Tarix: 23-07-2025 | Saat: 17:26
Bölmə:Karusel / Yazar | çapa göndər
Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışının rezonansı elə tədbirin adının iki ifadəsi ilə eyni mahiyyət kəsb etdi. Həm qlobal miqyasda böyük əks-səda yaratdı, həm də xarici media üçün müzakirəsi günlərlə davam edən mövzular verdi. Xankəndidən səslənən mesajlara Latın Amerikasından Afrikaya, dənizaşırı bölgəsindən Avropanın mərkəzinə, Çindən Kanadayədək planetin bütün bölgələrində istinad olunması, xəbər kimi verilməsi məmləkətimizin nüfuzuna, imicinə mühüm töhfədir. Lakin bu silsilədə baş verən bir hadisə ümumilikdə Azərbaycan miqyasını aşaraq İlham Əliyevin çıxışının qlobal siyasət və informasiya platformasının əsas gündəminə çevrilməsinə səbəb oldu.
Dünyanın “sahibi” olduğunu aşkar deyən və buna heç kəsin şübhəsi olmayan, onun qüdrəti ilə rəqabətə girməyə heç bir dövlətin potenisalı yetməyən fövqəlgüc – ABŞ-nin Prezidenti Azərbaycan Prezidentinin çıxışını öz sosial şəbəkə səhifəsində paylaşdı...
Açıq deyək, hər kəs öncə bu xəbərin “feyk” olduğunu düşündü, dəfələrlə dəqiqləşdirdik, araşdırdıq…
Bəli, etiraf edək, bu, ancaq xəyal edəcəyimiz olay idi.
Çünki D.Trampın sosial şəbəkələrində digər dövlətlərin liderləri ancaq tənqid, bəzən hətta təhqir olunur, gülünc vəziyyətinə salınır, rişxənd edilir, lağa qoyulur. Yəni ABŞ Prezidenti adətən öz həmkarlarını qarşı yumşaq ifadə etsək, çox rəhmsiz və zalım davranır.
Anidən Azərbaycan Prezidentinin fikirlərinə dünyanın “1-ci şəxsi”nin diqqət yetirməsi və bu diqqətini dünya ilə bölüşməyə ehtiyac duyması, ardınca da İlham Əliyevin fikirlərinin, o cümlədən, Xankəndinin, Şuşanın, bu forumun, ən nəhayət, ölkəmizin qlobal gündəmə çıxması nə yeni, nə də köhnə tariximizdə rastlanmayan hadisədir.
Bura Trampın həmişəki ironik münasibəti kontekstində ilk dəfə istisna edərək həmkarına ciddi yanaşmasını əlavə etdikdə isə yaranmış nəticə hər kəsdə heyrət yaradır.
Donald Trampın İlham Əliyevə bu münasibətini beynəlxalq miqyasda tirajlaması onun fəaliyyətində təsadüfi rastlanan, dərindən araşdırsaq, bəlkə də heç rastlanmayan haldır.
İlham Əliyevə, onun şəxsiyyətinə, liderliyinə, diplomatik məharətinə, siyasi müdrikliyinə və uzaqgörənliyinə bu qlobal ali münasibət bütövlükdə Azərbaycanın və 50 milyondan artıq azərbaycanlının uğurudur, qürurudur…
Hələ təsirini “isti-isti” yaşadığımız bu hadisə onilliklər sonrası da ehtiramla xatırlanacaq bir fakt olacaq və Azərbaycanın beynəlxalq nüfuzu mövzusunda daim meyar kimi vurğulanacaq.
Çoxları düşünür: əcaba, Donald Tramp nədən İlham Əliyevə istinad etdi? Bu, iltifatdır, yoxsa siyasi jest? Bu, təsadüfdür, yoxsa ehtiram nümunəsi? Dünyanın “1-ci şəxsi”nin Azərbaycanın birincisinə bu münasibəti nədən qaynaqlanır?
Bir etirafı da edək, ABŞ Prezidenti elə bir zirvədədir ki, barəsində hansısa xoş söz deməklə onu heyrətləndirmək mümkün deyil. Zatən İlham Əliyev də heç D.Tramp barədə xüsusi tərifnamə səsləndirməyib. Sadə sözlərlə həmkarının fəaliyyətinə dair qısa reaksiya verib.
Ancaq dünyada D.Tramp barədə onlarla prezident, Baş nazir indi ard-arda böyük rəğbət, məhəbbət bəyan edir, ona az qala, sitayiş göstərir və bir-birinin bəhsinə bu səmimiyyətsiz riyakarlıqlarının dozasını gündən-günə artırırlar. Özü də onların çoxu ya Trampın qapısından qovulub, ya bu qapıya həsrətdirlər, yaxud da Trampın sanksiya hədələri ilə qarşılaşıblar.
Lakin D.Tramp onun şəxsiyyətinə pərəstiş bəyanatları sələndirən prezidentlərin, Baş nazirlərin bu fikirlərini nəinki paylaşır, heç əhəmiyyət də vermir. Əvəzində isə İlham Əliyevin pafosdan uzaq, hətta deyərdik ki, çox quru bir neçə cümləsini ABŞ, deməli həm də dünya siyasəti üçün vacib məsələ hesab edir.
Axı bunun bir səbəbi olmalıdır?
Əslində səbəblər çoxdur. Məsələn, D.Tramp hesab edir ki, onun barəsində danışmaq üçün mənəvi haqqın olmalıdır. 100-dən artıq ölkənin rəhbərinin bəlağətinə etinasız yanaşan bu fövqəlgüc İlham Əliyevin sıradan adi cümlələrinə əlahiddə önəm verir.
Dünyanı idarə edən və onu qəbul etməyən əzəmətli siyasi sistemə qarşı iki dəfə qalib gəlməyi bacaran, bununla da liderliyinin qlobal qüdrətini hamıya isbat edən D.Tramp üçün görünən odur ki, səmimiyyət ən vacib dəyərdir.
Donald Tramp üçün əsas olan onun haqqında nə deyilməsi deyil, kimin deməsidir!
Əsas olan dünyanın iqtisadi, siyasi nəhənglərinin, fövqəldövlətlərinin başında oturanların onun barəsində söylədikləri iltifat deyil, dünya xəritəsində nöqtə boyda ərazisi olan Azərbaycanın liderinin – ən çətin vaxtlarda sınaqdan çıxmış İlham Əliyevin adi sözləridir!
Donald Tramp bu paylaşımı ilə həm də hər kəsə mesaj verir ki, mən dünəni – birinci prezidentlikdən sonra ikinci dövrədək olan çətin 4 ili, qarşılaşdığım terrorları, haqsızlıqları, məhkəmələri və bütün bu dönəmlərdə təklənməyimi əsla unutmamaşım! Və həyatımın bu tənha, ağır dövrlərində mənə sahib çıxan, dəstəyini bildirən əsl, səmimi, ləyaqətli dostları da unutmuram!
Tramp əslində, İlham Əliyevin adi və quru bir neçə cümləsinin videoyazısını paylaşmayıb, dünya mediasının və məlum fövqəlgüclərin amansız hücumu dövründə Azərbaycan Prezidentinin çəkinmədən verdiyi dəstək mesajlarını unutmadığını bütün dünyaya bəyan edib!
ABŞ Prezidenti seçiləcəyinə heç kəsin inanmadağı dövrdə – ötən ilin yayında İlham Əliyevin verdiyi bəyanatların rezonansıdır son paylaşım…
Hamı ittiham edəndə, yaxud susanda, çəkinmədən danışan liderin – İlham Əliyevin indi adi sözü onun sahibinə verilən dəyərə görə əlahiddə qarşılanır!
Bu prosesdə simvolik bir məqam da var. İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışının paylaşılması onun bir il öncə - II Şuşa Qlobal Media Forumunda səsləndirdiyi açıq dəstəyə Donald Trampın minnətdarlığıdır…
Bir il öncə baş verənləri xatırlayaq. 2024-cü ilin noyabr seçkilərində ABŞ siyasi sistemi amerikalıların “sarsaq qoca” adlandırdığı, özündən, danışığından, hərəkətindən xəbərsiz bir başbəlası marioneti D.Trampa qarşı yenidən prezident kürsüsünə oturtmağa çalışırdı. Dünyanın onlarla ölkəsinin rəhbəri D.Trampın hakimiyyətə gəlməsini “bəşəriyyətə ən böyük təhlükə” kimi səciyyələndirir, amerikalıları bu “səhvə” yol verməməyə çağırırdılar. Hətta Tramp qorxusu qarşısında birləşib K.Harrisi sonradan namizəd elan etdilər və onun qələbəsi üçün hamılıqla səfərbər oldular.
İstisna bir nəfər idi – İlham Əliyev…
2024-cü il, 21 iyul, Şuşa, II Qlobal Media Forumu…
Azərbaycan Prezidenti çıxışının bir hisssəsində qəfil mözunu dəyişərək sabiq amerikalı həmkarını xatırlayır: “Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır”.
Bu fikirlərinin ardınca İlham Əliyevə qarşıdakı seçkilərdə hansı namizədin qalib gəlməsini arzuladığı barədə sual gəlir. “Tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim” – beləliklə, İlham Əliyev D.Trampa açıq dəstəyini verir.
Prezident sonra daha konkret danışır: “Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.
Bəli, bütün Avropa liderləri D.Trampın məğlubiyyətini arzuladıqlarını açıq etiraf edəndə, hətta Fransa Prezidenti Makron onu məsxərəyə qoyanda, MDB və digər Asiya, Afrika ölkələrinin rəhbərləri Bayden-Harris cütlüyünə dəstəyini aşkar bildirəndə, fərqli mövqeyi İlham Əliyev və müəyyən hallarda Macarıstanın Baş Naziri Viktor Orban bəyan edirdi.
Bütün dünyada D.Trampa açıq dəstəyini bildirən 2-3 lider sırasında İlham Əliyev öndə idi!
Yaxud ABŞ siyasi sistemi D.Trampa qarşı terror təşkil edəndə yenə də dünya liderləri arasında ilk və deyəsən, yeganə etirazını bəyan edən məhz İlham Əliyev oldu. Azərbaycan Prezidenti “X” platformasında öz rəsmi səhifəsində kəskin mövqeyini ifadə etdi: “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.
D.Tramp haqsızlığa uğrayanda, hamı ondan üz döndərdi, ancaq İlham Əliyev dəstək oldu…
D.Tramp terrora məruz qalanda, hamı susdu, yalnız İlham Əliyev danışdı…
D.Tramp da onda susdu, indi isə İlham Əliyevə minnətdarlıq jesti ilə danışır…
Bu məqamda zəruri bir haşiyəyə çıxaq. Mütləq əksəriyyətin seçki autsayderi saydığı D.Trampın qələbəsinə İlham Əliyevin inanması siyasi uzaqgörənliyin və müdrikliyin nümunəsi olmaqla bərabər, həm də 2000-ci ilin sentyabrında baş verən bir hadisənin məntiqi davamı idi.
Həmin aylar ABŞ-də gərgin seçki dönəmi idi. Demokratların namizədi Albert Qor bütün sorğuların şəksiz qalibi idi və arxasında böyük siyasi dəstəklə yanaşı, Prezident Bill Klintonun timsalında nəhəng inzibati təsir aparatı vardı. Respublikaçıların namizədi Corc Buşun – 8 il öncəki prezident Corc Buşun oğlunun məğlubiyyəti qaçılmaz sayılırdı. Hər kəs A.Qorun qələbəsinə yüzdə-yüz əmin idi.
İstisna isə yenə də Əliyev idi, bu dəfə Heydər Əliyev…
...Azərbaycan Prezidenti Heydər Əliyev 2000-ci ilin sentyabrın 9-da ABŞ-nin keçmiş prezidenti Corc Buşla görüş üçün Kennibunkport şəhərinə gəlir. “Cənab Prezident, Sizinlə görüşməyi özüm üçün şərəf hesab edirəm. Çox məmnunam ki, dəvətimi qəbul edib mənim görüşümə gəlmisiniz. Cənab Prezident, mənim şəxsi katerimə buyurun. Biz bununla gedəcəyik” - ata Corc Buşun Heydər Əliyevə iltifatı bunlarla yekunlaşmadı, Ulu Öndərə hörmətin nümayişi olaraq malikanəsinin üzərində Azərbaycan bayrağını dalğalandırdı…
Katerlə səyahətlərindəki və sonra malikanədəki söhbətlərin rəsmi xronikada əks olunan məqamları bunlardır: Mövcud və keçmiş prezidentlər havadan, sudan, balıq tutmaqdan, ikitərəfli münasibətlərdən danışırlar.
Amerikanın sabiq dövlət katibi Lari İqlbergerin, milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroftun da (bu şəxslər bir neçə ay sonra ABŞ siyasətinin əsas simaları olacaqdı) iştirak etdiyi qeyri-rəsmi görüşdə Corc Buş yenə də iltifatlarını davam etdirir: “Cənab Prezident, Siz özünüzlə bərabər bizə çox gözəl, günəşli bir gün də gətirmisiniz. Cənab Prezident, bu dəvətimi qəbul edib, evimdə məni ziyarət etməyinizi özüm üçün ən böyük şərəf sayıram. Yenə deyirəm ki, buraya gəlməyinizi mənə göstərdiyiniz böyük şərəf kimi dəyərləndirirəm. Ona görə də Sizə çox böyük təşəkkürümü bildirirəm”.
Rəsmi xronikada oğul Corc Buşun adı cəmi bir dəfə keçir. Ata Buş “Mənim oğlum, Amerika Birləşmiş Ştatları prezidentliyinə indiki namizəd Corc Texasda yaşayır” - deyir. Ancaq geniş söhbətin əlbəttə ki, əsas məğzi məhz oğul Buş idi.
Həmin günlərdə Heydər Əliyevin bu görüşünün oğul Corc Buşa dəstək məqsədi daşıdığı ABŞ-dən ölkəmizə qədər hər yerdə dönə-dönə vurğulandı. Əlbəttə ki, onlar yanılmırdılar. Lakin bu mövzu barədə danışanların mütləq əksəriyyəti Heydər Əliyevin böyük risqə getdiyini və A.Qorun şübhə doğurmayan qələbəsindən sonra Azərbaycana təhlükə yaranacağını iddia edirdilər. İki ay sonra seçki oldu və cəmi 5-6 saata məlum olmalı nəticə yalnız seçkidən sonrakı 7-ci gündə elan edildi.
Qalib Heydər Əliyevin “stavka” etdiyi namizəd və siyasi qüvvə idi…
Əliyevlər müdrikdirlər, öz fəhmlərinə, siyasi hesablamalarına güvənirlər, buna görə də böyük risqə gedirlər, amma qalib gəlirlər…
Heydər Əliyev Corc Buşa, İlham Əliyev isə Donald Trampa dəstəklərində olduğu kimi…
Heydər Əliyevlə ata və oğul Corc Buş münasibətlərindəki kimi, İlham Əliyevlə Donald Tramp əməkdaşlığının əsl mahiyyətini də rəsmi xronikada yazılanlarda, görünənlərdə axtarılmamalıyıq.
Əsl mahiyyət təfərrüatlarda, jestlərdə, detallarda və əlbəttə ki, son paylaşımlardadır…
Unutmayaq, D.Tramp öz siyasətini birmənalı olaraq, sosial şəbəkələr üzərində qurur və fəaliyyətini də bu kontentdə aparır. Bu resurslarda nəyi prioritet sayırsa, nəyə əhəmiyyət verirsə, demək onun üçün və eləcə də ABŞ üçün prioritet də, əhəmiyyətli də məhz o mövzudur…
İlham Əliyev və onun şəxsində Azərbaycan yalnız D.Trampın sosial resurslarında yox, elə siyasətində də, fəaliyyətində də əhəmiyyətlidir…
Bu həqiqətin nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib...
Prezident İlham Əliyevin Xankəndidə səsləndirdiyi “Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir” - fikirlər həm fəaliyyətimizə verilən qiymətdir, həm də medianın üzərinə qoyulan yeni məsuliyyət və etimaddır…
Bu məsuliyyəti və etimadı doğrultmaq isə jurnalist vəzifəsi olmaqla yanaşı, artıq həm də vətəndaşlıq öhdəliyidir…
İlham Əliyev kimi hamımız çalışmalıyıq - Azərbaycan naminə…
Əsas motivasiya isə odur ki, bunun böyük nəticəsi olur…
Trampın vasitəsilə dünyanın gündəminə çıxmaq kimi…
Əməkdar jurnalist İxtiyar Hüseynli
Xüsusi olaraq “Qafqazinfo” üçün
Digər xəbərlər