Saytımızı qiymətləndirin


 
 

Paşinyan Putinə Laçın “dəhlizi”dəki hansı yüksəkliklərdən şikayətləndi?..
Tarix: 24-11-2022 | Saat: 10:27
Bölmə:Karusel / Region | çapa göndər

 

Paşinyan Putinə Laçın “dəhlizi”dəki hansı yüksəkliklərdən şikayətləndi?..
“Bundan sonra da  Azərbaycan elə qətiyyətli mövqe tutmalıdır ki, Putin Paşinyanın Laçın dəhlizi haqda daxili auditoriyaya hesablanmış son çıxışını da qulaqardına vurmağa məcbur olsun...”
Ermənistan baş naziri Nikol Paşinyan KTMT-nin dünən – noyabrın 23-də keçirilmiş sammitindəki çıxışında Laçın dəhlizi hələ də Rusiya sülhməramlılarının tam nəzarəti altında olmamasından şikayətlənib.
Moderator.az xəbər verir ki, bu haqda  “ArmeniaToday” nəşri məlumat yayıb.
 
“İndiyədək Laçın dəhlizi tam olaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin nəzarəti altında deyil və Azərbaycan ordusu Laçın dəhlizində bir neçə mövqeni əlində saxlayır”, - deyə hökumətin mətbuat xidməti Paşinyanın sözlərindən sitat gətirib.
 
Zəruri şərh:
 
Bəs görəsən, Putinin də iştirak etdiyi tədbirdə Paşinyanın dolayısıyla Rusiya hərbi kontingenti tərəfindən nəzarətə götürülməsində təkid etdiyi Laçın dəhlizi ətrafındakı yüksəkliklər hansılardır? Yəqin ki, hörmətli hərbi ekspertlər də bu məsələni araşdıraraq ona ətraflı aydınlıq gətirəcək. Lakin hələlik isti-isti bildiyimiz məlumatları oxuculara çatdırmağı özümüzə borc bilirik... Həm də ona görə ki, ötən iki ildən çox müddətdə Laçın dəhlizi haqda xeyli araşdırmalar aparmışıq...
Əvvəla, xatırladaq ki, Rusiya” sülhməramlı”ları 2022-ci il avqustun sonunda Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərindəki postlarını söküb oradan uzaqlaşsa da, rəsmi dislokasiya xəritələrinə əsasən hələ də Laçın şəhərinin lap yaxınlığı, həmçinin köhnə dəhlizdə olan Ağanus kəndi və keçmiş Şivit kəndi ərazisi də onların nəzarətindədir. Rusiya XİN-in bəyanatından bəlli oldu ki, “sülhməramlı”lar artıq 3-cü aydır ki, istifadədə olan alternativ Laçın yolu ətrafına tam şəkildə 2023-cü il aprelin 1-də yerləşməyi nəzərdə tuturlar. Odur ki, hələ də məsuliyyət zonası xəritələrindən də bəlli olduğu kimi, Laçın şəhəri yaxınlığındakı ərazilərə, o cümlədən Şuşa və Qubadlı istiqamətlərindən rayon mərkəzinə giriş-çıxışa nəzarət edir, hətta dron və ya avtomobillər vasitəsilə patrul xidməti həyata keçirirlər...
 
Əgər Paşinyan yeni dəhliz ətrafındakı yüksəklikləri nəzərdə tutursa, bildiyimizə görə, yəqin ki, söhbət əsasən  2022-ci il avqustun əvvəlindəki “Qisas” əməliyyatı zamanı rəsmən nəzarətə götürüldüyü deyilən Sarıbaba(2295 metr, Şuşa rayonunun ermənilər yaşayan Sarıbaba(yaxud Salatınkənd), Onverst və Turşsu məntəqələrinə yaxındır) eləcə də Laçın rayonun Ağanus kəndi ərazisində Şuşa rayonunun ermənilərin məskunlaşdığı Kiçik Qaladərəsi kəndi yaxınlığında yerləşən Ağdaş(1784m) yüksəkliklərindən gedir. Çünki hər iki yüksəklikdən həm Xankəndindən Ermənistana gedən yeni yola, həm də ermənilər yaşayan kəndlərə nəzarət etmək mümkündür.  Erməni və Rusiya mediasında mütəmadi olaraq Kiçik Qaladərəsi və Sarıbaba kəndlərindəki ermənilərin yaxındakı postlarda Azərbaycan hərbçilərinin dayanmasından əsassız şikayətləri dərc edilir... Bundan əlavə, həm köhnə, həm yeni Xankəndi-Laçın-Gorus yolu ətrafında Mərkiz, Ərəb kəndi yaxınlığındakı  metrlik Pəri çınqılı(1224 m ), Cəddə(1696 m) və Susuzluq(1687m) yüksəklikləri də var. Adları çəkilən və xüsusən də Sarıbaba kəndi yaxınlığındakı eyni adlı və Kiçik Qaladərəsi kəndi yaxınlığındakı Ağdaş yüksəklikləri(orada həm də “Azersel”in rabitə qülləsi yerləşir) heç bir vəchlə Rusiya hərbi kontingentinin nəzarətinə verilə bilməz. Və buna heç bir əsas da yoxdur. Çünki Prezident İlham Əliyev də son çıxışlarında bildirib ki, artıq Laçın “dəhlizi”ndən yox, yolundan(!) söhbət gedə bilər. “Sülhməramlı”lar da yalnız həmin yolda bir neçə müşahidə və nəzarət postu qura bilər. Bundan sonra da Azərbaycan elə qətiyyətli mövqe tutmalıdır ki, Putin Paşinyanın Laçın dəhlizi hada daxili auditoriyaya hesablanmış son çıxışını da qulaqardına vurmağa məcbur olsun...


Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər