Tarix: 03-05-2021 | Saat: 17:43
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Qarabağdakı qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni bir mərhələyə qədəm qoyub”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu bu gün Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, Türkiyə haqq işində qardaşının yanında dayanaraq hər cür dəstəyi verib və bundan sonra da tərəddüd etmədən Azərbaycanın yanında olmağa və dəstəkləməyə davam edəcək: “Bundan sonra qardaşlıq əlaqələri güclənəcək və bu qələbə ilə yeni körpülər inşa ediləcək. Azərbaycan xalqı hər zaman yanında qaya kimi möhkəm dayanan bir qardaşa sahib olduğunu gördü və əmin oldu”. Bağçının sözlərinə görə, tarixi abidələrin, mədəniyyət ocaqlarının, müqəddəs yerlərin və əmlakların ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi insanlıq adına cinayətdir: “Türkiyə Qarabağın sürətli inkişafı üçün yenidən qurulmasında, insanların yerləşdirilməsində və tərəqqisində dəstəyini verəcək. Türkiyə min illərdir sivilizasiyaların beşiyi olan Qarabağın yenidən möhtəşəm bir mədəniyyət mərkəzinə çevrilməsi üçün bütün təcrübə və imkanları ilə dəstək verməyə hazırdır. Yurdlarından ayrı düşən azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq, torpaqları çiçəklənəcək, Qarabağ inkişaf edəcək. Qafqazın incisi Şuşanın və azad olan bütün Qarabağın tezliklə Türk dünyasının ən gözəl yurdlarından biri olması üçün bütün gücümüzlə əl-ələ verərək çalışacağıq”.
Türkiyə səfiri qeyd edib ki, əsas məqsəd ölkələr arasında əlaqələri siyasi, iqtisadi və mədəni sahə başda olmaqla, bütün sahələrdə dərinləşdirmək və artırmaqdır: “Dövlətimiz və millətimizin maraqları naminə dostluqları daha güclü edəcəyik. Biz gələcəyi daha yaxşı görürük. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın dünyada başqa bir nümunəsi yoxdur. Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid oldu. Vəzifəmiz dostluq və qardaşlıq mayası ilə yoğrulmuş bu əlaqələrin və əməkdaşlığın səviyyəsini daha da yüksəltmək, bölgədə və dünyada güclü olmalarına töhfə verməkdir. Birlikdən qüvvət doğar. Səylərimiz birlik və dirilik üçün olacaq. Biz “gücümüzün birliyimizdə, birliyimizin gücümüzdə” olduğuna inanırıq. Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək. Bizim vəzifəmiz iki qardaş xalqın əbədi olaraq bir bədəndə döyünən tək ürək kimi olmasını təmin etməkdir”.
Digər xəbərlər