Saytımızı qiymətləndirin


 
 

AZCON-a daxil olan bu şirkətlər özəlləşdiriləcək - Siyahıda metro da var
Tarix: 03-10-2025 | Saat: 12:49
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

AZCON-a daxil olan bu şirkətlər özəlləşdiriləcək - Siyahıda metro da var 

AZCON-un Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında Asiya İnkişaf Bankının bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüşünə dair paylaşım edib.

"AZCON Holding-ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələrə özəl sektorun cəlb olunması məsələlərini müzakirə etdik. "Hökumət buludu", hava nəqliyyatı, metro, dəmir yolu və avtomobil nəqliyyatı kimi strateji sahələr üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - R.Nəbiyev qeyd edib.                                                                                                        

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, AZCON Holding-ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələr özəl sektorun canlanmasına şərait yaradacaq:

"AZCON-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan şirkətlərdən başqa, "Azərbaycan Hava Yolları", "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", "Bakı Metropoliteni", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı", "Bakı Gəmiqayırma Zavodu" QSC-lər, "BakuBus" MMC daxildir və onların hər biri özəlləşdirməyə açıq olacaq. 
Beləliklə, AZCON-un özəlləşdirmə siyasəti vasitəsilə olduqca böyük spektrdəki dövlət şirkətlərində bu dəyişikliklər xidmətlərin təşkilinə və qiymətlərin formalaşmasına təsir edəcək.  
Ümumiyyətlə, dövlət investisiyalarından istifadənin səmərəliliyinə lazımi nəzarətin olmaması maliyyə gəlirlərini azaldır və optimal iqtisadi modelin həyata keçirilməsinə mane olur. Holdinq strukturunun formalaşdırılması nəzarətin mərkəzləşdirilməsinə və idarəetmə yanaşmalarının standartlaşdırılmasına imkan verəcək ki, bu da şəffaflığın və səmərəliliyin artırılmasına kömək edə bilər". 

Deputat vurğulayıb ki, özəlləşdirməylə sahibkarlığın inkişafı və iqtisadi aktivliyin təmin edilməsinə nail olunacaq:

"Bundan əlavə, iqtisadiyyatda modern yanaşmalar əsasında restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin görülməsi, habelə yeni korporativ idarəetmə alqoritmləri tətbiq etməsi səmərəliyi daha da artıracaq. 
Amma müəyyən sahələr var ki, onların strateji və ya sosial əhəmiyyətinə görə dövlətin iştirakı vacib sayılır. Bəzi sahələrdə, xüsusilə cəmiyyət üçün həyati əhəmiyyət kəsb edən sahələrin fəaliyyətinin dayanmaması və ümumi sabitliyin qorunması baxımından dövlətin iştirakı vacibdir. Bu kontekstdən yanaşsaq, bir çox dövlət müəssisələrinin, xüsusilə maliyyə sektoru, banklar və kommersiya yönümlü şirkətlərin özəlləşdirilməsi məqsədəuyğun sayılır. 
Dünyanın bir çox inkişaf etmiş ölkələrində dövlət şirkətlərinin əhəmiyyətli hissəsi qeyri-özəl sektora aiddir. Ümumiyyətlə, daha effektiv idarəetmə üçün bu cür strukturların özəlləşdirilməsi məqsədəuyğun hesab olunur".



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər