Saytımızı qiymətləndirin


 
 

Prezident seçkilərindən ötən bir il: uğurlu sosial islahatlar, vətəndaş rifahına xidmət edən inqilabi addımlar
Tarix: 10-04-2019 | Saat: 11:35
Bölmə:Manşet / Karusel | çapa göndər

 

Azərbaycanda 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərindən artıq bir il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərdə növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbəyə nail olması ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımların atılması ilə xarakterik yeni uğurlu islahatlar mərhələsinə keçidə təminat vermiş oldu.

"Qarabaginfo"nun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib.

Bu mühüm məqam isə Prezident İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir.

Seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu.

Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi (bunun üçün 135 milyon manat vəsait ayrılıb) nəzərdə tutulub. Ötən ilin noyabrın əvvəllərindən bu günədək onlardan artıq 6200-ə yaxın şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. 2019-cu il ərzində digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin ediləcəklər.

 

Ümumilikdə seçkilərdən sonrakı dövrdə - Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2018-ci ilin 1 avqust tarixində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni mənzillərin təqdim olunması tədbirində iştirak etmələri, həmçinin 2019-cu il yanvarın 28-də şəhid ailələri ilə görüş keçirmələri bu kateqoriyalardan olan vətəndaşlara yüksək səviyyədə qayğının, hörmət və ehtiramın növbəti əməli təsdiqi oldu. Mənzillərin təqdim olunması tədbirindən bir gün sonra dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq 20 milyon manat vəsait ayrılmasına dair Sərəncam imzaladı. Nəticədə 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edildi və bu vaxta qədər mənzillə təmin edilənlərin sayı 6 654 -ə çatdı.

 

28 yanvar 2019-cu il tarixli Sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrıldı. 2019-cu ildə azı 800 mənzil həmin insanlara təqdim ediləcək. Eləcə də 18 mart 2019-cu il tarixli Sərəncamla müharibə əlillərinin minik avtomobilləri ilə təminatı üçün 5 milyon manat ayrılması 2019-cu ildə əlavə 400-dən artıq avtomobil alınmasına, nəticədə bu il müharibə əlillərinə nəzərdə tutulandan 3 dəfə çox, yəni 600-dək avtomobil verilməsinə imkan yaradır. Qeyd edək ki, müharibə əlillərinə ötən il 265 avtomobil, bu vaxta qədər isə 6 144 avtomobil verilib.

Şəhid ailələri ilə görüşdə şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin onun fəaliyyətində daim prioritet təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev bundan iki gün sonra imzaladığı 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün 242 manatdan 300 manata, eləcə də Əfqanıstanda şəhid olanların ailələri üçün Prezident təqaüdünün 21 fevral 2019-cu il tarixli Fərmanla 220 manatdan 300 manata çatdırılması ilə davam etdi.

 

“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb.

 

Prezidentin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addım oldu. Pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqlarının elə pensiya yaşı çatan gün reallaşdırılaraq özlərinə də bu barədə e-qaydada məlumat göndərilməsinə imkan yarandı.

Həmin islahat tədbiri fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajının avtomatik hesablanmasına, beləliklə, minlərlə insanın pensiya təminatı sistemi ilə əhatə olunmasına şərait yaratdı. Bu da məhz Prezident İlham Əliyevin yaşlı əhaliyə humanist yanaşmasının, onlara qayğıkeş münasibətinin daha bir nəticəsidir.

7 fevral 2019-cu il tarixli Sərəncamla pensiyalar əvvəlki ilin orta aylıq nominal əməkhaqqının artım göstəricisinə uyğun indeksləşdirilərək artırıldı.

Dövlət başçısının təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi fevralın 19-da Milli Məclisdə qəbul edildi. Prezident tərəfindən 27 fevral 2019-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncam imzalandı. Bununla da minimum pensiya məbləğinin martın 1-dən orta hesabla 40 faiz artırılması pensiya təminatında ciddi irəliləyişə imkan verdi. 233 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma səbəb olan və həmin artımların edilməsi üçün illik əlavə 49 milyon manatın ayrılmasını nəzərdə tutan bu mühüm addım nəticəsində Azərbaycan alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə minimum pensiyanın məbləğinə görə artıq MDB məkanında ilk iki yeri bölüşür. Həmçinin bununla minimum pensiya məbləği ölkəmizdə pensiyaçılar üçün müəyyən olunan yaşayış minimumunu (149 manat) 7,3 faiz üstələyir.

 

Prezident İlham Əliyevin sosial islahatlar paketinin daha bir uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması oldu. 600 min (o cümlədən dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min) işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon manat əlavə vəsait ayrılacaq. Minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasına imkan verən bu artım eyni zamanda qeyri-rəsmi əmək münasibətlərinin də leqallaşdırılmasına öz müsbət təsirini göstərir.

 

Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu.

Sərəncamın icrası üçün əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir.

Eyni zamanda, 2019-cu il 26 fevral tarixli Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 14 fevral 2019-cu il tarixli Sərəncamla 110 minədək tələbənin təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu.

Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasətində prioriet kimi müəyyən edən Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixli Fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial həyatı üçün olduqca mühüm olan, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi.

19 fevral 2019-cu il tarixli Fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafelərinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu.

 

Beləliklə, ötən dövr ərzində Prezident İlham Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi.

 

Qeyd olunanlarla yanaşı, dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına başlanılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan DOST layihəsi ilə əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlər “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik, vətəndaş məmnunluğuna nail olunması prinsipləri əsasında təqdim ediləcək, ölkəmizin sosial xidmətlər sahəsində yeni brendi formalaşacaq. İlk “DOST” mərkəzi yaxın vaxtlarda Bakı şəhərinin Yasamal rayonunda açılacaq. Ümumilikdə 2019-25-ci illərdə Bakı və ölkəmizin regionlarında 31 belə mərkəz yaradılacaq.

Həmçinin, Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqi genişləndirilib. Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə ilk sosial reyestr olan, vətəndaşların onlarla bağlı toplanmış məlumatlara (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) və dövlət sosial xidmətlərinə real vaxt rejimində operativ çıxışına imkan verən “e-sosial” internet portalı, Məşğulluq alt sistemi və s. yaradılıb. Elektron sistemlərin sosial xidmətlər sferasında geniş miqyas alması üçün müvafiq işlər davam etdirilir.

Dövlət başçısının 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən övladlığagötürmə sahəsində ölkəmizdə yeni idarəetmə modeli qurulur. Bu model övladlığa götürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin təmin olunmasının üstünlüyü prinsiplərinə əsaslanır və bu sahədə güclü nəzarəti, həmçinin övladlığagötürmə prosesində çevik və şəffaf proseduru təmin edəcək.

Bütün qeyd edilənlər Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyevin seçkilərdən sonrakı ötən bir ildə reallaşdırdığı uğurlu sosial islahatlar paketinin nailiyyətləri olmaqla, ölkədə sosial inkişaf proseslərinin son bir ildə daha da güclənərək vətəndaş rifahında ciddi müsbət dəyişikliklərə əsas yaratdığını göstərir.



Xəbəri paylaş

550 dəfə oxunub.

Digər xəbərlər
11-10-2021, 12:42 Sabahın hava proqnozu