Tarix: 20-08-2021 | Saat: 15:10
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunu təsdiqləyib.
Qarabaginfo.az-ın xəbərinə görə, Qanun 8 fəsil, 23 maddədən ibarətdir.
Sənəddə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.
Sənəddə qeyd edilib ki, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.
Həmçinin enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcəklər.
Ağıllı sayğac - istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.
Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
Digər xəbərlər