Saytımızı qiymətləndirin


 
 

Ermənilər yeni çəkilən Laçın yolundan şəkil YAYDILAR
Tarix: 20-04-2022 | Saat: 15:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənistan mətbuatı Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu ilə bağlı yeni xəbər və fotoşəkil yayıb. Söhbət Ermənistanı Xankəndi ilə birləşdirəcək yeni yoldan gedir.

Qarabaginfo.az-ın məlumatına görə, Ermənistan KİV-ləri Azərbaycan tərəfinin yeni yolda fəal tikinti işlərini sürətlə davam etdirdiyini bildirib.

Qeyd edək ki, bu yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, yeni yol üç il ərzində hazır olmalıdır.

Xəbərlərdən belə məlum olur ki, Laçın şəhərindən yan keçməklə tikilən yeni avtomobil yolunun sürətli inşası ermənilər arasında isterikaya səbəb olub.

İşğalçı dövlətin mediası “Laçın dəhlizi”nə alternativ yolun açılışının bu ilin iyun ayında gözlənildiyini qeyd edib.

Ermənilər yeni yolun açılışından sonra Laçın şəhərinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyindən ciddi şəkildə narahatdırlar. Bu halda 30 ildir Laçın şəhərinin mərkəzində müvəqqəti məskunlaşmış ermənilərin oranı tərk etməsi də gerçəkləşəcək.

Ermənilər xəbər verirlər ki, yeni yol üçün Həkəri çayı üzərindən körpü də salınıb. Qeyd olunur ki, bu körpü Ermənistanın Zəngəzur vilayətindəki Kornidzor kəndindən Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə gedən yolu birləşdirəcək.

Uzunluğu 28 kilometr olan bu yol Laçın rayonunun 6 kəndindən keçəcək.

Ermənistan mətbuatı qeyd edir ki, Azərbaycan tərəfinin Zəngəzurun Xınzırək kəni yaxınlığında - Gorus-Qafan yolunda tikdiyi gömrük-keçid məntəqəsindən keçən və Şuşanın Kiçik Qaladərəsi kəndinədək uzanan yeni yol demək olar ki, hazırdır.


Şuşanın Kiçik Qaladərəsi kəndindəki erməıni icmasının rəhbəri Manvel Sarkisyan “Sputnik Ermənistan”a bildirib ki, azərbaycanlılar təxminən bir aya yaxındır ki, bu yaşayış məntəqəsinin yaxınlığında fəal tikinti işləri aparırlar.
 

Onun sözlərinə görə, Azərbaycan tərəfi Şuşanın Böyük Qaladərəsi kəndi və Xankəndiyə doğru uzanan mövcud avtomobil yolu istiqamətində tikintini sürətlə davam etdirir. Və təxminən bir həftədən sonra həmin yola çatacaqlar. O, may ayına qədər işlərin (magistral yola qoşulma) yekunlaşacağını istisna etməyib.


“Bakının az qala yarısı burada işləyir, hərəsi heç olmasa bir bel götürsə, yol tez tamamlanacaq”, - Sarkisyan təşvişlə bildirib.

Manvel Sarkisyan deyib ki, Rusiya sülhməramlıları hazırda Kiçik Qaladərəsi (ermənilər Xin Şen deyirlər-red.) kəndinin yaxınlığında yerləşir və erməni icmasının təhlükəsizliyini təmin edir, lakin tikinti prosesinə müdaxilə etmir.


Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bu ilin fevralında verdiyi açıqlamada demişdi ki, “Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu bu ilin iyun ayına qədər istifadəyə veriləcək”.

Alternativ yolun iki hərəkət zolaqlı olacağı bildirilir.



Xəbəri paylaş

247 dəfə oxunub.

Digər xəbərlər