bp korifey bəstəkarımız, görkəmli maarifçi, dramaturq və publisist Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyi ilə bağlı dahi bəstəkarın misilsiz irsinin qorunmasına töhfə olan xüsusi kitablar komplektinin nəşrinə dəstək verib.
Qarabaginfo.az-ın məlumatına görə, bp-dən verilən açıqlamada bildirilib ki, yeni nəşrlər dünən bp-nin Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbirində ictimaiyyətə təqdim olunub. Tədbirdə, həmçinin bəstəkarın şah əsərlərindən ibarət konsert proqramı da yer alıb.
Yeni təqdim olunan nəşrlər bunlardır:
∙ Üzeyir Hacıbəylinin indiyə kimi çap olunmamış əsərlərindən ibarət nəşrlər komplekti (2 kitab);
∙ Bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotoalbom;
∙ Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyi üçün məlumat kitabçası.
“Bu nəşrləri təqdim etmək bizim üçün böyük şərəfdir. Bu, Üzeyir Hacıbəylinin möhtəşəm irsinə və Azərbaycanın milli musiqisinə verdiyi əvəzsiz töhfələrə dərin ehtiramımızın ifadəsidir”, – deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.
Ümumi dəyəri 127 min 560 manat (75 min 35 dollar) olan bu layihə “Azərnəşr” tərəfindən həyata keçirilib. Bu məbləğ yeni nəşrlərin toplanması, hazırlanması və çapını, həmçinin konsert proqramının təşkilini əhatə edir.