Saytımızı qiymətləndirin


 
 

Türkiyədə nəhəng dələduzluq şəbəkəsi aşkarlandı: 201 nəfər saxlanıldı
Tarix: 19-09-2026 | Saat: 23:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyədə nəhəng dələduzluq şəbəkəsi aşkarlandı: 201 nəfər saxlanıldı

 

Türkiyədə İsraillə əlaqəli olduğu iddia edilən beynəlxalq dələduzluq şəbəkəsinə qarşı keçirilən əməliyyat çərçivəsində 201 nəfər saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb.

İstintaq çərçivəsində ümumilikdə 248 nəfərin adı keçir. Saxlanılanlar arasında 20 xarici ölkənin 45 vətəndaşı, o cümlədən 9 İsrail vətəndaşı var.

Türkiyə hüquq-mühafizə orqanlarının məlumatına görə, şəbəkənin fəaliyyəti nəticəsində vurulan ehtimal olunan zərərin məbləği 3 milyard dolları ötüb.

Araşdırma necə aparılıb?

İstintaq İstanbul Prokurorluğunun koordinasiyası ilə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İstanbul bölməsi və polis tərəfindən aparılıb.

İstintaqın versiyasına görə, 2026-cı ildə aparılan dörd ayrı araşdırma nəticəsində Türkiyədə çağrı mərkəzi adı altında fəaliyyət göstərən və internetdə “forex” və kriptovalyutaya investisiya imkanları təklif edən şirkətlər müəyyən edilib.

Potensial müştərilərə yüksək gəlir vəd olunub. Şəxslər şəxsi məlumatlarını təqdim etdikdən sonra onlarla vətəndaşlıq və dil xüsusiyyətlərinə uyğun olaraq qruplaşdırılmış əməkdaşlar əlaqə saxlayıb.

İstintaq materiallarında bildirilir ki, şəbəkə “Inefex”, “Quantum AI”, “Algo Education” və “Exentral-Int” adlı platformaların adlarından istifadə edib.

Əvvəlcə zərərçəkənlərdən “qeydiyyat haqqı” adı ilə kiçik məbləğ yatırmaları istənilib. Daha sonra isə şəbəkənin daha təcrübəli əməkdaşları onlardan daha böyük məbləğləri xarici bank hesablarına və ya kriptovalyuta cüzdanlarına köçürməyi tələb ediblər.

Müştərilərin daha çox pul yatırmasını təmin etmək üçün saxta investisiya hesablarında gəlir əldə edildiyi göstərilib. Zərərçəkən vəsaiti çıxarmağa cəhd etdikdə isə hesabın bloklandığı bildirilib və blokun açılması və ya vergilərin ödənilməsi adı ilə əlavə pul tələb olunub.

Bundan sonra vəsait geri qaytarılmayıb və zərərçəkənlərlə əlaqə kəsilib.

İşçilərə kod adları və saxta bioqrafiyalar verilib

Prokurorluğun məlumatına görə, şəbəkə müxtəlif ölkələrdə fəaliyyət göstərən saxta çağrı mərkəzlərindən istifadə edib və hədəf ölkələrin saat qurşaqlarına uyğun növbəli işləyib.

İstintaq zamanı əməkdaşların iş qaydaları ilə bağlı maraqlı detallar da üzə çıxıb.

Məlumata görə, müxtəlif dillərdə danışan şəxslər “conversion agent” və “retention agent” kimi işə götürülüb. Onlar bir həftəlik təlim keçib, kod adları alıb və potensial zərərçəkənlərdə etibar yaratmaq üçün özləri haqqında saxta bioqrafiyalar hazırlamalı olublar.

İddialara görə, əməkdaşlar işə qəbul edilməzdən əvvəl poliqraf testindən keçirilib. Onlara həmçinin mobil telefonlarını çağrı mərkəzlərinə gətirmək və ofislərin daxilində ivrit dilində danışmaq qadağan edilib.

Saxlanılanlar arasında azərbaycanlılar da var

Saxlanılan 201 nəfərin 45-i xarici ölkə vətəndaşlarıdır.

Onların arasında 9 İsrail vətəndaşı ilə yanaşı, 11 Pakistan vətəndaşı, Azərbaycan, Suriya, İordaniya, Ukrayna, Tailand, İndoneziya və Mərakeşin hər birindən 2 vətəndaş var.

Qazaxıstan, Filippin, İran, Çin, Livan, Fələstin, Meksika, Misir, Mozambik, Argentina və Banqladeşin isə hər birindən bir nəfər saxlanılıb.

Türkiyə hakimiyyətinin açıqlamalarında saxlanılan 9 İsrail vətəndaşının adları da yer alıb. Bunlar Anton Bihun, Seni Kəen, Hamsa Güneylı, İlker Hason, Karolin Hason, Sami Tovim, Yako Benhabib, Cak Levi və Amid İqaldır.

Onların hazırkı prosessual statusu şübhəli şəxsdir. İstintaq davam edir.

286 ünvanda axtarış aparılıb

İstanbul və Muğla vilayətində 29 şirkət və 44 çağrı mərkəzi ilə əlaqəli 286 ünvanda axtarış keçirilib.

Türkiyənin hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayət fəaliyyəti ilə əlaqəli ola biləcək aktivlər, bank hesabları və kriptovalyuta vəsaitləri müsadirə edilib və ya bloklanıb.

Axtarışda olan digər şübhəlilərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.



Xəbəri paylaş

50 dəfə oxunub.

Digər xəbərlər