Tarix: 01-12-2021 | Saat: 11:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ərşad Hüseynov
Ötən bir il ərzində qışda, yayda və payızda olmaqla Laçının 30-dan artıq kəndinə baş çəkmişəm. Hər kəndi detallı gəzib-dolaşa bilməsəm də, mənim üçün çox maraqlı olan bir məsələni aydınlaşdırmağa çalışmışam. Bildiyimiz kimi, bədnam qonşularımız çox ciddi cəhdlərlə rayonumuzu məskunlaşdırmağa çalışırdılar. Mənə maraqlı idi ki, onlar bunu necə ediblər, kimləri buralara yerləşdiriblər, həmin adamlar nə ilə məşğul olublar və s.
Müşahidələrim nəticəsində maraqlı faktlara rast gəlmişəm.
- 1. Düşmənlər çalışıblar ki, hər yerdə, bütün kəndlərimizdə məskunlaşma aparsınlar. Ona görə də yolu nisbətən rahat olan bütün kəndlərdə məskunlaşmağa cəhd ediblər. Əsas hədəf bütün ərazini əhatə etmək olub. Ona görə də elə kəndlər var ki, cəmi 2-3 ailə məskunlaşıb (məsələn, bizim Mayıs kəndində cəmi 2 evdə yaşayıblar). Mənim qənaətimə əsasən, ən çox məskunlaşdıqları bir neçə kənddə (məsələn, Bozlu, Qarqışlaq, Mişni, Alxaslı, Hoçaz, Pircahan, Ərdəşəvi, Şəlvə, Piçənis, Qorçu və s. kimi kəndlərdə) orta hesabla maksimum 25-30 evdə yaşayış olub. Başqa sözlə, Laçının bütöv bir zonasında (təxminən 15 kənddə) cəmləndikdə uzağı bir kəndin əhalisi qədər adam məskunlaşdırıblar. Hətta Laçın şəhəri də belədir, baxmayaraq ki, magistral yol şəhərin ortasından keçir və oranı məskunlaşdırmaq daha asan idi. Amma Laçında 1992-ci ildə vandalcasına yandırdıqları evlərin demək olar ki, hamısı elə dağılmış vəziyyətdə qalır.
2. Kəndlərimizdə məskunlaşdırma cəhdinin xüsusi proqram əsasında və xüsusi fond hesabına edildiyi aydınca görünür. Özü də bu işi böyük yatırım etmədən icra etməyə çalışıblar. Məsələn, heç bir yolu xüsusi olaraq genişləndirməyiblər, sadəcə olaraq bəzi yollara çınqıl səpiblər ki, palçıq olmasın, dərələrə suyu ötürmək üçün borular qoyublar. Yalnız bəzi yerlərdə su elektrik stansıyalarının tikintisi üçün çay boyu yeni torpaq yol (asfaltsız) çəkiblər. Əksər kəndlərdə bir dənə də yeni ev tikilməyib və bizim camaatın salamat qalan evlərində məskunlaşıblar. Bunun üçün həmin evləri eyni tipdə təmir ediblər (döşəmə və tavanı rəngləyiblər, su və işıq çəkiblər, hamam və sanqovşaq quraşdırıblar, bizdən qalan taxta pəncərələri yenidən boyayıblar, divar kağızı vurublar və s.). Laçının Zabuxdan və Laçın şəhərindən şimala olan bütün kəndlərində cəmisi 15-20 dənə yeni eyni tipli ev və 4-5 inzibati tikili (kiçik məktəblər, bağçalar və s.) tikiblər.
3. Laçın çaylarının hidroenerji resurslarını mənimsəmək üçün xüsusi cəhd ediblər. Çaylarda xeyli kiçik su elektrik satansiyası tikiblər, onların hamısını yüksək gərginlikli elektrik xətləri ilə Qərbi Zəngəzurla birləşdiriblər. Amma rayonu boşaldarkən bütün stansiyaları söküb aparıblar, sadəcə beton konstruksiyalar, bir də yüksək gərginlikli elektrik xətlərinin dayaqları (ankerlər), bəzi yerlərdə həm də naqillər qalıb.
4. Mənim üçün ən maraqlısı orada məskunlaşanların nə ilə məşğul olması idi. Çox təəccübləndim. Bir-iki kənd istisna olmaqla, təsərrüfat fəaliyyəti əlamətləri yox dərəcəsindədir. Bağlarımız, biçənəklərimiz, bostanlarımız, əkin yerlərimiz hamısı meşə və kolluğa çevrilib. O boyda rayon ərazisində yalnız 2-3 yerdə yeni meyvə ağacı əkilməsini gördüm (Qarqışlaqdan aşağı çay kənarında, Pircahan çayında). Bizim bağlarımız sadəcə meşəyə çevrilib. Bağlarımızdakı alma, armud, gilas, gilənar meşə ağaclarının kölgəsində qalıb, həm də bu meyvə ağacları qocalıb, budaqlarının bir qismi çürüyüb. Orada yaşayanlar sadəcə həmin meşə ağaclarını kəsməyi, meyvə ağaclarını budamağı da özlərinə rəva görməyiblər. Demək olar ki, bir lək bostan əkməyiblər. Mal-heyvan saxlayırmışlar (təbii ki, az sayda), amma maraqlısı odur ki, biçənəkləri biçməyiblər. Hər yeri itburnu, alça kolları, çır armud o dərəcə basıb ki, kərənti fırlatmağa 2-3 metr yer yoxdur. Bəzi kəndlərdə (Ağbulaqda, Alxaslıda və s.) arı saxlayıblar, hətta qaçarkən bir neçə arı pətəyini qoyub qaçmışdılar. Qərbi Zəngəzurun erməni kəndlərinə yaxın bəzi kəndlərimizdə (Mirik, Quşçu, Malıbəy, Əhmədli, Minkəndin əkin yerlərində) əkin də əkiblər, amma bu işi Laçında məskunlaşanlar deyil, elə həmin kəndlərin sakinləri etdiyini düşünürəm. Məsələn, Minkənd-Çıraqlı-Qarakeçdi kəndləri arasındakı Qarasuyun düzündə yüzlərlə hektar sahədə əkin olub, hətta qaçmazdan qabaq əkdikləri arpa bu il elə tarlada çürüyüb getdi.
Bir sözlə, Laçına məskunlaşdırılanların əməlli-başlı kənar təminatı olduğu görünür, yoxsa özləri də nəsə təsərrüfat işi ilə məşğul olardılar. Belə başa düşdüm ki, onlara pul və ərzaq da veriblər ki, sadəcə oturun buralarda. Amma analşılan həm də odur ki, onlar çemodan əhvali-ruhiyyəsində olublar, bu yerlərin sahiblərinin gələcəyini düşünüblər.
5. Diqqətimi cəlb edən həm də kəndlərimizə məskunlaşdırılanlar barədə düşmənə məxsus “beyin yuma” işləri oldu. Bir neçə kənddə məktəb təşkil etmişimişlər. Bəziləri sadəcə bizim camaatdan qalan 4-5 otaqlı evdə yerləşmiş həmin məktəblərdə divarlar təbliğat materialları ilə dolu idi: saxta “qəhrəmanlar”ın şəkilləri, xəstə təxəyyülün məhsuslu olan xəritələr şüarlar, başqa cızma-qaralar və s. Deyilənə görə, məskunlaşdırılanlar suriya erməniləri olub. Yəqin ki, onları bir az da erməniləşdirmək gərək imiş. Həm də hərbi hazırlığa ciddi fikir veriblər, görünür, bilirmişlər ki, mühariba qaçılmazdır. Bütün məktəblərdə və hətta bağçalarda hərbi hazırlıqla bağlı plakatlar və yazılar var idi.
6. Kəndlərimiz boşaldılarkən etdikləri vandallıqlar barədə də eşitmisiniz. Sökə bildikləri hər şeyi söküblər. Sökülməyənləri isə maksimum dərəcədə dağıdıblar. Məsələn, divardakı elektrik açarını və yuvasını (vklyuçatel və rozetkanı) çəkiçlə əziblər, naqilləri kəsiblər, kafel və metlaxı da əziblər, apara bilmədikləri, bizdən qalan döşəmə taxtalarını linglə qırıblar, söküb apara bilmədikləri çardaq dəmirlərini linglə deşik-deşik ediblər ki, evin içinə su damsın. Gülməli də olsa, bir dənə də salamat unitaz görmədim: sökə bildiklərini aparmış, sökə bilmədiklərini çilik-çilik etmişdilər. Elektrik transformatorlarının hamısını və kənddaxili elektrik xətlərini söküblər, sökə bilmədiklərini isə yarasız hala salıblar.
Çoxlu sayda qiymətli ağacları kəsib aparıblar. Texnikanın yaxınlaşa bildiyi yerlərdə nəhəng qoz və tut ağaclarını doğrayıb aparıblar. Bəzi yerlərdə sadəcə ziyan vurmaq üçün meyvə ağaclarını kəsiblər.
Yekunda bir daha əmin oldum ki, düşmən dövlət 30 ilə yaxın müddətdə həmin əraziləri özününküləşdirməyə nə qədər çalışsa da, sadəcə bunu bacarmayıb. Təhliletdikdə aydın olur ki, orada məskunlaşdırılanlar bir gün çıxıb gedəcəklərini heç vaxt unutmayıblar.
Ən başlıcası isə odur ki, bu gün Laçında çox ciddi quruculuq və bərpa işləri gedir. Camaatımızın illərdir dözdüyü həsrətə son qoyulmaqdadır. Dövlətimizin və xalqımızın israrı və iradəsi nəticəsində “dəhliz” kimi istifadə edilən zolağın da tezliklə tam nəzarətimizdə olacağına əminəm. Dövlətimizin dəstəyi ilə işgüzar və zəhmətsevər camaatımız Laçının hər yerini gözəl yurda çevirəcək.
Biz bunları heç zaman unutmamalı, bunlardan dərs çıxarmalıyıq. Bu yaşadıqlarımız son 300 illik tariximizdə dəfələrlə təkrar olunub, amma qısa müddət sonra unutmuşuq. Unudandan az sonra isə təkrarını yaşamışıq. Xalq olaraq bir daha belə səhvlər etməyə haqqımız yoxdur.
Allah xalqımızı və dövlətimizi daim var eləsin!
Ordumuza eşq olsun!
Şəhidlərimizin müqəddəs ruhu qarşısında minnətdarlıq hissi ilə baş əyirəm!
Digər xəbərlər