Tarix: 15-10-2021 | Saat: 15:19
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Heydər Əliyev Sarayında II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının açılışına həsr olunan elmi-praktiki konfrans keçirilib.
Sarayın mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, “Dünya vokal ifaçılığı və onun əsasları” mövzusunda elmi – praktiki konfransın aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı ilk olaraq, toplantı iştirakçılarını Vətən müharibəsi şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Daha sonra festivalın ideya müəllifi və bədii rəhbəri, Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək 6 gün davam edəcək festivalın bu ildən artıq beynəlxalq status aldığını və gələcəkdə daha geniş auditoriyanı əhatə edəcəyini bildirib.
R.Qasımov qeyd edib ki, bu da, öz növbəsində klassik musiqinin təbliği sahəsində mühüm yer tutacaq: “Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalın” da ənənəvi olaraq müxtəlif yaş hədlərində olan vokalçıların, həmçinin artıq bu sənətdə öz sözünü demiş peşəkar klassik vokalçıların da ifalarını eşidəcəyik. Festivalda Azərbaycanın və dünyanın məşhur klassik vokal ifaçılarının repertuarından seçilmiş əsərləri, romansları dinləyəcəyik. Bundan əlavə, festival çərçivəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar elan olunan “Nizami Gəncəvi ili” əlaqədar Nizaminin sözlərinə yazılmış romanslar təqdim olunacaq”.
Konfransda vokal sənəti üzrə məruzəçilər dinlənilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova “Azərbaycan vokal sənətinin inkişaf mərhələləri”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Bülbül Azərbaycan vokal sənətinin banisidir”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva “Azərbaycan opera sənətinin inkişafında vokalçıların rolu”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, dosent Məryəm Babayeva “Dünya səhnələrində Azərbaycan vokalçılarının cıxışları”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova “Azərbaycan musiqili komediyaları və vokal ifaçılıq sənəti”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva “Azərbaycan vokal ifaçılığında Xuraman və Fidan Qasımovaların rolu” mövzülarında çıxış ediblər.
Sonda konfrans iştirakçıları “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalında iştirak edən bütün yaradıcı kollektivlərə və iştirakçılara uğurlar arzulayıblar.
Digər xəbərlər