinc hissi ilə yazmışdı. Lakin o möhkəm əllər indi titrəyirdi. Çünki bu dəfə yazacağı xəstəlik kağızı deyildi, resept deyildi. Çünki bu dəfə dərmanı olmayan bir ağrının adını yazırdı. Çox həyacanlı idi. Kamil həkim bir an sonra əlləri əsə-əsə aramla yazmağa başladı.
"Əziz ata... Əziz ana...
Bu məktub sizə otuz beş il gecikir. Mən uzun həsrətdən sonra bu gün yurdumuza gəldim. Evimizi tapa bilmədim. Amma ünvanı itirməmişəm. Uçulub yerdə qalan evimizin daşları məni tanıdı. Torpaq da ayaqlarımı bağrına basdı. Külək də adımı pıçıldadı. Sizin səsiniz hələ də bu həyətdə yaşayır. Bağışlayın ki, həyətimizdə bitən ağacları qoruya bilməmişəm. Bağışlayın ki, qapımızı bağlaya bilməmişəm. Amma bir şeyi qorumuşam... Sizin mənə öyrətdiyiniz Vətən sevgisini. İnanın, bu torpaq yenə nəfəs alacaq. Burada yenə ocaq tüstüsü qalxacaq. Yenə uşaqlar qaçacaq. Yenə bu qapıya poçtalyon gələcək. Bəlkə onda bu qutuya ilk məktubu nəvələrimiz atacaq. Mən isə o günü görsəm də, görməsəm də, bilirəm ki, həyat viranəlikdən güclüdür. Nə vaxtsa yaxın müddətdə bu xarabalığın yerində evimiz ucalacaq. İnanın mənə, ucalacaq!
Sizi sevən və heç vaxt unutmayan oğlunuz — Kamil."
Vərəqi dörd qatladı. Kamil həkim qutunun qapağını açmaq istədi. Açılmadı. Pas petlələri daş kimi bərkitmişdi. O, ehmalca cibindən dəsmalını çıxartdı. Qutunun üstündə yığılmış illərin tozunu ehtiyatla silməyə başladı. Elə bil ömrünün otuz beş ilini silirdi. Barmaqlarının altında pas deyil, zaman ovulurdu. Sonra poçt qutusunun qapağını ehtiyatla açdı. Paslı qapaq cırıltıyla dilləndi. Elə bil otuz beş ilin susqunluğu qırıldı. Məktubu içəri qoydu. Qapağı bağladı. Heç kim danışmırdı. Hamının gözləri dolmuşdu. Bir nəfər sakitcə soruşdu:
— Həkim, bu məktub ünvanına çatacaqmı?
Kamil həkim gözlərini poçt qutusundan ayırmadan cavab verdi:
— Bəzi məktubların ünvanı olmur. Dünyada elə ünvanlar var ki, poçt onları xəritələrdə tapa bilmir. Ünvansız ünvanlara məktubları insanın duası aparır. Həmin ünvanlar insanın doğulduğu torpaq, torpağın üzərindəki göylər, poçtalyonu isə külək olur.
Elə bu an külək qalxdı. Qurumuş ağacın nazik budaqları yavaşca tərpəndi. Sanki görünməyən bir əl poçt qutusunu ehmalca sığalladı. Kamil həkim başını qaldırdı. İllər boyu sinəsində daşıdığı yükün bir hissəsi elə oradaca, həmin paslı qutunun içində qaldı. Çünki o, bu gün təkcə “evinə” qayıtmamışdı. O, bu gün həm də uşaqlığına baş çəkmişdi. Və anlayırdı ki, ev bəzən divarlardan ibarət olmur. Ev səni ömrün boyu gözləyən bir ovuc torpaq, paslı bir poçt qutusu və heç vaxt ölməyən xatirələrdir.
O, geri dönəndə kənd yenə səssiz idi. Amma bu səssizlik artıq kimsəsizliyin deyil, qayıdışın sükutu idi. Çünki həmin gün Alıqulu kəndinə yalnız bir ürək həkimi gəlməmişdi. Otuz beş il əvvəl həsrətlə yaşamış bir oğul da ata yurduna dönmüşdü.
ARİF ƏRŞAD

Xəbəri paylaş
Digər xəbərlər
17-03-2022, 16:52
Yeni seçici siyahıları hazırlanacaq
28-12-2021, 17:52
“İndi restoranların iş saatının uzadılması real deyil”
6-11-2020, 15:50
Peskov Putinin xəstəliyi və istefa planları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
1-12-2020, 14:02
Qırğızıstan işğaldan azad olunmuş ərazilərə investiya qoya bilər
7-07-2023, 14:36
Albaniya Prezidenti və xanımının şərəfinə rəsmi lanç verildi
26-10-2021, 18:15
Ermənistanda hərbi maşın piyadanı vuraraq öldürüb
10-09-2022, 11:02
Zakir Həsənov təxribatlarla bağlı tapşırıq verdi
5-08-2024, 11:46
Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir - VİDEO
6-02-2022, 08:07
Rusiyanın Ukraynaya hücumu zamanı mümkün qurbanların sayı açıqlayıb

















