Saytımızı qiymətləndirin


 
 

Kubaniçbek Ömüraliyev: Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır
Tarix: 03-10-2025 | Saat: 16:07
Bölmə:Karusel / Region | çapa göndər

Kubaniçbek Ömüraliyev: Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır

Ortaq türk əlifbası ideyası milli əlifbaları əvəz etmək və ya dövlət səviyyəsində vahid yazı tətbiq etmək niyyəti daşımır.

Bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüraliyev APA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, ortaq türk əlifbası xalqlarımız arasında qarşılıqlı anlaşmanı asanlaşdıran bir təşəbbüsdür.

“Ortaq türk əlifbasına tam keçid mərhələli bir prosesdir, lakin artıq mühüm əsaslar qoyulub. Ortaq türk əlifbası ideyası milli əlifbaları əvəz etmək və ya dövlət səviyyəsində vahid yazı tətbiq etmək niyyəti daşımır. Bu, sadəcə xalqlarımız arasında qarşılıqlı anlaşmanı sadələşdirmək üçün praktiki bir addımdır.

Bu məqsədlə TDT tərəfindən yaradılmış Türk Dünyası Ortaq Əlifba Komissiyası öz işini uğurla başa çatdırıb. Komissiya 2024-cü il 9-11 sentyabr tarixlərində Bakıda Türk Akademiyası və Türk Dil İnstitutu tərəfindən təşkil olunan üçüncü iclasında 34 hərfdən ibarət latın qrafikalı ortaq türk əlifbası layihəsi üzərində razılığa gəlinib.

Təklif edilən əlifbada hər bir hərf türk dillərindəki müxtəlif fonetik səsləri ifadə edir. Ortaq Türk Əlifbasının işlənməsi türk xalqları arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı təşviq etməklə yanaşı, onların dil irsini də qoruyur.

Bu müzakirələrin kökləri Bakıya dayanır - illər öncə burada ziyalılar, filoloqlar və tarixçilər bu konsepsiyanı araşdırıblar. O zaman olduğu kimi, indi də məqsəd eynidir: türk dillərinin bir-birinə daha əlçatan olmasını təmin etmək. Məsələn, səyahətçilərin yol işarələrində rahatlıqla istiqamət tapması və ya ədəbiyyatın türk dövlətləri arasında daha asan anlaşılan olması bu təşəbbüsün birbaşa faydalarındandır”.

Kubaniçbek Ömüraliyev vahid əlifbanı mədəni yaxınlaşma üçün bir vasitə adlandırıb.

“Biz 1926-cı ildə keçirilmiş Bakı Türkologiya Qurultayının 100 illiyini, həmin qurultayın mühüm qərarlarından biri olan ortaq latın əsaslı əlifbanın qəbulunu, 2026-cı ildə Azərbaycanın sədrliyi dövründə bütün Türk Əməkdaşlıq Təşkilatları, xüsusən də Türk Akademiyası ilə daha geniş əməkdaşlıq çərçivəsində qeyd etməyə hazırlaşırıq”, - TDT Baş katibi vurğulayıb.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər