Tarix: 25-09-2017 | Saat: 09:34
Bölmə:Gündəm | çapa göndər
Qarabağinfo.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (141-ci say) təqdim edir.
Son vaxtlar istər bəzi həmkarlardan, istərsə də oxuculardan "şou biznesdən yazmağa nə var ki" formasında iradlar eşidirəm, oxuyuram. Doğrusu, oxucunun belə düşünməsinə təəccüblənmədim. Çünki oxucu şou adamlarını ancaq efirdə mələk cildində görür, pərdənin arxasında çıxdığı oyunlardan xəbərsizdir. Amma həmkarlarım hər sənətçinin arxasında milyonçuların, məmurların dayandığını bilə-bilə niyə belə iradlar tuturlar, bilmirəm. Sizi inandırım ki, bir deputatı tənqid etmək, bir qadın sənətçini tənqid etməkdən daha asandır. Çünki bir deputatı tənqid edəndə yalnız özü zəng vurur, narazı qaldığı məqamları deyir. Amma bir qadın sənətçi haqqında iki cümlə tənqid yazırsan, 25 yaşdan 75 yaşa kimi hər növ kişi səsi eşidirsən.
Aygün Kazımova səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib. Səhv etmirəmsə, Aygünün səhnə fəaliyyəti "Bakı payızı-88" müsabiqəsindən başlayıb ki, bu da 29 il edir. Ya hesablayan düz hesablamayıb, ya da təzə hesablamalara görə, 1988-ci ildən indiyə 30 il edir. Eyni metodla mənim jurnalistikada 38 il stajım var. Hə, bu məqama əvvəlcə qeyd etməliydim, yadımdan çıxdı. Sənətçi səhnəyə siqaretlə və açıq-saçıq libaslarda çıxıb. Aydın məsələdir ki, libasların necə olması bir az şəxsi məsələdir. Ancaq siqaretlə səhnəyə çıxmaq xalq artisti adını daşıyan şəxs üçün yolverilməzdir. Həmin konsertdə yeniyetmə qızların, oğlanların olduğunu nəzərə alsaq, bu xəbərin sosial mediada işıqlandırıldığını da üstünə gəlsək, təbii ki, Kazımovanın etdiyi xoş olan bir şey sayılmaz.
Müğənni Nazənin deyib ki, toyların birində bir neçə qadın gəlib onunla şəkil çəkdirmək istəyib. Şəkil çəkdirən ərəfədə bir kişi qadınları itələyib arxadan əlini sənətçinin boynuna dolayıb:
"Şəkil çəkdirmək istədiyini dedi. Çox pis oldum. Bir dəfə də məclisdə oxuduğum yerdə varlı kişi barmağıyla məni yanına çağırdı. Daha sonra aparıcıdan söz göndərdi ki, məni masasına dəvət etdi. Bəzi sənət adamları bu cür hallarla rastlaşanda, normal qəbul edirlər. Pul yığmaq üçün masalara gedirlər".
Nazənin bu əhvalatı müharibədən qayıdan kişinin "almanlara bizi çox incidirdilər. Bir dəfə də "nemes"in biri çörək yediyim yerdə məni vurdu. Elə xətrimə dəydi ki" lətifəsini xatırlatdı. Yəni, həmin kişinin əlini sənətçinin boynuna salmağı o kişinin özündən çox sənətçilərin öz günahıdır. Məsələn, biri deyir ki, oğluma müğənni qız almaram, o biri deyir sənət aləmində on nəfər normal kişi yoxdur. Bu sözləri sənətçilər deyir ha, mən yox. Belə söhbətləri eşidənlər də sənətçilərlə başqa cür davrana bilməzdilər.
Səməd Səmədovun savab işlərlə məşğul olduğunu eşitmişdim. Amma bu qədərini ağlımdan keçirməzdim. Sən demə o, həmkarlarına it bağışlamaqla da məşğul imiş:
"Azı 20 dənə it balalarını bağışlamışam dostlarıma. Və onlar mənə zəng edib təşəkkürlərini bildirirlər. Nadir Qafarzadənin iti balacadır. Mənimki çox böyükdür".
Eşitdiyimə görə, Səməd müəllimin itbağışlama kampaniyası reklam xarakterlidir. Yəni, indilikdə məhsullarını pulsuz paylayır. Sonradan it ferması açacaq. Onsuz da müğənnilikdə yaxşı pul qalmayıb.
İrəvan Dövlət Azərbaycan Dram Teatrında da sular durulmaq bilmir. Direktor İftixar Piriyev yenə teatrın bəzi qadın əməkdaşlarını başına yığıb aktyorlara hədə-qorxu gəlməkdədir. Axır vaxtlar yaxşı hekayələr də yazır. Bildiyimə görə axırıncı hekayəsini şəxsən özünə həsr edibmiş. İstedad başqa şeydi də.
Srağagün Balakəndəyəm. Telefonuma zəng gəldi. Doğrusu, halım da yaxşı deyil, ətrafda da səs-küy var. Soruşdum ki, kimdi? Dedi ki. Damladı. Dedim, Bakıda deyiləm, gələndə danışarıq. Ardınca əlavə etdi ki, Bakıya qayıdan kimi səninlə görüşəcəm. Səbəbi soruşdum. Dedi ki, sosial şəbəkədə status yazmısan və mənə Damlacıq demisən. Şərait imkan vermədi. Amma görüşəndə deyəcəm ki, Məsməni Damla elədiyin bəs deyil, hələ bir mənimlə Damlacıq söhbəti də eləyirsən?
Mətanət İsgəndərlinin qızı toyundamı, yoxsa nişanındamı ağlayıb ki, jurnalistlər getməsələr maşından düşməyəcəm. Rəhmətliyin nəvəsi, adam bu qədər xamlıq eləməz axı. Bunu birinci dəfə nişanlanan qız eləsə, başa düşərəm. Sənin ki bu sahədə, maşallah, göz dəyməsin, əməlli-başlı təcrübən var. Bu ya üçüncü, ya dördüncü nişanındı. Özün də o boyda əməkdar artistin qızısan. Kimdən qorxursan, nədən sıxılırsan?
Əməkdar artist Zöhrə Abdullayeva əla açıqlama verib. Məncə bu açıqlamanı şərh etmək yersizdi. Çünki sözü də deyib, şərhi də edib. O, yaşlı sənətkarlara "Qatarı gedib" deyənləri tənqid edib:
"Bizim yaşımıza çatanda onların faytonu da getmiş olacaq. Biz Şövkət Ələkbərova kimi sənətkar yanında su belə içməyə utanırdıq. Sənətin qatarı getmir. İndi restorandan çıxan müğənnilər elə böyük danışırlar ki... Bizim qəlbimizə dəymək olmaz. Bir neçə ay əvvəl görürəm iki müğənni deyir ki, o, Məmmədbağırla sözünü deyib bitirdi. Onu deyən mənim bircə boğazımdan edə bilsin. İndi bərk gedir, toylara lazımdır. Yəqin onlar toydan sonra da lazım olurlar. O biri deyir, vaxtı qurtarıb. İllərimi sənətə vermişəm. Sizin nə ixtiyarınız var belə deyirsiniz? Hələ də Zeynəb Xanlarovaya günəş kimi baxırıq. Biz pomidoruq çürüyək? Yoxsa qatıq, smetanıq tariximiz keçir? Danışıqlarına fikir versinlər. Düşünsünlər, danışsınlar. Mənim üçün mənfi danışsalar, başqa cür cavab verəcəm".
Bəlkə də yazını oxuya-oxuya çoxlarınız düşündünüz ki, aşıq Ədalətin ölümündən yazmağı unutdu. Qətiyyən! Sadəcə, Mədəniyyət və Turizm Nazirliyinə olan ürək sözlərimi axıra saxlamaq istədim. O boyda Dədə Ədalətə Fəxri Xiyabanda bircə metr yer tapa bilməyən nazirliyə. Əgər Ədalət boyda sənətkar Fəxri Xiyabana layiq deyilsə, bəs kim layiqdir? Ha düşünürəm, yazmağa söz tapmıram. Daha doğrusu, düşündüklərimi bura yazsam, iş gedib məhkəməyə çıxa bilər. Mən də isti aylarda məhkəməyə getməyə ərinirəm. Oktyabr gəlsin, yazaram...
Digər xəbərlər