Saytımızı qiymətləndirin


 
 

Özünü Stalinə oxşadan komandir – Sovet lideri Fyodorovu şəxsən təltif edib
Tarix: 01-04-2023 | Saat: 13:07
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

1944-cü ilin yanvarın 4-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə cəbhə bölgələrində fərqlənən hərbçilər dövlət mükafatları ilə təltif olunanda İosif Stalin baş qərargah rəisi marşal Aleksandr Vasilevskinin yanına dəvət edib. Sovet lideri cəbhələrdəki vəziyyətlə bağlı marşalın məruzəsini dinlədikdən sonra onu nəyə görə çağırdığını açıqlayıb:

- Aleksandr Mixayloviç, təklif edirəm ki, təltif olunan hərbçilərimizin bir qrupunun mükafatlarını onlara Kremldə təqdim edək. Siz bu məsələyə necə baxırsınız?

- Əlbəttə olar, yoldaş Stalin. Bu həm də onların ruh yüksəkliyinə səbəb olar. Siz dəvət olunanların siyahısını verin, biz onları çağıraq.

- Onda adlar qeyd edilib.

CYlx3t75lGA.jpg (73 KB)

Stalin bir-bir qəhrəman hərbçilərin ad və soyadlarını sayıb. Dördüncü şəxsi isə ad və atasının adı ilə söyləyib – Aleksey Fyodoroviç. Bu cür ardıcıllıq marşalı çaşdırıb:

- Yoldaş Stalin, kimi nəzərdə tutursunuz?

- Necə yəni kimi? Özünü mənə oxşadan bığlı ukraynalını, Aleksey Fyodorovu.

Beləliklə, siyahı tərtib edilib və qəhrəman hərbçilər bir həftədən sonra Kremlə dəvət olunublar.
Stalin qəhrəmanları öz kabinetində qəbul edib və şəxsən özü orden və medalları onların kitelinə taxıb.

Növbə Aleksey Fyodoroviç Fyodorova çatıb. Stalin “Qızıl ulduz”u onu kitelinə sancdıqdan sonra əlini sıxıb:
- Aleksey Fyodoroviç, fürsətdən istifadə edib sizə bir məsələni də demək istəyirəm. Hər bığlı kişi Stalin demək deyil.

t8HiQ4bBjtk.jpg (75 KB)

Fyodorov üçün bu atmaca gözlənilməz olub:

- Əlbəttə, yoldaş Stalin.

Sovet lideri qəhrəmanın tutulduğunu hiss edərək onu cətin vəziyyətdən çıxarıb:

- Amma onu da nəzərinizə çatdırım ki, hər bığlı kişi heç Fyodorov da demək deyil...

Aleksey Fyodorov həm partiya işçisi, həm də hərbçi kimi Stalinin sevimli kadrlarından biri olub.

1901-ci ildə Dnepropetrovskinin Kamenka kəndində anadan olan Fyodorov milliyətcə ukraynalı olub.

1919-1924-cü illərdə hərbi xidmətindən sonra o, dülgər köməkçisi kimi ilk əmək fəaliyyətinə başlayıb. 1927-ci ildə Kommunist Partiyasına qəbul edilib. 1932-ci ildə Çerniqovda tikinti texnikumunu bitirib.
Təhsilini başa vurduqdan sonra Fyodorov fəaliyyətini həmkarlar və partiya orqanlarında davam etdirib. Əvvəlcə Çerniqov vilayəti həmkarlar komitəsində təlimatçı, daha sonra Çerniqov vilayət partiya komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində işləyib.

r2-cs14110.jpg (145 KB)

1930-cu illərin “Böyük təmizlik” prosesində Fyodorov Moskvaya dəvət olunub. Kremldə onu həmin vaxt kompartiyanın mərkəzi komitəsinin rəhbər partiya orqanları şöbəsinin müdiri Georgi Malenkov qəbul edib. Bu görüşdən sonra, 1938-ci ildə Fyodorov Çerniqov vilayət partiya komitəsinin birinci katibi vəzifəsini tutub.

Sovet-alman müharibəsi başlananda Fyodorov birinci katib olmaqla yanaşı, həm də “NKVD”-nin tabeliyində olan Çerniqov-Volınsk partizan birləməsinin komandiri vəzifəsini daşıyıb. Məhz bu vəzifədə olarkən Fyodorovun hərbi qabiıiyyəti, təşkilatçılığı özünü daha qabarıq biruzə verib.

336175582_603992467992725_3797084167961509825_n.jpg (187 KB)

Fyodorovun komandiri olduğu partizan birləşməsindəki 12 dəstədə 5462 döyüşçü almanlara qarşı mübarizə aparıb. Təkcə 1942-ci ilin may ayına qədər bu birləşmə altı minə qədər alman hərbçisini, almanların ələ keçirdikləri və istifadə etdikləri 33 körpünü, düşmənin 5 silah-sursat anbarını, 7 eşelonunu məhv edib. Bu göstəricilərinə görə Fyodorov 1942-ci ildə birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib.

1943-1944-cü ildə Fyodorovun komandiri olduğu partizan birləşməsinin döyüş xəritəsi daha da genişlənib, onlar Belarusiya ərazisində çoxsaylı uğurlu hərbi əməliyyatlar keçiriblər. Ümumilikdə bu dəstənin döyüş kitabına 158 uğurlu hərbi əməliyyat yazılıb. Bütün bunlar Moskvanın diqqətindən yayınmayıb, Fyodorova şəxsi keyfiyyətlərinə, mərdlik və qəhərmanlığına, yüksək təşkilatçılıq bacarığına görə general-mayor tütbəsi verilib.

1944-cü ilin sonunda, qələbəyə bir neçə ay qalmış Fyodorov Xerson vilayət partiya komitəsinə, 1950-ci ildə isə Jitomir vilayət partiya komitəsinə birinci katib seçilib.

336322324_590163329493293_7804105293418063887_n.jpg (54 KB)

1957-ci ildə Nikolay Podqornı Ukraynaya birinci katib vəzifəsinə seçiləndə Fyodorovu Ukraynanın sosial-təminat naziri təyin edib. Qəhrəman partizan 22 il, 1979-cu ilə qədər bu vəzifədə çalışıb.

Təqaüdə çıxdıqdan sonra Fyodorov üç cilddən ibarət memuar yazıb. “Dovjenko” kinostudiyası onun haqqında “Kovel yaxınlığındakı meşələrdə” adlı 3 seriyalı bədii film çəkib.

Ağır müharibə illərini yaşasa da, Aleksey Fyodorov uzun bir ömür sürüb. O, 1989-cu ildə, 88 yaşında vəfat edib. Stalinin sevimli qəhərəmanı Kiyevdə, Baykovo qəbirstanlığında dəfn olunub.

 

İlham Cəmiloğlu,

Musavat.com



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər