Saytımızı qiymətləndirin


 
 

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?
Tarix: 19-09-2026 | Saat: 23:30
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?

 

“Biz və bizim dağlar”... Bu ad ilk baxışda sadəcə bir sənət əsərinin adı təsiri bağışlaya bilər. Xankəndinin girişində ucaldılmış, yaşlı kişi və qadın obrazlarını əks etdirən bu heykəl 1967-ci ildə yaradılıb. Lakin zaman keçdikcə, həmin abidənin mənası onun daşdan, betondan və ya bürüncdən hazırlanmasından çox-çox kənara çıxıb. O, Qarabağ separatizminin simvollarından birinə çevrilib.

Məhz buna görə bu gün əsas sual belə qoyulmalıdır: Azərbaycanın suverenliyinin bərpa olunduğu Xankəndidə separatçı rejimin ideoloji simvolu niyə qalmalıdır?

Bu suala cavab vermək üçün heykəlin sənət əsəri kimi yaradılma tarixindən daha çox, sonrakı onilliklər ərzində ona verilmiş siyasi məna nəzərə alınmalıdır.

Abidə Azərbaycan SSR dövründə, ölkəmizin ərazisində və respublikamızın vəsaiti hesabına ucaldılıb. Onun müəllifi Sarkis Baqdasaryan da həmin dövrdə Azərbaycan SSR vətəndaşı idi. Yəni bu faktın özü heykəlin sonradan təqdim edildiyi kimi, hansısa “xarici” abidə olmadığını göstərir.

Amma məsələ artıq yalnız onun kim tərəfindən və nə vaxt yaradılması deyil.

Məsələ ondadır ki, bu abidədən sonrakı dövrdə Azərbaycana qarşı separatçı ideologiyanın təbliğində istifadə edildi. “Biz və bizim dağlar” obrazı qondarma separatçı qurumun simvollarından birinə çevrildi və onun qondarma gerbində də əks olundu. Beləliklə, sıradan bir monumental əsər siyasi simvola çevrildi.

Tarixdə simvolların gücü az deyil. Bayraqlar, gerblər, abidələr, şüarlar və meydanlar bəzən onlarla kitabın görə bilmədiyi işi görür. Onlar insanlara müəyyən bir siyasi ideyanı, ərazi iddiasını və tarixi təsəvvürü aşılaya bilirlər.

“Biz və bizim dağlar” heykəlinin problemi də məhz buradadır.

Bu heykəl illər boyu Qarabağın Azərbaycandan qoparılması ideyasının vizual elementlərindən biri kimi təqdim olunub. Separatçıların yaratdığı siyasi mifologiyada ona xüsusi məna yüklənib. Bu səbəbdən bu gün həmin abidəyə yalnız “sənət əsəri” kimi baxmaq reallığın bir hissəsini görməmək deməkdir.

Xankəndi artıq separatçı rejimin mərkəzi deyil. Azərbaycanın dövlət bayrağı Xankəndidə dalğalanır. Şəhərdə dövlət strukturları fəaliyyət göstərir. Orada yeni həyat qurulur. Azərbaycan Xankəndini yenidən qurur və gələcəyə baxır.

Belə bir şəraitdə keçmiş separatçı rejimin simvoluna çevrilmiş bir abidənin şəhərin girişində qalması ən azı ciddi sual doğurur.

Bəziləri deyə bilər ki, “heykəl 1967-ci ildə Azərbaycan SSR-in hesabına tikilib, ona görə də onu sökmək olmaz”. Bu arqument müəyyən mənada doğrudur. Ancaq burada bir məqamı unutmaq olmaz: abidənin ilkin yaradılma məqsədi ilə sonradan qazandığı siyasi funksiya eyni şey deyil.

Bir abidə bir vaxt başqa məna daşıya, sonradan isə tamamilə başqa ideologiyanın rəmzinə çevrilə bilər.

Azərbaycan üçün Qarabağdakı bir sıra tikililərin və simvolların tarixi baxımdan əhəmiyyəti ola bilər. Amma onların sonradan işğal və separatizm ideologiyasının təbliğat vasitəsinə çevrilməsi həmin obyektlərə münasibəti dəyişir.

Bu səbəbdən “Biz və bizim dağlar” məsələsinə də emosional deyil, dövlətçilik və tarixi yaddaş baxımından yanaşmaq lazımdır.

Məncə, bu abidənin Xankəndinin girişində qalması doğru deyil. Azərbaycan öz şəhərinin girişində separatizmin simvolunu nümayiş etdirməməlidir.

Bu, erməni mədəniyyətinə qarşı münasibət məsələsi də deyil. Ermənilərin mədəni irsi ilə bağlı abidələrin olması başqa məsələdir, Azərbaycanın ərazi bütövlüyünə qarşı separatçı ideologiyanın simvoluna çevrilmiş konkret siyasi rəmzin saxlanılması isə tamam başqa məsələdir.

Azərbaycan Qarabağda mədəni müxtəlifliyi qorumaq istəyirsə, bunu separatizmin simvollarını saxlamaqla deyil, qanun çərçivəsində bütün xalqların mədəni irsinə hörmət göstərməklə edə bilər.

“Biz və bizim dağlar” isə artıq sadəcə iki qocanın heykəli deyil. Onilliklər ərzində ona verilmiş siyasi məna onu başqa bir mərhələyə keçirib.

Bu gün Xankəndidə yeni tarix yazılır. Bu yeni tarixdə Azərbaycanın dövlətçiliyini, suverenliyini və ərazi bütövlüyünü ifadə edən simvollar olmalıdır. Separatçı rejimin siyasi yaddaşını yaşadan simvollar isə şəhərin mərkəzində və girişində dominant mövqedə qalmamalıdır.

Xankəndinin girişində isə başqa bir mesaj verilməlidir.

Bu şəhərin taleyini separatizm yox, Azərbaycan dövlətçiliyi müəyyən edir.

Çünki Qarabağda yeni dövr başlayıb. Yeni dövrün şəhər girişində isə keçmiş separatizmin simvoluna deyil, sülhün, dövlətçiliyin və Azərbaycanın gələcəyinin simvollarına yer olmalıdır.

 

 

Tağı TÜRK



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər