Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “Türk Şurasına müşahidəçi statusu ilə üzv olmaq istəyən ölkələrin sayı gündən-günə artır”
Tarix: 01-11-2021 | Saat: 13:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğan: “Türk Şurasına müşahidəçi statusu ilə üzv olmaq istəyən ölkələrin sayı gündən-günə artır”

 

“Ölkələrimiz bir tərəfdən çoxmillətli platformalarda vətəndaşlarının haqq və maraqlarını qoruyur, digər tərəfdən də Türk dünyasını bir araya gətirən yeganə təşkilat olan Türk Şurasında həmrəyliyini gücləndirir. Xüsusən son illərdə şahidi olduğumuz hadisələr, ticarətdən nəqliyyata, müdafiədən səhiyyəyə qədər hər sahədə yeni əməkdaşlıq yollarını təkmilləşdirməyin bizim üçün ehtiyacdan daha çox bir məcburiyyət olduğunu göstərib”. 

Qarabaginfo.az “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorlarının Bakıda keçirilən ilk iclasının iştirakçılarına videomüraciətində deyib.

 

12 il əvvəl yaradılan Türk Şurasının birlik və bərabərliyin simvollarından biri olduğunu vurğulayan Ərdoğanın sözlərinə görə, bu müddət ərzində qlobal miqyasda etibarı getdikcə yüksəlir.

 

O qeyd edib ki, Türk Şurası regional bir əməkdaşlıq formatından çıxaraq beynəlxalq təşkilata çevrilib: “Türk Şurası ilə əməkdaşlıq etmək və təşkilata

müşahidəçi statusu ilə üzv olmaq niyyətində olan ölkələrin sayı gündən-günə artır”.

 

Türkiyə dövlət başçısı, bu yaxınlarda İstanbulda Türk Şurası Media Forumunun keçirildiyini xatırladıb: “Forum çərçivəsində aparılan müzakirələrdə güclü və zəif tərəflərimizi təsbit etmək imkanını tapdıq. Ölkələrimizi hədəf alan dezinformasiya kampaniyaları ilə mübarizədə aidiyyəti qurumlarımızın fəaliyyətini artıracaq kritik qərarlar qəbul etdik”.

 

Ərdoğan Media Forumdan dərhal sonra bu gün Bakıda təşkilatın Baş Prokurorlar Şurasının keçirilməsinin qürurverici olduğunu bəyan edib. O əlavə edib ki, terrorizm, qanunsuz miqrasiya, transmilli cinayətlər kimi dövlətləri və onların vətəndaşlarına qarşı təhdidlərin artdığı bir vaxtda Baş prokurorların yeni dialoq platformaları yaratmalarına böyük əhəmiyyət verirlər: “Baş prokurorlar arasında təcrübə və bilgi mübadiləsini artıracaq, əməkdaşlığı çox daha təsirli vəziyyətə gətirəcək bu tarixi addımın bizi hədəflərimizə daha da yaxınlaşdıracağına inanırıq”.(Apa)



Xəbəri paylaş

1352 dəfə oxunub.

Digər xəbərlər