Saytımızı qiymətləndirin


 
 

Hekayə hekayə içində - Rəna İbrahimova yazır
Tarix: 20-06-2022 | Saat: 16:42
Bölmə:Karusel / Yazar | çapa göndər

Bir 1 nəfər, uzun saç və içəridə şəkili ola bilər
Hekayələr yaşanar, yazılar, söylənər amma hər hekayə yaşamaz. Yaşayarsa əfsanə olar, dillərə düşər, əzbər olar. Mən də bu hekayətlərin içində doğulmuşam. Gah nisgillə, gah yumorla xatırlanan hekayələr.
1963-cü ilin yay ayı idi. Kəndin içində cavanlar dəstə-dəstə gəzib dolanırdılar. Bu cavanlardan biri əsgər gedəcəkdi. Evindən, doğmalarından, elindən iki il uzaqda olacaqdı. Uzaq yolu yaxın edən qanadsız məktublar olacaqdı. Onun ürəyinin yarısını buralarda qoyan daha bir səbəb vardı. Əmisi qızı. Əmisi el-obanın sayılıb seçilən, hörmət, çəki sahibi olan bir şəxs idi. Ağır müharibə illərində o əmi yetim qalmış qardaşı uşaqlarına öz övladı kimi baxdı. Gündən gün, şaxtadan şaxta yandıran ət bədənlərinə köynək, ac qarınlarına çörək oldu. Böyüdülər, ailə qurdular, ev-uşaq sahibi oldular. Əmilərinin yaxşılıqlarını heç vaxt unutmadılar. Hər vasitə ilə bu yaxşılıqlarının əvəzini qaytarmağa çalışırdılar. Böyük qardaşları əmisi qızlarından birini ortancıl qardaşa alacağını məsləhət gördü. O, əsgər getməzdən əvvəl gedib qızı “ad edəcəklərini” biıdirdi. Bu məqsədlə axşam Ağalar kişinin elçi daşının üstündə oturacaqdılar. Onlar çox kiçik bir kənddə yaşayırdılar. O kəndin gəncləri yalın o üzündən bu üzünə aşmış, axşamın düşəcəyini səbirsizliklə gözləyirdilər. Geyinib-kecinib hələ ki, kəndin içində aşağı-yuxarı gəzirdilər. Kiçik qardaş bir qədər özündən razı biri idi. O, başlayıb lovğa-lovğa danışırdı. Bu danışıq kəndin gənclərinin hislərilə oynamaya bilməzdi. Bu gənclərin içində Ağalar kişinin ortancıl qızında gözü olanı vardı. Aralarındakı yaş fərqi iki dəfə böyük idi. Hələ bir neçə il gözləmək lazım idi. İndi isə...indi isə vaxt yox idi. Bu gecə həmin qız başqasına “ad”ediləcəkdi.
Ağalar kişinin ortancıl qızı uzun, qapqara şəvə saçlı, arıq, zərif bir yeniyetmə idi. Oynamaqdan doymaz, hələ də gəlinciklə oynayan, bir az ərköyün, bir az nazlı, yağ yeyib yaxada gəzən bir qız idi. Əlini ağdan qaraya vurmaz, işləri bacılarına gördürərdi. Sanki söz sahibi idi. Sözü geri götürülməzdi. Əmisi oğlu ona yaxınlaşıb “Mən əsgər gedəcəm. Qayıdana qədər məni gözləyərsən? sualına “hə” cavabı versə də dediyini heç özü də anlamırdı. O zəmanənin qızları başqa idi. Gözüaçıq deyildilər. On beş yaşlı bir qızın başqa maraqları vardı. Məktəbdən sonra xalça, palaz toxuyar, tikmələr tikər, ev işlərini analarıyla yarı görərdilər.
Axşam düşürdü. Elçilər artıq mənzil başında idilər. Hər iki kəndin cavanları üzləşdilər, görüşdülər. Mətləb bir daha dəqiqləşib aydınlaşdı. Məsələ ciddi idi. Əsgər gedəcək cavanın qardaşı öz dilinin bəlasına keçmişdi. Onun hər danışığı, atdığı sözlər, replikalar digər dəstə gənclərin səbrlərini daşdırdı. Bu ən çox da Mədətə təsir edirdi. Qanı çox qaralmış, susub bir kənara çəkilmişdi. Bu da dostların gözündən yayınmadı. Nəsə etmək lazım idi. Dostlar bir kənara çəkilib nəsə danışırdıar. Qərarları qəti idi.
-Gedib qızı qaçırdacağıq bu gecə. Bu lovgaların da cavabını layiqincə vermək lazımdı.
Mədət nə baş verdiyini analamırdı.
-Nə qaçırtmaq? Nə qız? Heç bilirsiz nə danışırsınız? Kimin qızından danışdığınızı bilirsiz heç? El içinə çıxa bilmərik.
-Gözləmək olmaz! Səni bu halda görmək çox ağır gəlir bizə. Atlanın!
-Cavanlar atlandılar. Mədət də qeyri-ixtiyari Köhləninə mindi. Ağalar kişinin evinə çatar-çatmaz atdan endilər. İndi gözləmək lazım idi. Yayın sərin, sakit, ulduzlu, aydın bir gecəsi idi. Geniş həyətdə uzununa stol açılıb ətrafında bir dəstə cavan oturmuşdu. Səs-küyləri, danışıqları, hərdən də yüksək gülüşləri ətrafa yayılırdı. Bu oturanlar bu evin öz sakinləri, ”uşaqları” sayılırdılar. Onlara gözün üstə qaşın var deyən olmazdı. Böyüklər, ağsaqqallar elçi gəlsələr belə onlar hər zamankı kimi ərköyün ev sahibləri kimi davranırdılar. Böyüklər evdə oturmuşdular. Məsəl məsəl dalınca, atalar sözləri atalar sözləri dalınca qatarlanıb gedirdi ki, sözün əsl canına, mətləbinə çatsınlar. Ev sahibinin dörd qızı vardı. Onlardan biri azyaşlı idi. Ev sahibəsi isə övlad gözləyir, ikicanlı idi. Digərləri də hələ məktəbə gedirdilər. Elçi vaxtları deyildi. Böyük qızın 17 yaşı belə hələ olmamışdı. Çətin ki, gələnlərin məqsədindən xəbərdar olardı.
Qızlar həyətdə gəzişirdilər. Xısın-xısın danışıb gülürdülər. Öz aləmlərində idilər. Biri-birndən gözəl idilər. Tək deyildilər. Yanlarında başqa qızlar da vardı. Bu onların əmisi qızları idi. Qaranlıqda onların içidən Mədətin istəklisini necə tapmaq olardı axı? Dəstənin ən fəal üzvü Mədətin ən yaxın dostu Zahid bəy idi. Təşkilatçılıq da onun idi. Bir əncam qılacaqdı. O, Mədəti çağırıb istəklisinin hansı olduğunu soruşdu. O isə ən hündür qızı göstərib o olduğunu bildirdi.
Gecənin ahənginə cırcıramaların cırıltısı, qurbağaların qurultusu xüsusi bir rəng qatırdı. Nədənsə Maya qızlardan ayrıldı. Həyətdəki qızılgül kollarına ilişən donunu dartışdırmağa başladı. Tale onu özü kəməndə salmışdı. Qızlar həyətin o başına çatmışdılar. Gənclərin oturduğu stola yaxınlaşdılar. Üstündə dəm çayniki olan samovar buxarlanırdı. Stolun üstü naz-nemətlərlə aşıb-daşırdı.
Maya donun ətəyini nə qədər dartırdısa da o biri tərəfi yenidən ilişirdi. Zahid bəy cavanlara işarə etdi. Qaranlıqda qara quzğun kimi bir neçə cavan qızı hop götürdülər. Nə səsini, nə cınqırını çıxarda, nə də gözünü belə aça bildi. Huşunu itirdi.
Qızlar birdən yuxudan ayılan kimi oldular sanki. Bacıları yanlarında yox idi. Çağırdılar. Hay vermədi. Bütün kolların diblərini axtardılar. Yağlı əppək olub göyə çəkilmişdi elə bil. Qışqırmağa, səs salmağa başladılar. Evdəkilər də səsə çıxdılar. Hərə bir yana qaçdı. Görən olmadı. Ata  başını sıxırdı. Qanı çox qaralmış, hiddətindən qan tuluğuna dönmüşdü. Ömür-gün yoldaşına baxdı çəp-çəp. Onun qorxudan əsən bədənini, alacalanmış gözlərini görəndə ürəyi yandı. Axı onun nə günahı vardı? Gələn elçilər suyu süzülə-süzülə əliboş geri qayıtdılar.
Maya gözlərini açanda yad bir yerdə olduğunu gördü. Qorxdu, ağladı, qışqırdı. Onu tutdular. Bədəni sızlayırdı. Qollarında əl izləri vardı. Evə getmək istədiyini desə də sözünə məhəl qoyan yox idi. Bir azdan bir gənc qadın gəldi. Onu tanıdı. Bu Sənəm idi. Bir neçə gün əvvəl onlara çörək bişirməyə gəlmişdi. Axı yaxın qohum idilər. Anasıyla söhbətində Mədətdən danışırdı tez-tez. Söz əsnasında “Qardaşıma elə qız alacağam ki, başın vurub çörəyini əlindən ala bilək” deyib gülmüşdü.
-Deyirlər yaman ərköyünsən. İpə-sapa yatmırsan. Sən daha heç yerə gedə bilməzsən. Mən gəlmişəm səni öz evimizə aparam.
Dünya başına dar gəldi, yer-göy uçdu altında qaldı. Həyatının sonu gəlmişdi. Bir zərif həddi-buluğa çatmamış qız nə edə bilərdi? Taleyə boyun əyməkdən başqa. Yox! Əsla! Təslim olmayacaq!
Onu evə gətirdilər. Öz evlərinin damı buradan görünürdü. Kövrəlib için-için ağladı. Uşaq ağlı nələrsə deyirdi amma hələ tam anlamır, başa düşmürdü nə olacağını. Mədətin anası onu görəndə qabağına yüyürdü:
- Lap kukladı ki bu. Gəlin deyil.
Mədət içəri girdi. Başını yuxarı qaldırmağa cəsarət etmədi.
Yaşı az olduğundan neçə ay gözləməli oldular. Nigaha yaşı çatmırdı. Ağalar kişi qızının qaçırılması ilə heç cürə barışa bilmirdi. Ona qarşı öz qohumlarından belə hörmətsizlik heç cür bağışlanılan hərəkət deyildi. Qapısına hər gün neçə ağsaqqal gedirdi. Barışıqdan söhbət belə gedə bilməzdi. Adlı-sanlı adamları dayanmadan onun qapısına göndərirdilər. Əlacsız qalıb böyük bacısının təvəllüdü ilə Mayaya nigah kəsdirməli oldular.
Maya hələ də uşaq kimi düşünürdü. Qaçmaq fikri başından çıxmırdı. Hər gecə Mədətin ata-anası çarpayılarını qapının ağzına çəkib gətirərdilər ki, o qapını açıb qaça bilməsin! Bir dəfə Maya səhəngi götürüb bulağa endi. Səhəngi dolmağa qoyar-qoymaz ətrafa göz gəzdirdi. Heç kəs yox idi. Ayağındakı çəkələkləri soyunub qoltuğuna qoydu. Ona elə gəlirdi ki, ayaqyalın qaçsa onu heç kəs eşitməz, duymaz, görməz. Asta-asta otların arasıyla meşəyə tərəf getdi. Onu heç kimin görmədiyinə əmin olub üz qoydu qaçmağa. Elə bu zaman Sənəmin balaca oğlu hay salmağa başladı:
- Gəlin qaçır, qoymayın!
Hamı Mayanın arxasınca qaçıb tutub evə gətirdilər.
Beləcə qaçmaq cəhdləri hər dəfə boşa çıxdı. Aylar sonra toy çalındı. Qırmızı gülüməxmərdən gəlinlik tikildi. Qara dalğalı, uzun hörükləri oturanda ilan kimi sürünürdü. Paltarının rəngi yanaqlarına düşürdü. Bir evin xanımı oldu. Çox çətinliklərlə üz-üzə gəlib yaşamalı oldu. Düşdüyü evdə böyüdü. Səhvləri, yalnışları, düzləri ilə. Öyrəndi hər şeyi körpə yaşından. Həyat müəllimi oldu. Bir evdə 3 qadın ona qaynana oldu. Ana, nənə və müharibəyə gedib qayıtmayan əminin həyat yoldaşı. Bir dəfə ona yorğan verib dedilər:
- Bu yorğanın üzünü tik və sonra sırı! Nə edəcəyini bilmədən yorğanın ağzını tikdi. Bir üzünə sırıq vurdu. Təsadüfən sudan gələn qaynana ilə bibinin söhbətini eşitdi:
-Tamaşa, sən yorganın üzünə hər iki tərəfdən sırıq vurdun?
Yorğanı tikib hazır etmiş kimi yükə qoyan Maya gizlincə yorğanı çıxardıb tez tikdi, hər iki üzünə xırda tikiş-sırıq vurdu. Başa düşdü ki, yorğanın hər iki üzünə bu xırda tikişi vurmasa üz sivrilib çıxacaq. Gizlincə yorğanı yenidən yükə qoydu. Tez böyüyən, tez müdrikləşər. Beləcə ailə-uşaq sahibi oldu. Həyat yoldaşı ömür-gün yoldaşını çox sevdi. Bunu ətrafdakılar hamı bilirdi.
Yaşadıqları müddətdə həyat çox enişli-yoxuşlu oldu. Hər çətinliyə, kasıbkarlığa, var olana öyrəşdilər, sinə gərdilər. Altı övlad sahibi oldular. Bir dəfə televizora baxanda var-dövlətdən söhbət gedirdi. Maya yoldaşına yarızarafatla:
- Bax, var-dövlət belə olar ey! Bəs sən neynədin? Sənin nəyin var?:-deyə soruşdu.
-Mənim var-dövlətim mənim balalarımdı. Ondan böyük nə ola bilər?:- cavabını verdi.
Toylarda hərənin öz havası olardı. Aşıqlara sifariş verəndə də hərənin öz havasını verirdilər. Kənd camaatı bir-birini o qədər gözəl tanıyardı hətta kim hansı havanı oynadığını da bilərdilər. Maya asta-asta, ağır-ağır, xanımyana “Nə qaldı?”, Mədətsə “Yalvara-yalvara”-nı oynayardı. Həyatı boyu öz sevdiyini beləcə əzizlədi, qısqandı da. Yalvara-yalvara bəlkə də könülsüz, 15 yaş özündən kiçik körpə qızı qaçırtdığı üçün üzrxahlıq da elədi. Amma seçimində yanılmadı. O qız ailənin adını-sanını, ləyaqətini qorudu. Çox şeylərə sinə gərdi. Çətin həyat tərzinə layiq olmadan layiqincə dözüb yaşadı. Çox məşhur yazıçılarımızdan birinin qardaşı rayonda həkim işləyirdi. Yaşa dolmuş həkim çox gənc qadının yaşına uyğun olmayan əzablarına, zərif çiyinlərində götürdüyü yükə dözməyib heyfslənirdi:- Qızım, sənin tayların Bakıda bulvarda gəzir, sənsə burda bir uşaqı çiynində,birini belində,birini dişində daşıyırsan” :-deyəndə gülümsünüb keçərdi.
Ailəsini, onun şərəfini hər şeydən üstün tutdu. Çəkdiyi min bir zillətin qarşısında dimdik dayandı.
Bir dəfə səhəngi suda doldurub çiyninə qaldıran zaman qonşu kənddən bir sürücü ondan bir dolça su istədi. Gənc qadın dolçanı doldurub sürücüyə suyu verib yoluna davam etmək istəyəndə gənc, subay oğlan “Sən yaşına yaraşmayan çətinliklə yaşayırsan, körpə yaşında 2 övlad anasısan, özündən də iki dəfə böyük kişi ilə yaşayırsan! Gəl qoşul mənə, uşaqlarını da götür dünyanın harasına istəsən aparım səni. Çıxıb gedək buralardan!”
Bu sözləri eşidən gənc qadın özünü təhqir edilmiş, heysiyyatı tapdanmış kimi hiss etdi. Çox sərt şəkildə:
- Mən nə atamın,nə birgə yaşadığım kişinin adına ləkə gətirib, öz namusumu ayaq altına atmaram! İndi burdan elə gedərsən, bir də səni görməyim!”
Mədət çox qaynar təbiətli, Kür kimi kür, qısqanc, ciddi, bir baxışından nə demək istədiyini bildirən bir insan oldu. Hər hərəkətində dözüm gördü.
Bir dəfə Arif Babayev mahnı oxuyurdu. Ailə televizorun qarşısında maraqla izləyirdi. Musiqi havaları bir-birini əvəz edirdi. Gənc, yaraşıqlı xanəndəyə heyranlıqla baxan Mayanı
“Oduna yanıram on beş yaşından.
Ölürəm a ceyran, a ceyran balam.
Yazığam, a ceyran, a ceyran balam”
sözləri yamanca tutdu. Yoldaşına tərəf çevrilib yırğalanaraq:-Bax, o mənəm”-dedi. Mədət qaşlarını çatıb ciddiliyini qorumağa çalışsa da razı-razı bığaltı gülümsündü. O, həm də diqqətli, qayğıkeş övlad da oldu valideyinlərinin sağlığında. Ahıl yaşında belə ana adı gələndə uşaq kimi hönkürüb ağlayırdı. Uzun-uzun illər nar yemədi. Anası son nəfəsdə nar istəmişdi deyə. Adət-ənənəyə bağlı insan oldu, ailəsinə bağlı olduğu kimi. Gözəl rəvayətçi, keçmişi olduğu kimi göz önündə canlandırmağı bacaran, böyük keçmişi özündə yaşadan bir şəxs oldu. O qədər şirin nəql edərdi söhbətin bitməyini istəməzdi müsahibi. Hər zaman şükür edən şükranlı biri oldu. Bəlkə də bu şükürlər onu yaşatdı, təsəllisi oldu, dərddən dəli olmağa qoymadı. Ahıl yaşında ürəyinə övlad dağı vurdu fələk. Dözdü, dayandı amma yaralandı. Bu yara onu apardı yara sahibinə. “Yaralı dəvə” məsəlini tez-tez xatırlayar, ”Mənim ürəyimi də yarsalar orda yara olduğunu görərlər”;-deyirdi. Çox yaşadı,çox dərd gördü. Cavan qardaş itkisi, ata-ana, ahıl  yaşda daha iki qardaş itkisi, yeganə bacı itkisi, cavan qardaşının nişanəsi, bu dünyada yarı olan qardaş əvəzi gəlininin itgisi ürəyinə “dəvə” boyda yara vurmuşdu.
Evinə heç bir zaman haram tikə gətirmədi. Halal zəhmətli, halal çörəkli, halal niyyətli oldu. Bir dəfə özü bilmədən evə ət gətirir. Əlbəttə pulla alınmış olur. El arasında “alışma” deyirlər. Böyük qızı həmin gecə nənəsigildə toyu olacaq xalasının Bakıdan toy karvanını gözləyən anda elektrik vurur, ölümdən qayıdır. Sonra bilir ki, evə gətirdiyi ət oğurluq heyvanın əti imiş. Sabahısı o əti çölə atır.
Hekayəmin qəhrəmanının hekayətləri bitməz-tükənməz. Yaşadıqca yaşanar, saydıqca sadalanar, yazdıqca yazılar, uzandıqca uzanar. Bir hekayənin sahibi də hekayəyə döndü. Hekayələr içində hekayə yaşayaraq amma bitmədi. O, bizdə davam edir. Bu hekayənin hekayət sahibinin varisi mənim atamdı. Hər hərəkətində bir böyüklük qoyan, şükranlı, ağzı dualı, qədir-qiymət verməyi bacaran, ağ saçlı, ağ saqqalı, nurani bir Ata. Sonuncu magikan! Dünyadan köç etməsi də nurani olan Atam!
Rəna İbrahimova



1194 dəfə oxunub.

Digər xəbərlər
18-02-2018, 10:58 İranda zəlzələ olub
15-10-2021, 10:17 Xəzərdə zəlzələ olub